Noyabrın 5-də keçiriləcək prezident seçkilərindən sonra rekord sayda varlı ABŞ vətəndaşı iğtişaşlardan qorxaraq bir müddət ölkəni tərk etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Bildirilir ki, varlı ailələrin vəkilləri və köməkçiləri xaricdə uzun müddətli yaşayış təşkil etmək üçün müştərilərindən rekord tələb görürlər. Relokasiya və vətəndaşlıq almaq xidməti üzrə ixtisaslaşan “Henley & Partners” qrupunun icraiyyə komitəsinin üzvü Dominik Volek CNBC-yə deyib: "Biz heç vaxt belə tələb görməmişdik".
Kanadanın “Arton Capital” konsaltinq şirkətinin məlumatlarına istinadla CNBC-nin qeyd etdiyi kimi, ABŞ milyonçularının 53%-i kimin qalib gəlməsindən asılı olmayaraq, seçkilərdən sonra ölkəni tərk etmək istəyərlər. Gənclər arasında bu nisbət daha yüksəkdir: 18-29 yaş arası Amerika milyonçularının 64%-i investisiya üçün qızıl viza almaqda “çox maraqlı olduqlarını” bildiriblər.
Əvvəllər xəbər verildiyi kimi, ABŞ Konqresində Respublikaçılar və Demokratlar partiyalarının nümayəndələri prezident seçkilərindən sonra ölkədə zorakılığın mümkün artımından ehtiyat edirlər.
2021-ci ilin yanvarında Donald Trampın tərəfdarlarının Kapitoli təpəsində yerləşən Konqres binasına hücumu presedent olaraq eyni hadisənin təkrarlana biləcəyi ehtimalını gücləndirir.
Musavat.com