Ukrayna prezidenti Volodimir Zelenski 5 bənd və 3 məxfi əlavədən ibarət Qələbə planını Ali Radaya təqdim edib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Zelenski Sülh planının həyata keçirilməsinin Rusiyadan deyil, Ukraynanın tərəfdaşlarından asılı olduğunu bildirib.
Prezident vurğulayıb ki, “Rusiya vicdanlı sülh axtarmır, işğalçı dövlətin hökmdarı Vladimir Putin ağlını itirib və müharibə istəyir”.
Zelenskinin sözlərinə görə, Ukrayna və tərəfdaşları müharibənin bitməsi, Rusiya Federasiyasının “sülhə məcbur olması” üçün şəraiti birlikdə dəyişməlidir.
Prezident qeyd edib ki, birinci məqam və çox vacib olan NATO-ya dəvətdir.
Volodimir Zelenskinin fikrincə, ikinci məqam müdafiədir:
“Bu, Ukraynanın müdafiəsinin güclənməsi və müharibənin Rusiya Federasiyasına tərəf yönəlməsidir. Üçüncü məqam isə Rusiyanın təcavüzünün qarşısını almaqdır. Bunun üçün ABŞ, İngiltərə və İtaliya liderlərinin daxil olduğu gizli proqram da var. Ukrayna Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün öz ərazisində hərtərəfli qeyri-nüvə paketini yerləşdirməyi təklif edir. Dördüncü məqam Ukraynanın strateji və iqtisadi potensialıdır. Üstəlik, ABŞ və Avropa İttifaqı ilə paylaşılan gizli proqram da var ki, bu, tərəfdaşlarla razılaşmanı təmin edir. Beşinci bənd müharibədən sonrakı dövr üçün nəzərdə tutulub. Ukrayna təcrübəsindən bütün alyans və Avropanın müdafiəsi üçün istifadə edilməlidir”.
Kiyev müharibədən sonra Avropadakı ABŞ ordusunu Ukrayna ordusu ilə əvəz etməyi təklif edir.
Nigar HƏSƏNLİ,
Musavat.com