Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolsdan Rusiya prezidenti Vladimir Putinə zəng vurmamağı xahiş edib.
Musavat.com xəbər verir ki, bu barədə Reuters-ə Ukrayna prezidentinin ofisindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Şols Zelenskiyə Putinlə danışmaq planları barədə əvvəlcədən məlumat verib: "Kansler bizim prezidentə dedi ki, Putinlə danışmağı planlaşdırır. Prezident deyib ki, bu, yalnız təcridini azaltmaqla Putinə kömək edəcək. Putin real sülh istəmir, fasilə istəyir".
Nəşrin həmsöhbəti qeyd edib ki, Şolsla söhbət sülh gətirməyəcək, çünki bu, Putinə vəziyyəti dəyişməyə və müharibəni davam etdirməyə imkan verəcək: “Putin sadəcə olaraq illərdir söylədiyi yalanları təkrarlayaraq, artıq təcrid olunmadığını göstərəcək”.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tixiy Almaniya tərəfinin Rusiya lideri ilə danışmaq niyyətini əvvəlcədən Ukrayna prezidentinə açıqladığını təsdiqləyib: “Ancaq Almaniya kansleri danışıqlarda Ukraynanın mövqeyinə zidd mövqe bildirməsə belə, Rusiya diktatoru ilə söhbət özlüyündə ədalətli sülhə nail olmaq üçün heç bir əlavə dəyər gətirmir”.
Sözçü qeyd edib ki, uzun söhbətlər Putinin 20 ildən artıqdır ki, öz maraqlarına çatmaq üçün istifadə etdiyi resursdur: "İndi danışıqlar Putinə beynəlxalq təcridin zəiflədilməsi üçün ümid verir".
Musavat.com