Zibili hara atmalı

Son günlər uca millətimiz və hökumətimiz üçün zibil teması nədənsə çox aktual olmuşdur. Bəlkə sürətlə yaxınlaşan iqlim konfransına görədir. İmpulsu isə Qarabağda turistlərin ora-bura zibil atması vermişdir.

Xalq əməllicə qəzəblənmişdir. Bir politoloq ərz etdi ki, daha geopolitikanın başını buraxır, torba götürüb Yer kürəsini zibildən təmizləyəcəkdir: “Kim mənim Ukrayna savaşı haqda şərhlərimi dinləmək istəsə, Bakıdakı Ukrayna dairəsinə gəlsin, orada xəkəndazla canlı yayım açacağam!”

Siyasi partiyalar bəyanat verdilər: “Zibil qutuları ətrafında birləşərək mübarizə aparacağıq!”

Siyasətə qarışmaq istəməyən laqeyd vətəndaşlar mızıldaşdılar: “Görün bizi zibilə salırsınızmı”.

Hətta kimsə yazmışdı ki, şəhidlərimizin qanı axan torpağa zibil atmaq olmaz. Türkün sözü, “duyğu sümürüsü” idi. Şübhəsiz, yenə o tərəflərdən bir şairin kəlamı ilə söyləsək, “topraqları topraq yapan üstündəki qandır”, ancaq vallah, billah, nəyə inanırsınızsa ona and içərəm ki, Bakıda torpağın sotunu bəzi yerlərdə 10 min manata satırlar. Halbuki burada da az qan axmayıb.

Polis nəfərlərinin reyd keçirməsi, yerə zibil atanların cərimə edilməsi, bu yöndə maarifləndirici propoqanda-filan da müsbət haldır. Məşhur məsəli parafraz eləsək, zibili özbaşına qoysan qutusunu batırar. Bəzən cəzalandırma yeganə tədbir növü, son variant kimi qalır.

Ancaq bütün bu haray-həşir zibillənmiş “Keçəlimizə” dərman olacaqmı? Olmayacaq. Çünki indiki halda problem hansısa axmağın təbiəti çirkləndirməsi deyil. Problem idarəçilikdədir, sistemlidir.

Adi bir sual verirəm: tutalım adam Laçına getdi, orada plastik qabda su içdi. Yaxud Şuşada guya qəmə düçar oldu, bir papiros yandırdı, obrazlı yazsaq, qəm tütəyini qoydu hicran deşiyinə. Bəs o ictimai-siyasi, romantik-bambılı fəaliyyətin son məhsulunu - su qabını və siqaret kötüyünü hara atmalıdır? Ay sağ olasan: zibil qabına! Əlbəttə. Buna şübhəmiz yoxdur. Yeganə düzgün, haqlı üsuldur. Lakin... Bəs sonra? Həmin zibil qabı hara boşaldılacaq? Niyə bu haqda sual verən yoxdur?

Guya Laçının, Şuşanın, Füzulinin və başqa rayonlarımızın zibilləri Bakıya daşınır, buradakı zavodda emal edilir? Yox. Haradasa oralarda yenə təbiətin qoynuna atırlar.

Eh, siz Laçından danışın, o regionda ən böyük şəhərimiz Gəncənin zibil emalı obyekti yoxdur... Bu haqda Avropa Bankı ilə birgə projenin sənəd-sünədi indi, bu dəqiqə Gəncə İcra Hakimiyyətinin saytında durur. Faydası nədir? Heç zad. Özü də Gəncədə zibil zavodu neçənci ildə tikiləcəkdi, bilirsinizmi? 2010-cu ildə. 14 il keçib, Gəncənin zibilləri şəhər ətrafına atılır, guya hansısa açıq hava poliqonu var. Bu “poliqonun” nə demək olduğunu 2012-ci ilə qədərki Bakının sakinləri yaxşı bilir. O zamanlara qədər Balaxanı tərəfdə belə böyük zibillik vardı. Bütün paytaxtın zibili ora daşınırdı, çölə tökülürdü, tüstü, üfunət baş çatladırdı. Külək ordan Bakıya əsəndə paytaxtda nəfəs almaq olmurdu.

Pis çıxmasın, paytaxtın zibil problemini xeyli dərəcədə həll edən o zibil emalı kompleksini Fransanın CNİM şirkəti tikib, “açar-təhvili” prinsipiylə hökumətimizə vermişdi. Fransa ilə dost vaxtlarımız idi, indi münasibətlərin özünün zibili çıxıb.

Bakı ətrafında, xüsusilə Abşeron rayonunun kəndlərində zibil qutuları yoxdur. Yay günləri Görədil, Fatmayı, Mehdiabad tərəflərdən keçin. Yol qırağında zibil “emal edən” - birbaşa tonqal qurub yandıran xidmətçilər görərsiniz. Qutu olmadığı üçün camaat zibilləri darvazadan, hasardan asır. Bəzən küçə heyvanları torbaları cırır, havada kuloklar uçuşur, qarpız qabıqları, uşaq pampersləri, cürbəcür iyrəncliklər bir-birinə qarışır. Görəsən Abşeron rayonunda zibil qutuları qoymaq qadağandırmı?

Yoxsa Görədil müqəddəs sayılmır? 

29.08.2024 08:25
1168