Zelenski-Tramp görüşünün GİZLİNLƏRİ - MÜƏMMALAR VAR

“Prezident Zelenskinin açıqladığı kimi, Ukrayna Prezident Trampın güclü rəhbərliyi altında müharibəyə son qoymaq üçün danışıqlara hazırdır. Batkivşina komandası ədalətli sülhün mümkün qədər tez təmin olunmasına kömək etməyə qadir olan bütün müttəfiqlərlə danışıqlar aparır”. “Yeni Müsavat” xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri, Batkivşina Partiyasının sədri Yuliya Timoşenko Trampın adamları ilə gizli görüş keçirməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Siyasətçi bildirib ki, hazırda Ukraynada hər hansı seçkinin keçirilməsindən söhbət belə gedə bilməz. Ölkənin keçmiş prezidenti, Avropa Həmrəyliyi Partiyasının sədri Pyotr Poroşenko da məlum görüşdə iştirak etdiyini təsdiqləyib. O, Ukraynaya ikipartiyalı dəstəyi saxlamaq üçün amerikalı tərəfdaşlarla açıq və şəffaf işlədiyini bildirib. Poroşenko da partiyasının müharibə vaxtı ölkədə seçkilərin keçirilməsinə qarşı çıxdığını deyib. Qeyd edək ki, “Politiko” nəşri ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsinin yüksək vəzifəli şəxslərinin Ukrayna Prezidenti Vladimir Zelenskinin opponentləri ilə gizli danışıqlar apardığını, görüşdə Yuliya Timoşenko və Pyotr Poroşenkonun partiyasının nümayəndələrinin də iştirak etdiyini yazmışdı. Bəs, Trampın emissarlarının danışıqlar apardığı müxalif qüvvələrin xalqın dəstəyini almaq şansı, Zelenskidən çox səs toplmaq üçün yetərli nüfuzları varmı?

Qabil Hüseynli: “Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı  olacaq” » Reyting.az

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Zelenskinin nüfuzu bir qədər aşağı düşmüşdü, ancaq hazırkı vəziyyətdə belə, Timoşenko, Poroşenko kimi fiqurlardan daha çox reytinqə sahibdir: “Son rəy sorğuları isə göstərir ki, Oval kabinetdə Tramp və dəstəsinin Zelenskinin üzərinə məlum hücumu, Ukrayna liderinin onların qarşısından qaçmaması onun Ukrayna cəmiyyətində reytini artırıb. Ona görə də Zelenski prezidentlik yarışı keçirilsə, lider olaraq qalır. Ağ Evdəki qalmaqaldan sonra Britaniyanın ”Survation" sosial tədqiqat agentliyinin keçirdiyi sorğuda respondentlərin 44 faizi də Zelenskini dəstəkləyəcəyini bildiriblər. Trampın adamlarının danışıq apardığı deyilən qüvvələrin nüfuzu Zelenskidən qat-qat aşağıdır. Ona görə də ABŞ-nin o şəxslərə etimad göstərəcəyi ehtimalı çox aşağıdır. Timoşenko və Poroşenko artıq işlənmiş fiqurlardır. Onları yenidən Ukraynanın başına gətirməzlər. Eks-prezident  Poroşenkonu cəmi 10% dəstəkləyib. Keçmiş baş nazir Timoşenko cəmi 5,7 faizin dəstəyini qazanıb".

Politoloq hesab edir ki, Zelenskinin yerinə nisbətən şanslı namizəd quru qoşunlarının keçmiş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri işləyən Valeri Zalujnıdır: “Ukrayna cəmiyyətində bu şəxsin nüfuzu var. Anacaq rəy sorğularına görə bu gün üçün hətta Zalujnı Zelernskidən 20 faiz geri qalır. Zalujnının önə keçib-keçməyəcəyi Zelenskinin qarşıdakı zamanda fəaliyyətindən, Ukrayna müharibəsində proseslərin gedişatından asılıdır. Trampın məhz Zalujnının dəstəkləyəcəyi də sual altındadır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

08.03.2025 09:23
1636