Zəlzələyə ən həssas ərazilərimiz - ekspertlər deyir ki...

Yeraltı təkanları Günəşdəki partlayışlar tezləşdirib?; “Maqnit dalğalarının sonuncu zəlzələyə heç bir təsiri yoxdur, indiyə kimi bununla bağlı elmi baxımdan heç bir nəticə əldə edilməyib”

Dekabrın 6-da səhər Xəzərdə 5.6 bal gücündə zəlzələ baş verib. Bu, il ərzində Azərbaycanda baş verən 3-cü güclü yeraltı zəlzələ idi. 2023-cü ilin iyulunda Bakıda və Abşeron yarımadasında 5.7 bal gücündə zəlzələ olmuşdu. Cəmi iki ay sonra - sentyabrda Kürdəmir rayonunda 5,2 maqnitudalı güclü zəlzələ qeydə alındı. 

May ayında Bakıda səfərdə olan türkiyəli alim, geoloq Cəlal Şəngör Azərbaycanda hər an güclü zəlzələnin ola bilmə ehtimalından danışmışdı. Şəngör bildirmişdi ki, hətta yeraltı təkanların gücünün 7.5 bala qədər olmaq ehtimalı var. Lakin AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli onun bu açıqlamasını absurd adlandırmışdı.

“Zəlzələnin qorxulu fəsadının olması gözlənilmir. Növbəti dəfə də silkələnmənin baş verəcəyi ehtimal edilir”.

Bunu isə ekoloq-seysmoloq Ənvər Əliyev 6 dekabr zəlzələsi barədə danışarkən bildirib. 

Azərbaycan dünyanın 3 nəhəng zəlzələ bölgəsindən biridir" - Ənvər Əliyev

Ənvər Əliyev

Onun sözlərinə görə, xırda təkanların olması regionda daha böyük təkanların olması ehtimalını azaldır. Seysmoloq həmçinin deyib ki, Bakı çox yüklənib və bu yüklənmə maqnitudası yüksək olan zəlzələlər zamanı tələfat və itkilərə səbəb ola bilər: “Üç milyondan çox əhalini yığmışıq Bakıya, evləri də tikmişik yolların ortasında. Binalar o qədər yaxındır ki, güclü zəlzələ zamanı insanları təxliyə etmək çətin olacaq. Abşeronda qeydə alınan zəlzələ təkrarlana bilər. Zəlzələni biz suya daş atmaqla müqayisə edirik. Daş suya düşdükdən sonra dalğalar bir müddət davam edir, zəlzələnin dalğaları da eyni qaydada yayılır. Yayıldıqca hiss olunması da azalacaq. Bunu seysmoloji mərkəzlər müşahidə edəcək”.

Onu da qeyd edək ki, bu günlərdə Günəşdə böyük bir partlayışın (qasırğanın) baş verdiyi və bunun Yerin maqnit sahəsinə ciddi təsiri haqda məlumat yayılmışdı.

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli mövzunu “Yeni Müsavat”a belə şərh etdi: “Günəşdə və ümumiyyətlə qalaktikada baş verən hər hansı hadisə - maqnit dalğaları, ozon dəliyinə aid başqa proseslər, hətta meteor yağışları atmosferə daxil olduqdan sona yer səthinə yaxınlaşırsa, təsiri olmaya bilməz.  Ürək xəstəsi olan, təzyiqi olan insanlara, hətta nevroloji xəstələrə  ciddi təsir edə bilər. O ki qaldı Azərbaycanda baş verən zəlzələyə, maqnit dalğalarının sonuncu zəlzələyə heç bir təsiri yoxdur. İndiyə kimi bununla bağlı elmi baxımdan heç bir nəticə əldə edilməyib. Zəlzələ gözlənilən idi. Məlumdur ki, Azərbaycan Ərəbistan platforması üzərində yerləşir. Bu ərazi cavan dağəmələgəlmə zonasıdır. Buna görə də seysmik baxımdan gərginlik var. Zaman-zaman zəlzələ olacaq. Biz buna hazır olmalıyıq. Bakıda daha güclü zəlzələ ola bilər. Bu qalaktikadan gələn təsirlərin deyil, litosferin içərisində baş verən proseslərin nəticəsidir. Gərginliyin nə zamana qədər davam edəcəyini seysmoloqlar deyə bilərlər. Şamaxı zəlzələsindən uzun zaman keçib. Zəlzələni proqnozlaşdırmaq çox çətindir. Sadəcə proseslər, tektonik tavalarda olan gərginliyi nəzərə alaraq alimlər hesab edirlər ki, zəlzələ ola bilər. Türkiyədə də güclü zəlzələ olacağı gözlənilir. Bunu seysmoloqlar və geoloqlar ciddi araşdırırlar. Qumsal ərazidə yerləşən Abşeronda dağıdıcı zəlzələ gözlənilmir”. 

Mətbuata açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli deyib ki, Zəlzələ Bakının şimal hissəsində daha çox hiss olunub.

Şöbə müdiri bildirib ki, zəlzələnin hiss olunması zəlzələ ocağının yeri və dərinliyindən asılıdır: “Təbii ki, ilk növbədə zəlzələ ocaqlarının yaxın olduğu ərazilərdə, həmçinin çoxmərtəbəli binaların yuxarı mərtəbələrində zəlzələ daha çox hiss olunur”.

O bildirib ki, ölkə ərazisində seysmik aktivlik qeyri-bərabər paylanılır:

“İki tip seysmik dalğalar mövcuddur - eninə və uzununa. Ən dağıdıcı zəlzələlər eninə olan seysmik dalğalar hesab olunur”.

T.Məmmədlinin sözlərinə görə, Azərbaycan ərazisində aktiv zəlzələ ocaqları mövcuddur:

“Bakı-Abşeron ərazisi seysmik ərazi hesab olunur. Bundan başqa Şamaxı-İsmayıllı və Gəncə zonaları güclü zəlzələlərin baş verə biləcəyi yerlərdir. Xəzər dənizinin özündə də çox sayda zəlzələ ocaqları mövcuddur. Azərbaycanda seysmik rayonlaşdırma xəritəsi var, lakin seysmoloqlar düşünür ki, bu, real vəziyyəti düzgün əks etdirmir”.

Qurban Yetirmişli: Zəlzələ daha çox şimal rayonlarında hiss olunub

Qurban Yetirmişli 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanda yeni seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq. Onun sözlərinə görə, 2024-cü ilin yaz aylarında Fövqəladə Hallar Nazirliyi ilə birgə yeni seysmik mikrorayonlaşdırma xəritəsi ilə bağlı tədqiqat aparılacaq: “Yaponiyadan mütəxəssislər gələcək. Seysmik mikrorayonlaşdırma xəritəsi gündəmdədir. FHN əməkdaşları və yaponiyalı mütəxəssislərlə birgə gələn il işlərə başlanılacaq. Xəritənin tərtib olunması üzərində iş gedir”. Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə vurğulayıb ki, seysmik xəritələrlə yanaşı, Bakı və Abşeron yarımadasında seysmik riskləri araşdıran xəritə də olacaq: “Yəni Bakı şəhərində yüksək maqnitudalı zəlzələdən sonra vəziyyətin necə olacağını biləcəyik”.

Bakupost.az - İrəliyə doğru dal-dala: "Qəza riski artır" - Elmar  Nurəliyev

Elmar Nurəliyev 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, binaların tikintisi zamanı təkcə zəlzələ amili nəzərə alınmamalıdır. Ekspert vurğuladı ki, paytaxt Bakıda bir çox cəhətdən riskli ərazilər var: “Bakı seysmik cəhətdən aktiv ərazidə yerləşir: ”Bakı və ətrafında vulkanik, sürüşmə təhlükəsi olan  ərazilər, o cümlədən iri sənaye müəssisələri var. İstər fərdi evlərin, istərsə də çoxmənzilli yaşayış binalarının tikintisi zamanı torpağın təyinatı, yeraltı süxurlar, zəlzələyə davamlılıq və s. önəmli amillər nəzərə alınmalıdır.  Fərdi yaşayış evlərinin tikintisi zamanı yanaşma fərqlidir. Bəzən torpağın təyinatı nəzərə alınmadan, layihələndirilmə aparılmadan fərdi evlər inşa edilir. Bu isə sonradan təbii səbəblərdən yaranan təhlükəli vəziyyətlərdə ziyan dəymə ehtimalını artırır. İstismar müddəti bitən həm fərdi evlərdə, həm də yaşayış binalarında zəlzələdən və digər təbiət hadisələrindən sonra, hətta yaxınlıqda hər hansı tikinti aparılarsa, uçma, dağılma riski yaranır. O cümlədən vaxtı-vaxtında lazımi qulluq göstərilməsi də önəmlidir". 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”



09.12.2023 09:38
1830