Zeynəb Xanlarovanın bacısı oğlu ilə birgə həbs olunan şəxs azadlığa çıxdı

Türkanda yaşlı qadınların adına "ölüm kağızı" verərək torpaqları qanunsuz ələ keçirməkdə təqsirləndirilən və 3 il 6 ay azadlıqdan məhrum edilən Çingiz Səfərov azadlığa buraxılıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon Məhkəməsində qərar qəbul edilib. Çingiz Səfərov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb.

Qeyd edək ki, Türkan qəsəbə sakinləri - Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.

Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-nin başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı Ç.Səfərov, Qərib Nadirov və D.Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, M.Ağayev, Z.Abdulov və E.Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Təqsirləndirilən R.Babayev 2 il və Ç.Səfərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, M.Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib.

Xatırladaq ki, Daşqın Nəsirov Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın bacısı oğludur.

05.07.2023 00:47
730