Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın “Vertex Pharmaceuticals” şirkəti tərəfindən hazırlanmış “Zimislecel” adlı yeni terapiya artıq klinik sınaqlarda möcüzəvi nəticələr göstərib.
Musavat.com xəbər verir ki, bu preparat ağır formalı Tip 1 diabet xəstələrinin 83 faizini tam sağaldıb – insulinə olan ehtiyac tamamilə aradan qalxıb!
“Zimislecel” adlı bu yeni metod kök hüceyrələrdən alınan insulin istehsal edən hüceyrələrin orqanizmə infuziya yolu ilə yeridilməsi prinsipinə əsaslanır. Beləliklə, orqanizmin artıq öz insulini yoxdur problemini daxildən və kökdən həll edir.
Bu texnologiya Tip 1 diabetin əsas səbəbi olan beta hüceyrələrinin məhv olmasını əvəzləyir və nəticədə bədənin özü təbii yolla insulin istehsal etməyə başlayır.
- 12 xəstədən 10-u 12 ay sonra xarici insulinə ehtiyac duymayıb;
- Qan şəkəri 70% vaxtda normal səviyyədə qalıb;
- Ciddi hipoglisemiya hadisəsi olmayıb;
- Müalicə yaxşı tolere edilib, yalnız bəzi yüngül yan təsirlər qeydə alınıb.
Bu nəticələr “New England Journal of Medicine” jurnalında dərc edilib və Amerika Diabet Assosiasiyasının konfransında təqdim olunub.
Müalicə hələlik immunosupressiv dərmanların istifadəsini tələb edir – bu isə bəzi xəstələr üçün əlavə risklər yaradır. Üstəlik, tədqiqat zamanı iki xəstənin vəfat etdiyi bildirilir. Ölüm hadisələrinin terapiya ilə birbaşa bağlı olmadığı deyilsə də, əlavə tədqiqatlara ehtiyac duyulur.
Bu müalicə gerçəkləşərsə, bütün dünyada milyonlarla insan insulin iynələrindən azad olacaq. Diabetin səbəb olduğu körlük, iflic, böyrək çatışmazlığı və ürək xəstəlikləri tarixin arxivinə gedə bilər.
“Zimislecel” terapiyası bəşəriyyətin şəkərli diabetə qarşı ilk real qələbəsi kimi tarixə düşə bilər!
Musavat.com
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ