“Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin dəmir və avtomobil yolları ilə yükdaşıma qabiliyyəti artacaq”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, bu da Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək.
Nazir qeyd edib ki, Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçirilə biləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji əməkdaşlığı sahəsində Türkiyənin regiondakı strateji mövqeyinin əhəmiyyəti artacaq.
Uraloğlu Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisinin davam etdiyini, Horadizdən Naxçıvanın Ordubad rayonuna 166 kilometrlik yeni dəmir yolunun çəkiləcəyini bildirib.
O, həmçinin əlavə edib ki, dəhlizin Ermənistana məxsus 43 kilometrlik hissəsinin tikintisi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar aparılacaq.
“Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. Bununla da Bakı-Tbilis-Qars dəmir yoluna alternativ olaraq Qars-Dilucu vasitəsilə Naxçıvan ərazisindən dəhlizə çıxış əldə etmək olacaq”, - deyə nazir vurğulayıb.