Zəngəzur dəhlizi- Şərqlə Qərbin ticarət əlaqələrində YENİ ERA  

 

 

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edən təhlil yazısı yazıb.

Musavat.com həmin yazını təqdim edir:

Bu gün Şərqdə də Qərbdə də Zəngəzur dəhlizinin açılmasının dünya ticarətinin inkişafında ciddi bir dönüş yaradacağına böyük inam formalaşıb. 

Zəngəzur dəhlizindən keçib Şərqlə Qərbi birləşdirəcək Orta yol onun təşəbbüskarları və iştirakçıları üçün nə deməkdir? Nədən Amerika Birləşmiş Ştatları bu ilin sentyabr ayının 9-da Hindistanın paytaxtı Nyu Dehlidə "Böyük İyirmiliy"in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammitində, Çinin təşəbbüsü ilə hələ 10 il bundan öncə irəli sürülmüş “Bir kəmər, bir yol” layihəsinin qarşısına Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi adlanan nəqliyyat xətti layihəsini çıxartdı? Bütün bu suallara hər iki layihənin iqtisadi göstəricilərini təhlil etməklə cavab vermək mümkündür.

Öncə illik xarici ticarət dövriyyəsi 6,3 trilyon dollardan çox olan Çindən Avropaya bir trilyon dollara   qədər dəyərində yüklərin ən qısa quru yolla daşınmasını təmin edə biləcək və əsas qolunun Zəngəzur dəhlizindən keçəcəyi “Bir kəmər, bir yol” layihəsi barədə.

zengezurjpg-1673126265.jpg (195 KB)

Öncə onu deyək ki, bu yolla daşımalarda zamanın 3 dəfəyə qədər qısaldılması, investorların qazancının 3 dəfəyə qədər artmasına imkan verəcəkdir. Bu, investorlar üçün yüz milyardlarla dollarla  ölçülən yeni qazanc mənbəyinin yaranması deməkdir. Belə olan halda,  dövlət büdcəsi 5 milyard dollar ətrafında olan Ermənistan, Zəngəzur dəhlizinin açılması ilə bağlı bu gün nümayiş etdirdiyi siyasi oyunbazlıqla heç nəyə nail ola bilməz. Bu dəhliz mütləq açılacaq. Təbi ki, Ermənistan ağıllı davranarsa, bu dəhlizin fəaliyyətindən böyük iqtisadi və siyasi dividentlər əldə edə bilər. Yox, əgər Ermənistan öz məkrini yerə qoymasa, Türkiyə prezidenti cənab R.T Ərdoğanın dediyi kimi, bu dəhliz İran ərazisindən keçəcək və bununla da problem çözülmüş olacaqdır. Baxın, Zəngəzur dəhlizinin Ermənistan üzərindən keçməsinə qarşı olan İran, onun öz ərazisindən keçməsinə həmən razılıq verdi. Çünki İran bu layihənin həm iqtisadi, həm də siyasi əhəmiyyətini yaxşı dərk edir.

Bu gün Çin iqtisadiyyatı real olaraq dünya nəhəngi hesab edilən ABŞ iqtisadiyyatını üstələyir. Beynəlxalq statistikada Alıcılıq Qabiliyyəti Prioriteti adlı  bir göstərici mövcuddur. Bu göstəriciyə əsasən dünyanın müxtəlif ölkələrində istehsal olunan Ümumi Daxili Məhsulun həcmi həmin məhsulların  ABŞ bazarındakı qiymətləri ilə ölçülərək, onların real dəyəri müəyyən olunur. Belə bir yanaşmanın səbəbi isə odur ki, bütün ölkələrin milli valyutalarının məzənnəsi dünya ölkələri tərəfindən rəsmi qəbul olunmuş ABŞ dollarına nəzərən müəyyən edilir. Beləliklə, daha aydın olsun deyə - əgər bu gün Çində İstehsal olunan hər hansı bir məhsulun dəyəri Çin bazarında 1 dollardırsa, həmin məhsulun ABŞ bazarında qiyməti bundan iki dəfəyə qədər yüksək ola bilər. Bu yanaşma ilə hal-hazırda Çin Amerika Birləşmiş Ştatlarından 10 trilyon dollardan çox Ümumi Daxili Məhsul istehsal edir. Təbi ki, Çinin son bir neçə on ildə belə sürətlə inkişafı ABŞ-ı ciddi əndişələndirir.

Son illərdə Çin iqtisadiyyatının sürətli inkişafının qarşısına bir neçə dəfə müxtəlif maneələr çıxarılıb. İllər öncə Çində peyda olmuş qorxulu “Quş qripi” əslində Çin iqtisadiyyatını ən azı 50 il geri salmağa hesablanmış bir addım idi. 2019-cu ilin sonlarından Koronovirus Pandemiyasının məhz Çindən başlaması da təsadüfü sayıla bilməz. D.Trampın hakimiyyəti dövründə Çinlə ABŞ arasındakı ticarətdə ortaya atılan “rüsum müharibəsi” yenə də Çin iqtisadiyyatının inkişafında müəyyən əngəllərin yaradılmasına hesablanmış addım idi. Lakin Çin hakimiyyəti hər dəfə qarşısına çıxan bu problemlərin həllinin uğurlu yollarını tapa bildi.

Çin iqtisadiyyatının inkişaf sürətini əngəlləməyə hesablanmış son addım, Çinin beynəlxalq ticarət əlaqələrini zəiflətmək məqsədilə cari ilin sentyabr ayında Hindistanda keçirilən G20 sammitində Birləşmiş Ştatlar tərəfindən Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi adlı layihəni ortaya çıxarmaqla atılmış oldu.

a123_jpg_2019_21_8_fec47d8a-da91-4842-b4a2-22dbdb359c21.jpg (40 KB)

ABŞ-n Çinin 8 trilyon dolardan artıq vəsait xərclənəcək, 60-dan çox ölkənin iştirakı ilə reallaşdırılacaq “Bir kəmər, bir yol” layihəsinin qarşısına atdığı bu alternativ yol layihəsi iqtisadi cəhətdən nə qədər səmərəli ola bilər? Öncə onu deyək ki, Hindistanın bu gün xarici ticarət dövriyyəsi Çinin xarici ticarət dövriyyəsindən 5,3 dəfə, ixracı isə 8 dəfəyə qədər azdır. Daha sonra, ABŞ-n təklif etdiyi yeni daşıma layihəsi ilə yüklər 3 nəqliyyat vasitəsi ilə iki dəfə su və iki dəfə quru yolla daşınaraq Avropaya çatdırıla bilər. Yəni Hindistandan Birləşmiş Ərəb Əmirliklərinə su yolu ilə çatdırılacaq konteynerlər, oradan dəmir yolu ilə Səudiyyə Ərəbistanı vasitəsilə İordaniyaya, İordaniyadan isə yenidən quru yolla İsrailə daşınacaq və sonda bu yüklər İsraildən Yunanıstana yenidən su yolu ilə daşınmalı olacaqdır. Marşrutun çətinlikləri bununla bitmir. Hal-hazırda Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı arasında dəmir yolu xətti yoxdur və deməli bu iki ölkə arasında yüklər ya avtomobil yolu ilə daşınmalı, ya da onların arasında yeni dəmir yolu xətti çəkilməlidir. Layihənin daha bir ciddi problemi, yüklərin keçəcəyi 6 ölkə arasında gömrük anlaşmasının olmamasıdır. Bütün bunlar layihənin reallığını ciddi şübhə altına alır.

Şərqlə Qərbi birləşdirəcək ən yaxın və iqtisadi cəhətdən səmərəli quru yol Türkiyə üzərindən keçə bilər. Bu mənada Çinin 10 il öncə təklif etdiyi və əsas xətlərindən birinin Zəngəzur dəhlizindən keçəcəyi “Bir kəmər, bir yol” layihəsinin alternativi yoxdur. Xatırladaq ki, Çinin 10 il öncə irəli sürdüyü bu layihəni hamıdan öncə Azərbaycan dəstəkləmişdi.

 

Fikrət Yusifov,
İqtisad elmləri doktoru, professor
img1811971.jpg (9 KB)

 

 

06.10.2023 09:47
2853