Van Yüzüncü Yıl Universitetində Beynəlxalq Qarabağ Təşkilatının, İğdır Azərbaycan Evinin və Van Küresünlilər Tarix və Kültür Araşdırma Dərnəyinin təşkilatçılığı ilə “Zəngəzur dəhliznin dünəni, bu günü və Qarabağ zəfəri” mövzusunda elmi-praktik konfrans keçirildi.
Şəhidlərimizə sayğı duruşu ilə başlayan konfransda daha sonra Türkiyənin İstiqlal marşı və Azərbaycanın Dövlət himni oxundu. Moderator Bekir Qoçlar iştirakçıları səmimi salamladıqdan sonra Van valisi Ozan Balçinın və millət vəkili... təbrik mesajlarını çatdırdı.
İlk olaraq Van Küresünlilər Tarix və Kültür Araşdırma Dərnəyinin başqanı Bilal Yücebaş çıxış etdi. Azərbaycan heyətinə üz tutaraq səmimi salamlarını çatdıran Bilal bəy “Ölkənizə xoş gəldiniz, deməyəcəyəm. Bura sizin vətəninizdir, vətəninizə, evinizə xoş gəldiniz!”-sözləri ilə çıxışa başladı. Qeyd etdi ki, dərnək olaraq Azərbaycanın 44 günlük Vətən savaşında maddi-mənəvi dəstəyimiz verməyə çalışıblar. “İnşallah Zəngəzur dəhlizi ölkəmizin dünyaya açılan qapısı olacaq, ölkəmiz Türk coğrafiyası ilə bərabər rahat yaşayacağıq. Bizim birlik və bərabərlikdən, bir-birimizə sıx-sıx sarılmaqdan başqa çıxış yolumuz yoxdur”-B.Yücebaş bildirdi.
Ardınca iştirakçılara tanıtım videosu təqdim olundu.
İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar çıxışının əvvəlində Azərbaycana sevgi ilə yazılmış şeirini səsləndirdi. Şəhidlərimizi sayğı və minnətlə anan natiq Türkiyə və Azərbaycanın qardaşlığından danışdı. İki qardaş ölkənin bir-birinə zaman-zaman əl tutması barədə nümunələr gətirən Ziya Zakir müasir dövrdə bütün sahələrdə yüksək əməkdaşlığın olduğunu söylədi. Qeyd etdi ki, hər il Azərbaycandan Türkiyəyə minlərlə tələbə təhsil almaq üçün gəlir. Ziya bəy bu günlərdə müstəqilliyinin bərpasının 32-ci ildönümünü qeyd edən Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyənin olduğunu da məmnunluqla xatırlatdı. İki qardaş ölkənin tarixi əlaqələrindən bəhs edən dəyərli türk ziyalısı Türkiyə Cümhuriyyətinin 100 illik yubileyindən bəhs edərkən Azərbaycanın bu müstəqilliyin qazanılmasındakı rolundan bəhs etdi. Azərbaycanın hələ rusların işğalı altında olduğu dövrdə də Türkiyəyə yardım əlini uzatdığını xatırlatdı. Bildirdi ki, Azərbaycanın böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin Türkiyəyə 500 min qızıl pul bağışlamasını unutmayıblar. Həmin qızılların bir hissəsi silah alınmasına xərclənib. Həmçinin Şəmsi Əsədullayev, Əlimərdan Topçubaşov kimi tanınmış azərbaycanlıların ailə üzvlərinin təşkilatçılığı ilə o zamanlar ağır dönəmlərini yaşayan Türkiyəyə böyük yardım kampaniyası həyata keçirilib. “Türkiyə itkilər verəndə Azərbaycan matəmə bürünüb”-Ziya bəy bildirdi.
Həmçinin xatırlatdı ki, 1920-ci ilin martından etibarən Azərbaycan Xalq Cümhuriyyətinin önəmli simalarından biri Behbud xan Cavanşir Türkiyənin bank hesabına yardım yollayıb. Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə Cümhuriyyətinin yaradılması münasibətilə təbrik etdikdən sonra 30 vaqon neft, 2 vaqon benzin, 6 vaqon qaz yardımı edir. Ziya Zakir qeyd etdi ki, Nəriman Nərimanov 1920-ci ilində 500 kiloqram qızılı Türkiyəyə hədiyyə edib. 23 mart 1921-ci il tarixdə onun Atatürkə yazdığı məktubda “Paşam, Türk millətində bir ənənə var, qardaş-qardaşa borc verməz. Biz qardaşıq, hər zaman, hər şərtlər altında bir-birimizin əlindən tutacağıq”-yazmasını natiq fəxarətlə söylədi. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycana etdiyi böyük yardımdan bəhs etdi. “Bu birliyi Qarabağ zəfərində də görürük. Türkiyənin dəstəyi ilə Azərbaycan işğaldakı Qarabağa torpaqlarını azad etdi. İnşallah Zəngəzur dəhlizi qurulacaq, Türk birliyi gerçəkləşəcək və Turan yolu açılacaq.
Azad Vətən Partiyasının sədri, Beynəlxalq Qarabağ Təşkilatının koordinatoru Akif Nağı öncə auditoriyadakı tələbələrə xitab edərək bildirdi ki, Azərbaycan və Türkiyə tələbələrinin bir yerdə olması olduqca önəmli məsələdir və bu birliyi, bərabərliyi qorumaq, davam etdirmək vacibdir. “Biz Azərbaycan və Türkiyə olaraq bir yerdəyik, dünyaya eyni gözlə, bir pəncərədən baxırıq. Bizim arxamızda olan Türk və İslam dünyası da bizimlə bir yerdədirlər və dünyaya birliyimizi nümayiş etdiririk. Bu qarışıq dünyada bir yerdə olmağımız həddindən artıq vacibdir”.
A.Nağı ardınca bölgənin tarixi ilə bağlı iddiaları cavablandırdı:
“Van Anadolu türkləri ilə Azərbaycan türklərinin müştərək tarixidir. Van heç vaxt başqa heç kimə mənsub olmayıb. Bu gün də Van Azərbaycan və Türkiyəyə məxsusdur”. Zəngəzur dəhlizindən bəhs edən məruzəçi bildirdi ki, artıq bu layihənin gerçəkləşməsi sadəcə zaman məsələsidir və “olmazsa, olmaz”a çevrilib. “Orta Dəhliz deyilən yol da burdan keçəcək. Dünyanın inkişafında önəmli rol oynamış İpək Yolu zamanında İğdırdan, Ərzurumdan, Qarsdan, Vandan keçirdi. İnşallah bu yol bərpa olunacaq. Zəngəzur dəhlizi Türk dünyasının taleyini həll edən məsələdir. Ona görə Türkiyə və Azərbaycan liderləri bu məsələdə də daim bir yerdədirlər, eyni mövqedədirlər”. A.Nağı da təsdiqlədi ki, ağır günümüzdə də, xoş günümüzdə də bir yerdə olmuşuq: “Azərbaycan və Türkiyənin birliyi dünyada bənzəri olmayan bir birlikdir. Bir yerdə olduğmuza görə biz zəfər qazandıq. Mən mənfur düşmənimizin adını çəkmək istəmirəm bu gözəl məclisdə. Artıq hər bir türk bilməlidir ki, düşmən deyəndə kimi nəzərdə tuturuq”. Natiq Azərbaycanın son zəfərlərindən, ərazi bütövlüyünü tam təmin etməsindən Van auditoriyası qarşısında məmnuniyyətlə danışdı: “Bayrağımızı Qarabağın istənilən nöqtəsinə sancdıq. Fəxrlə deyirik ki, Azərbaycan bayrağı Şuşada, Xankəndi, Xocalıda dalağalanır. Bizim gücümüz birliyimizdədir. Dünya güclə hesablaşır, biz bunu göstərdik, bundan sonra da gücümüzü daha da artırmalı, birliyimizi əbədi etməliyik”.
Dosent, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli çıxışında ermənilərin əsassız və saxta iddialarından bəhs edərək bildirdi ki, Ermənistan Anadolu ərazilərini “Qərbi Ermənistan” adlandırır və Türkiyəyə də ərazi iddiası irəli sürür. G.Nəcəfli çıxışında erməni yalanlarını alt-üst edən xeyli faktlar sadaladı.
Tarix üzrə fəlsəfə doktoru Rafiq Səfərov isə “Zəngəzur həqiqətləri” adlı məruzəsini təqdim etdi. Bildirdi ki, 1927-ci ilədək Zəngəzur zolağı cəmi 12 km təşkil edirdi. 1928-ci ildə isə Rusiya Azərbaycanın Zəngilan rayonuna məxsus Nüvədi kəndini və Ordubadın ərazisinin bir hissəsini qoparıb Ermənistana verdi. Bununla da Zəngəzur dəhlizi deyilən ərazi 42 km-ə çatdırıldı. Eyni zamanda Naxçıvan Azərbaycanın qalan hissəsindən ayrıldı.
R.Səfərov qeyd etdi ki, 20-ci əsrin 18-20-ci illərində Ermənistanın apardığı soyqırım siyasəti nəticəsində 55 min türk-müsəlman əhalisi, o cümlədən azərbaycanlılar və kürdlər qurban gedib.
Ərzurum Atatürk Universitetinin müəllimi, tarix doktoru Gürsoy Solmaz öncəki tədbirdə olduğu kimi, zalı coşduran nitq söylədi. Öncə Kazım Karabəkirin yazdığı tarixi həqiqətlərdən bəhs etdi. “Özümüzü tanımalı, tariximizi bilmək adına oxumalıyıq”-deyə Gürsoy hoca auditoriyadakı türk gəncliyinə xitab etdi.
İqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdi Azərbaycan Xalq Cümhuriyyətinin 1918-20 illərdəki xəritəsini təqdim edərək Zəngəzurun da bu xəritəyə daxil olduğunu bildirdi, konfrans iştirakçılarına bir əsr öncəki reallıqları təqdim etdi. Natiq vurğuladı ki, sovetlər dönəmində bu ərazilər Azərbaycandan zorla alındı və biz özümüzün digər ərazilərimizə - Naxçıvan bölgəsinə - getməkdən ötrü Ermənistanın ərazisindən keçməli olduq. Şamil Mehdi Zəngəzurun qoparılması, ondan sonrakı durumla bağlı tarixi faktları təqdim edərkən bu dəhlizin Türk coğrafiyası üçün önəmindən, həmçinin müstəqil olmayan Türk respublikalarından bəhs etdi: “Siz düşünün ki, türklərin hər birinin arasında quru əlaqə var. Ancaq Zəngəzurun alınması nəticəsində Türk dünyası iki hissəyə parçalanıb”,-deyə natiq bildirdi.
300 milyonluq türk toplumunun birliyinin zərurətindən bəhs edən Ş.Mehdi xatırlatdı ki, Türk dövlətlərinin ərazisi Avropa Birliyinin ərazisindən iki dəfə yarım böyükdür və bu, çox şeyi deyir. Vurğuladı ki, Çindən Avropaya gedən quru yollarının əksəriyyəti Türklərin yaşadığı ərazilərdən keçir. Üstəlik, quru yolları ilə daşıma dəniz yolu il müqayisədə daha qısadır və sərfəlidir: “Bu gün həmin yolların hamısı açıqdır. Yalnız 42 km-lik ərazi Zəngəzur dəhlizi hələ də qapalıdır. Bu ərazi bağlı olduğu üçün daşımaları həyata keçirə bilmirik. Ermənistan alət kimi böyük güclər tərəfindən alət kimi istifadə olunduğu üçün Azərbaycan İranla həmin projeyə başlayıb”.
Van Yüzüncü Yıl Universitetinin müəllimi, tarix doktoru Ferid Yücebaş da iştirakçılara xoş sözlərini ünvanladıqdan sonra təmsil olunduğu dərnək, küresünlülərin tarixi, bölgədəki rolu, azərbaycanlılarla tarixi əlaqələri barədə maraqlı bilgilərini çatdırdı. Bildirdi ki, Türk coğrafiyasında önəmli rol oynayan küresünlülər birliyimizin, bərabərliyimizin, düşmənlərimizə qarşı dirənişimizin mərkəzindədir, hər zaman bu mövqe qorunub-saxlanılacaq. Alim Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunaraq, bu hədəfə çatmaqdan ötrü əllərindən gələni etməyə hazır olduqlarını bildirdi.
Konfransın yekununda plaketlər təqdim olundu, xatirə fotoları çəkdirildi.
Elşad Paşasoy,
Musavat.com
Türkiyə, Van