“Son seçkilər nəticəsində Ermənistanın baş naziri Nikol Paşinyan siyasi meyitə çevrilib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın ictimai xadimi, keçmiş deputat Naira Zöhrabyan bildirib.
Onun sözlərinə görə, son seçkilər Ermənistanın müstəqillik tarixində anti-rekordla yadda qalıb, çünki ən aşağı seçici fəallığı qeydə alınıb.
Zöhrabyana görə, seçicilər bununla Paşinyanın “müxalifətçilər asfaltı yeyib, səkiləri yalayacaqlar” sözlərinə cavab vermiş olub.
“Seçkinin nəticəsi artıq kimlərin asfaltı yeyəcəyini göstərdi”, - deyə o söyləyib.
Zöhrabyanın fikrincə, hakim qüvvə səsvermə hüququna malik İrəvan sakinlərinin ümumi sayının sadəcə 9%-dən bir qədər çoxunu qazanıb. Üstəlik, səslərin bu səviyyəsi sırf inzibati resurslardan istifadə etməklə təmin olunub.
“Son seçkilər baş nazir üçün legitimliyin sonu oldu. Bundan sonra Nikol qeyri-legitimdir və buna görə də Ermənistan Respublikası adından danışmaq hüququ yoxdur. Seçkiləri boykot edən 70%-dən çox vətəndaş hakimiyyətə etimadsızlıqlarını ifadə edib”, - deyə Naira Zöhrabyan iddia edib.
Musavat.com