İnsanlara hürriyət, millətlərə istiqlal!

100 milyonluq oğurluqda suçlanan generalın məhkəməsidir

Şahidlər nələri deyir, nələr deyəcəklər?

Fevralın 9-da Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digərilərinin cinayət işi üzrə məhkəmə araşdırmaları davam etdiriləcək. Nizami Məmmədovla yanaşı müttəhimlər kürsüsünə Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə çıxarılıblar.

Musavat.com xəbər verir ki, sonuncu iclasda hərbi hissələrdən birində maliyyə xidmətinin rəisi işləmiş Faiq Zeynalov şahid qismində ifadə vermişdi. 3 hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş şahid demişdi ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən hərbi hissənin şəxsi heyətinə sərf olunması üçün tələb olunan vəsaitdən əlavə xərclər istəyib 

“Mən bu vəsaiti əldə etmək üçün idarəyə yazmışam. Əlavə vəsait istəmişəm. Həmin vəsait də hesabıma köçürülüb. Amma baş idarədə bundan xəbərləri olmayıb”,  - deyə şahid bildirmişdi.

Demişdi ki, 3 hərbi hissədə maliyyə yoxlaması zamanı 629 min manat ziyan müəyyən olunub. Həmin məbləğlə razılaşmayıb. Sənədlər məhv edildiyi üçün məbləğin azaldılması mümkün olmayıb: “Mən özüm ilk hərbi hissədən sənədlərin bir neçəsini tapıb maliyyəçilərə təqdim etdim. Onlar da araşdırandan sonra məbləğin şişirdilmiş hissəsini sildilər”.

Şahid ifadəsinin davamında göstərib ki, işlədiyi ikinci hərbi hissədə ziyan 429 min manat yazılıb: “Bu məbləğlə bağlı sənədləri də taparaq yoxlamanı aparanlara verdim. Sübut edə bildim ki, 60 min manat hərbi hissəyə xərclənib. Araşdırılandan sonra 60 min manat qeyd olunan vəsaitdən çıxarıldı”.

Şahid qeyd edib ki, ikinci hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində olan zaman onun fəaliyyətini Bayram Bayramov yoxlayıb: “Bayram müəllim 2020-ci ilin dekabrında yoxlamaya gəlmişdi. Vətən müharibəsindən yeni çıxmışdıq. Bayram müəllim fəaliyyətimi dərindən yoxlamadı. Ümumilikdə 200 min manat ziyan müəyyən edildi. Bayram müəllimlə gələn yoxlamanı aparanlara 80 min manat verdik. Bayram müəllim özünə çatan pulu götürmədi”.

 

Faiq Zeynalovun sözlərinə görə, 2021-ci ildə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfov, Hüseyn Paşayev və İsmayıl Rəsulzadə hərbi hissəyə təftişə gəliblər: “Onların apardığı təftişdən sonra yeyintini çox çıxarmışdılar. Rafael Xələfov məni Nizami müəllimlə hədələdi və dedi ki, külli miqdarda yeyintiyə yol veribsən, yeyinti çoxdur, terroristsən. Sonda külli miqdarda yeyinti olmasını müəyyən etdilər. Mən 194 min manatlıq vəsaitin xərclənməsi barədə sənəd təqdim etsəm də, nəzərə almadılar. Rafael Xələfov məndən 170 min manat istədi. Sonradan restoranda Rafael Xələfov və Bayram Bayramovla birlikdə görüşdük. Orada çantanın içində 100 min manatı Bayram müəllimin yanında stolun üstünə qoydum. Pul Rafael Xəfəlova çatdı. Daha sonra Bayram müəllim vasitəsilə Rafael Xəfələfova 60 min manat da göndərdim”. 

Şahid deyib ki, sonuncu hərbi hissədə aparılan yoxlama zamanı 6 min 300 manat ziyan müəyyən edilib. Onun sözlərinə görə, ümumilikdə ittihamda göstərilən vəsaitin 130-135 min manatı onun tərəfindən mənimsənilib. Dövlətə vurmuş olduğu ziyanın ödənilməsinə çalışır və yaxın müddətdə bir hissəni ödəyəcək.

Tərəflərin suallarına cavab verən Faiq Zeynalov deyib ki, pulların mənimsənilməsindən hərbi hissə komandirlərinin xəbəri olmayıb: “Düzdür, hərbi hissənin maliyyə vəsaiti ilə bağlı hərbi hissə komandirinə ancaq şəxsi heyətə aid olan vəsaitləri məruzə etmişik. Oğurladığım pulları gizlətmişəm”.

E.MƏMMƏDLİYEV,

“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR