Zəngəzur dəhlizinin açılacağı tarix - ya Ermənistandan, ya da...

“Azərbaycan dəhlizin iqtisadi əsaslı rəqabət meydanına çevrilməsində maraqlıdır, çünki...”

Zəngəzur dəhlizi ətrafında qeyri-müəyyənlik davam edir. Bu da ən çox kapitulyant ölkənin konstruktivliyə yaxın gəlməyən mövqeyi ilə bağlıdır. Təbii ki, məsələyə qardaş Türkiyədə də böyük maraq var. “Turan yolu”nun mühüm seqmenti kimi.   

Bu arada qardaş Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib ki, Zəngəzur dəhlizi 2028-2029-cu illərdə fəaliyyətə başlaya bilər. Onun sözlərinə görə, tezliklə dəhlizlə bağlı qərar veriləcək: “Yaxın vaxtlarda Zəngəzur dəhlizinin hansı ərazidən - Ermənistandan, yoxsa İrandan keçəcəyinə qərar veriləcək. Bu, bizi Türk dünyası ilə birbaşa bağlayacaq bir layihədir. Naxçıvanda artıq xətt (dəmir yolu) var. Birinci mərhələdə o, modernləşdiriləcək, sonra yenidən qurulacaq. Artıq tenderlər elan olunub, amma bu gün başlasaq, təxminən 5 il çəkəcək. Ola bilsin ki, bu xətt 2028-2029-cu illərdə istismara verilsin”.

Dəhliz 2028-ci ilədək açılacaq? Qərb və Rusiyanın məsələdə mövqeyi necədir, dəqiqləşibmi?

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov

Deputat Azər Badamov Ermənistanın dəhliz ifadəsindən qorxduğunu bildirdi: “Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın 9-cu bəndində açıq şəkildə qeyd olunub. Azərbaycan üçün əsas məqsəd Naxçıvana maneəsiz keçidin açılmasıdır. Rusiya üçün isə bu dəhlizə nəzarəti həyata keçirmək maraqlıdır. Ermənistan isə dəhliz ifadəsindən qorxur və yol anlamı ilə marşrutun açılmasına razı olduğunu və bu yola Ermənistan təhlükəsizlik orqanları tərəfindən nəzarət olunmalı olduğunu bildirir. Ermənistan daxilində Zəngəzur dəhlizini Kalininqrad variantı ilə açılmasını da təklif edənlər var. Ölkəmiz üçün Kalininqrad variantı da məqbuldur. Əsas məsələ Naxçıvana yüklərimizi və vətəndaşlarımızı Ermənistan sərhədində yoxlamalara cəlb edilmədən gediş-gəlişinin təmin olunmasıdır. Qərb isə Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmir. Ermənistanda bu gün Zəngəzur dəhlizi ilə bağlı dəqiq planlar yoxdur və ya olsa da açıqlamayıblar. Azərbaycan isə Zəngəzur dəhlizinə alternativ kimi İran ərazisindən yolun çəkilməsi variantı üzərində işləyir. Hətta Araz çayı üzərində kommunikasiyalar tikilir və 19 mayda sərhəddə keçirilən görüşdə İran ərazisindən yol infrastrukturunun  qısa bir zaman kəsiyində çəkilməsi ilə bağlı məsələ müzakirə olunub. Ermənistan sülh danışıqlarında iki ölkə arasında bütün kommunikasiyaların açılması məsələsini gündəmə gətirir. Biz isə kommunikasiyaların açılmasının Zəngəzur dəhlizi ilə paralel baş tutmalı olduğunu bildiririk. Zəngəzur dəhlizinin açılması həm də Türkiyəyə maraqlıdır. Çünki bu dəhliz Türk dünyasını birləşdirəcək. Ona görə də Türkiyənin dövlət başçısı və digər rəsmiləri Zəngəzur dəhlizinin açılmasının alternativinin olmadığını bildirirlər. Ermənistan həm də Türkiyə ilə yolun açılmasına çalışır. Bu baxımdan Ermənistanın yollarının açılması üçün ilk növbədə onlar Zəngəzur dəhlizinin açılmasına razılaşmalıdır. Əks halda, yenə də dünyadan təcrid olunmuş şəkildə qalacaqlar. Bu baxımdan Ermənistanın Zəngəzur dəhlizinin açılmasına yaxın zamanlarda razılaşacağı gözləniləndir”.

Azər Hüseynov:"İlkin mərhələdə bu “Ar(sız)sax”ın Araik deyilən marionetini  iqtisadi qısqaca almalıyıq"

 Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov İranla Azərbaycan arasındakı münasibətlərdə gedən normallaşma prosesindən də söz açdı: “Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bir çox tərəfin maraqlarındadır. O cümlədən Azərbaycanın da maraqları daxilindədir. Məndən soruşan olsa deyərdim ki, hər hansı bir qlobal və ya regional transmilli layihənin Ermənistandan keçməsi potensial təhlükə ifadə edir. Bu, Ermənistana imkan verir ki, tranzit qovşağı halına gəlsin. Eyni zamanda Ermənistanın nəqliyyat infrastrukturu şaxələnə bilir. Ölkəyə mal və xidmətlərin daxil olmasının yollarının artırılması maddi baxımından ölkənin güclənməsi deməkdir. Azərbaycan regional stabillik yolunu seçib. Buna görə də Türkiyə, İran və Rusiya ilə əməkdaşlığı gücləndirir. Paşinyan hər nə qədər Qərb layihəsi olsa da, öz hakimiyyətində ən az qərbçi olandır. Məsələn, orada Alen Simonyan kimi insanlar var. Onlar isə Rusiya ilə arada konfrontasiya yolunu seçirlər. Qərb meylini daha güclü bir şəkildə ifadə edirlər. Bu isə regionda balansı pozur. İranla Azərbaycan arasında ciddi normallaşma prosesi başlayıb. Cənab İlham Əliyevlə mərhum Rəisi arasında son görüş də buna dəlalət edir. Hər iki tərəf də anlayır ki, münasibətlərin dərinləşdirilməsi hər iki tərəfin maraqlarındadır. Türkiyə də region dörd bucaqlısında-Türkiyə-Rusiya-İran-Azərbaycan formatında maraqlıdır. Sonra bu formata Çin və Pakistanın logistik və mal-xidmət baxımından, Qətərin isə maliyyə baxımından qatılması mümkündür. Ona görə əsas xəttin İrandan, bəzi köməkçi arteriyaların isə sülhdən sonra Ermənistandan keçməsi pis olmaz. Zəngəzur dəhlizi Ermənistan üçün bizi və tərəfdaşlarımızı gələcəkdə təhdid edəcək amil olmamalıdır”.

Almaniya, Fransa və Brüssel arasında geniş mübarizə gedir" - Aqşin Kərimov  News 365

 Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimov isə hesab edir ki, Azərbaycan Zəngəzur dəhlizinin rəqabət meydanına çevrilməsində maraqlıdır: “Zəngəzur dəhlizi kimi tanıdığımız layihə Horadizdən başlayır, Ağbəndə qədər çıxır, daha sonra Ermənistan ərazisinə keçir. Azərbaycan hissəsində tikinti, o cümlədən dəmir yolları və avtomobil yollarının çəkilməsi prosesi davam edir. Yəni avtomatik olaraq, bu qədər xərc və investisiya qoyulursa, deməli, Zəngəzur dəhlizinin açılması mənzərəsi də asanlıqla canlanır. Zəngəzur koridoru proyekti həm regional, həm də beynəlxalq cəhətdən əhəmiyyətə malik olduğundan, onun gec-tez işə düşəcəyi ehtimalları güclüdür. Çünki bu layihə regional və qlobal aktorların əlaqələrini, əməkdaşlıq modellərini inkişaf etdirmək, qazanclarını genişləndirmək məkanı kimi çıxış edir. Rusiya da, Qərb də, Çin də Zəngəzur dəhlizinə maraq göstərir, lakin onların məqsəd və motivasiyaları fərqlənir. Problem onda böyüyür ki, Çin Zəngəzur dəhlizinə Orta dəhlizin mühüm seqmenti kimi baxır, bu isə ABŞ, Böyük Britaniya, Hindistan kimi güclərin maraqları ilə ziddiyyət təşkil edir. Üstəlik, Çin iqtisadi portfellərlə paralel olaraq münaqişələrə əlini uzadaraq vasitəçilik missiyasına yiyələnir ki, bununla da həm də geosiyasi məqsədlərini nümayiş etdirir. Pekinin İranla Səudiyyə Ərəbistanını barışdırması, Rusiya-Ukrayna müharibəsindəki vasitəçilik səyləri, HƏMAS-İsrail arasındakı müharibəni dayandırmaq cəhdləri bunun təsdiqidir. Məncə, Qərb Çinin Cənubi Qafqazda böyüyən əzələləri ilə də məşğul olmağa daha çox diqqət ayırır və bu, Zəngəzur dəhlizinə münasibətdə də özünü göstərəcək. Rusiya isə burada Çinlə əməkdaşlıqda maraqlıdır, ancaq onu da qeyd etmək zəruridir ki, Pekinin Orta dəhlizi istiqamətləndirən layihələri Rusiyadan yan keçir. Burada Rusiya əsasən Qazaxıstana diqqət yetirir ki, o, Pekinin strategiyasının ardınca çox getməsin. Bu prosesə Zəngəzur dəhlizinin Mərkəzi Asiya ilə əlaqələrdə yeni dinamika kontekstində baxdıqda, Azərbaycanın artıq üç güc mərkəzi - Qərb, Rusiya və Çin - arasında diqqətli balans siyasəti yürütdüyünü söyləyə bilərik. Mənim indi üçün gəldiyim qənaət belədir ki, Azərbaycan Zəngəzur dəhlizinin iqtisadi əsaslı rəqabət meydanına çevrilməsində maraqlıdır, çünki bu, Bakıya olan strateji diqqətləri artırır. Ancaq Azərbaycan gözlənilməz təhlükəsizlik risklərini də mütləq şəkildə nəzərə alır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

23.05.2024 10:09
5649