"10 il yalnız qadın məclislərində iştirak etdim. Amma artıq ümumi toy məclislərinə geri dönüş etdik. Zəng edib, yalvarırdılar ki, toyumuza gəl, mən də cavab verirdim ki, yox, mən getmirəm. Amma indi toy məclislərinə qayıtdım".
Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Gün işığında" səhər şousunda deyib.
10 il içki məclislərinə getmədiyini söyləyən sənətçi artıq bu məsələyə son qoyduğunu və toylara belə getdiyini açıqlayıb:
"İçki məclislərinə getmirdim. Qadın, kişi fərqi yox idi. Qapandıqdan sonra yalnız içki olmayan məclislərə gedirdim. Amma indi bir çox qadın məclisləri var ki, orada xanımlar rahat-rahat spirtli içkilər içirlər. Mən burada heç kimin işinə qarışmıram. Hər kəs özünə cavabdehdir. Bir də görürsən ki, sosial şəbəkələrdə şərhlər yazırlar ki, "Kimsə içki içirsə, sənə bundan nə?" Əlbəttə ki, mənə heç bir aidiyyatı yoxdur.
Sadəcə mən qonorarımda çox böyük endirim etmişdim ki, halal məclislərə gedim. Lakin endirimlə yenə də haram məclislərə gedirəmsə... Moskvada yəhudi məclislər olur. O məclislərdən də yaxşı qonorar qazanırdım. Yetərincə qazancımız olurdu. Yəni o qazanclara yox demədim ki, gəlim iki qat ucuzuna yenə içki məclislərinə xidmət edim. Bu şeylər insana xoş deyil. Mən heç kimin qabağını ala bilmirəm. 10 il bununla mübarizə apardım.
Amma artıq mübarizə apara bilmirəm. Çünki mən içki olmasın desəm də, görürsən ki, yenə də məclisdə içən olur. Bununla mübarizə aparmaq mümkünsüzdür. Dövrümüz də elə dövrdür ki, düşünürəm ki, hər şey gözəl olacaq. Hamımızın günahı var.
Günahsız insan yoxdur. Bu o demək deyil ki, mən günahsızam. Kimsə içki içirsə, o, günah edir. Deyirlər ki, insanın günahından xəbərin olar, amma tövbəsindən xəbərin olmaz. Hər kəs öz günahına görə cavab verəcək. Mən hər məclisə getmirəm. Seçim edirəm".