1930-cu ildə onu zorlama faktı ilə ittiham ediblər. Ukraynanın Melitopol şəhərində Təbiətin Mühafizəsi İdarəsində kargüzar işləyən Boris Rodos bu ittihamı sakitliklə qarşılayıb. Məhkəmə prosesində hakimin suallarına isə zarafatla cavab verib:
"Yoldaş hakim, siz çox dərinliyə getməyin. Əgər dərinə getsəniz, dəqiq araşdırma aparsanız, özünüz də biləcəksiniz ki, heç bir zorlama faktı yoxdur. Mən yalnız iş yoldaşımı arxadan qucaqlamışam. Buna görə məni zorlama maddəsi ilə ittiham edirsinizsə, özünüzə problem yaratmış olursunuz. Mən sizi əvvəlcədən xəbərdarlıq edirəm".
Səkkiz gün davam edən məhkəmədən sonra Rodos 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ancaq 3-4 ay keçməmiş o, Moskvanın göstərişi ilə azadlığa buraxılıb.
Maraqlıdır, Rodosu kim və nəyə görə müdafiə edib?
Boris Rodos hələ iyirmi yaşında olarkən “QPU” (1934-cü ildən “NKVD”) orqanları ilə könüllü əməkdaşlıq edib, Ukraynanın ayrı-ayrı şəhərlərində Baş İdarənin tapşırıqlarını yerinə yetirib və öz işinin öhdəsindən yüksək səviyyədə gəlib. Rəsmi iş yeri ayrı-ayrı idarələr olsa da, Rodos agent kimi fəaliyyət göstərib. Bu işin qarşılığında ona pul da ödənilib. Bununla yanaşı, Rodosa “NKVD” orqanlarına rəsmi işə qəbul olunacağı da vəd edilib. Elə bu səbəbdən də Rodos haqqında açılan cinayət işi və məhkəmənin hökmü 3-4 aydan sonra son səhifəsinə qədər ləğv edilib.
Rodos dövlət təhlükəsizliyi orqanlarında xidmətə “Butırka” təcridxanasından başlayıb. Qısa müddət ərzində o, apardığı istintaq işləri ilə ad çıxarıb. Rodos üçün ittiham olunanlardan lazımi ifadə almaq sadə bir məsələ olub. Belə ki, sorğu-sualdan əvvəl o, saxlanılan şəxslərə ağılasığmaz işgəncələr verib və “müştəri”si ilə məhz bu yolla analşıb.
1937-ci ildə “NKVD” komissarı Nikolay Yejovun təşəbbüsü ilə heç bir təhsili olmayan Rodos “NKVD”-nin istintaq idarəsinə müstəntiq təyin edilib. Ona ən ağır və ən mürəkkəb istintaqlar həvalə edilib. Repressiyanın tüğyan etdiyi dövrdə Rodos dövlət məmurlarını çox asanlıqla “xalq düşməni” edib.
Rodos haqqında Mərkəzi Komitəyə, xüsusilə də Stalinə yüzlərlə şikayət məktubu ünvanlanıb. Məsələ o həddə çatıb ki, onun məsələsi sovet liderinin kabinetində müzakirə edilib. Yejov Rodosun “gərgin” fəaliyyəti haqqında Stalinə məruzə edəndə Stalinin reaksiyası maraqlı olub:
“Bu cür məhsuldar əməkdaşlar hələ ki bizə lazımdır...”
Yejov Rodosu rəhbərlik qarşısında müdafiə edəndə, onun fəaliyyətinə yüksək qiymət verəndə ağlına da gəlməyib ki, az sonra özü də Rodosun işgəncələri ilə üzləşəcək. Belə ki, o, 1939-cu ildə həbs olunanda “Suxanovka” türməsində saxlanılıb. Onun istintaqına Rodos da cəlb edilib. Rodosun təcridxanada Yejovla hər görüşü işgəncə ilə başlayıb. Yejov buna etirazını bildirəndə Rodos bu etirazı qəhqəhə ilə qarşılayıb:
"Türmə yaddaşınızı tamamilə korlayıb. Nikolay İvanoviç, tətbiq etdiyiniz metodları nə tez unutmusunuz? “NKVD”də heç nə dəyişməyib. Biz sizin yolunuzu davam edirik".
Rodos Yejovdan sonra “NKVD” rəhbərliyinə gələn Beriya ilə daha tez və daha yaxın münasibət qurub. Beriyanın, həmçinin Stalinin görmək istəmədiklərini məhz Rodos aradan götürüb. Təsadüfi deyil ki, Beriya onu qeyri-rəsmi olaraq “ölüm hökmdarı” adlandırıb.
Zaman-zaman Rodos Beriyanın təqdimatları ilə polkovnik rütbəsinə qədər yüksəlib, ali dövlət mükafatları ilə təltif edilib. Siyasi elitada hamı Rodosu Beriyanın ən yaxın adamı kimi tanıyıb. Hətta Rodosun yaxın zamanlarda “NKVD” komissarının birinci müavini təyin ediləcəyi də istisna edilməyib.
1953-cü ilin hadisələri, Stalinin vəfatı, Beriyanın həbsi Rodosun həyatına faciələr gətirib. O, Beriyanın ən yaxın adamı kimi həbs edilib. Məhkəmə prosesində onun qarşısına “müəllifi” olduğu işgəncə alətlərini, məngənələr, azdan çoxa doğru artan elektrik enerjisi verən cihazlar, armaturdan düzəldilmiş dəyənəklər, oturacağnda dəmir çıxacaqları olan stullar və s. qoyulub. Rodos bu əşyaları göz yaşları ilə seyr edib:
"Bütün bu alətlər mənə məxsusdur. Onlardan istifadə etdiyimə görə təəssüf hissi keçirirəm. Mən sadəcə icraçı idim. Amma indi başa düşürəm ki, Beriyanın oyuncağı olmuşam".
1953-cü ilin Stalindən sonrakı mürəkkəb dövrü isə Rodosun göz yaşlarının səmimiyyətinə inanmayıb. Məhkəmənim hökmü ilə Rodos vətənə xəyanətdə, antisovet fəaliyyətdə, vəzifədən sui-istifadədədə, terrora cəhddə ittiham olunaraq ən ağır cəzauya, güllələnməyə məhkum edilib. Bununla da Beriyanın cəllad komandasının birinin də həyatına son qoyulub...
İlham Cəmiloğlu, Musavat.com