“Zelenski nə etsin” sualına Prezidentin o cavabı

Politoloq hesab edir ki, İlham Əliyev Ukraynaya ən uyğun tövsiyəni verib

Ukraynada davam edən müharibə dünyanın bir nömrəli mövzusu olaraq qalır. Bu səbəbdən iyulun 20-22-də Şuşada keçirilmiş beynəlxalq media forumda Azərbaycan Prezidenti İlham Əliyevə bu mövzuda da sual ümvanlanması gözlənilməz olmadı.  Ukraynanı təmsil edən jurnalist Mariana Qonçaruk əvvəl deyib ki, zamanında Azərbaycan da haqsız beynəlxalq dezinformasiyanın qurbanı olub. 

“Ukrayna, bildiyiniz kimi, Rusiyanın həm hərbi, həm də informasiya təcavüzünün qurbanıdır. Bizim kimi ölkələrə Sizin tövsiyəniz nədən ibarət olar ki, biz həqiqətləri necə çatdırmalıyıq və bizim nümayəndələrimiz bu sahədə necə əməkdaşlıq edə bilər” sualına dövlət başçısı əhatəli cavab verib. Dövlət başçısı deyib ki, Azərbaycanla müqayisədə Qərb mediası  Ukraynaya ciddi dəstək verir.   “Ancaq görürsünüz ki, bu, heç də müharibənin dayandırılması üçün kifayət etmir. Oksforddakı tədbirlərdə Ukrayna mövzusuna böyük vaxt ayrılmışdı. Mən deyə bilərəm ki, həm açılışda və həm bağlanış sessiyasında, həm plenar sessiyada liderlərin çıxışlarının 90 faizi Ukraynaya həsr edilmişdi. Ona görə bu gün sizin çox güclü dəstəyiniz var. Ancaq yenə də bu, müharibənin dayandırılması üçün kifayət deyil”.

Dövlət başçısı  deyib ki, müəyyən vasitəçilik səyləri var, ancaq bu, əlbəttə, hər iki tərəfdən asılı olan məsələdir, hər iki tərəf danışıqlar aparmağa hazırdırmı: “Zənnimcə, danışmaq lazımdır. Sizə bir analogiya gətirə bilərəm: bizim münaqişə davam etdiyi dövrdə Ermənistanla daimi prosesimiz var idi. Əlbəttə, onun heç bir nəticəsi olmadı, ancaq bu proses davam edirdi. ATƏT-in keçmiş Minsk  Qrupu - biz onların fəaliyyətindən narazı idik və buna haqqımız da var idi, ancaq buna baxmayaraq, bu proses davam edirdi, danışıqlar var idi. Mən Ermənistanın liderləri ilə dəfələrlə görüşmüşəm, indiki hakimiyyət və ondan əvvəlki prezidentlərlə də danışıqlar aparmışam. Ona baxmayaraq ki, əvvəlki iki prezident Azərbaycana qarşı soyqırımı törədənlər, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi. Bu, mənim üçün heç də xoşagələn hal deyildi ki, mən məcbur onlarla əl ilə görüşürdüm. Ancaq mən bunu sülh naminə və ərazilərimizin azad edilməsi naminə edirdim və Prezident olaraq bütün hisslərimi, bütün emosiyalarımı kənara qoymalı idim. Yəni sən bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər bizə kömək etdimi ərazilərimizi bərpa edək? Məncə, bəli, onların xeyri oldu. Detallara varmaq istəmirəm, ancaq bir çoxları anlayır, mən nə haqda danışıram və bütün o illər ərzində biz bunu edirdik. Elə bir dövr var idi ki, biz atəşkəsə razı olmalı olduq. Bu, 1994-cü ildə baş verdi. Bu, çox çətin qərar idi, sizi əmin edirəm və dəfələrlə Qərb ölkələrindən gələn qonaqlar mənə sual verirdilər, bu məsələ necə həll edilə bilər? Mən onlara deyirdim: mənim atam Azərbaycanı məndən az sevmirdi və ya hər hansı bir azərbaycanlıdan az sevmirdi. Ancaq o, məcburən 1994-cü ildə bu atəşkəsə razı oldu, çünki ölkəni xilas etməli idi. O zaman Azərbaycanın faktiki olaraq ordusu yox idi. Biz ordumuzu hələ yeni qururduq və bu proses sonra davam etdi və bu gün biz qürur duya biləcəyimiz ordu qurmuşuq.

Əlbəttə, insan bəzən çətin qərarlar verməli olur və şəxsən mən 17 il idi ki, Prezident idim Qarabağı azad edərkən. Lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim prezident olacaqdı. Yəni bunun heç bir fərqi yoxdur. Bu hadisə bəlkə də bundan 50 il sonra baş verəcəkdi. Yəni burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil, fərq etməz lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi və bizim tarixdən dərslərimiz olub. Təkrar edirəm, bəzən biz çətin qərarlar verməli idik ki, əsas məqsədimizə çataq. Yəni bu, uzun bir hekayədir. Ancaq bu baxımdan Azərbaycanın təcrübəsi maraqlı ola bilər". 

Siyasi ekspertlər hesab edir ki, Azərbaycan Prezidenti bu fikirləri ilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ukrayna üçün Rusiya ilə danışıqlara getmək tövsiyəsini çox ustalıqla vermiş olub.

Tofiq Abbasov canlı efirdə Pənah Hüseyni döydü - Video

 Tofiq Abbasov

Siyasi ekspert Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyadakı beynəlxalq təşkilatların, beynəlxalq qanunların  əslində necə işlədiyini çox dəqiq bilir: “Prezident İlham Əliyev dəfələrlə deyib ki, mən hələ hakimiyyətə yeni gələn zamanlarda dünya birliyinin, beynəlxalq təşkilatların beynəlxalq qanunları hər şeydən üstün tutaraq fəaliyyət göstərdiyini düşünürdüm, amma sonra əmin oldum ki, belə deyil, onlar başqa xalqların, insanların hüquqlarını danırlar. Ona görə də cənab İlham Əliyev həmişə deyib və bu gün də deyir ki, ancaq və ancaq ümid yeri özünə güvənmək, güclü olmaqdır. Güclü olmalısan, öz yol xəritəni cızmalısan ki, hədəfinə də gec-tez çatasan. Azərbaycan Prezidenti çox vacib bir məsələni Ukrayna nümayəndəsinə xatırladıb və Azərbaycan nümunəsini misal göstərib. Tarixdə belə faktlar olub-özünə güvənən qüvvə hətta elə anlar olub ki, güzəştə gedib, ancaq zamanla istədiyini əldə edə bilib. Bəzən bir addım geri atmalısan ki, gələcək addımlara hazırlaşmaq üçün imkan, vaxt əldə edəsən və lazımi anda irəli daha çox addım ata biləsən”.

Politoloq hesab edir ki, bu gün Ukrayna hakimiyyəti çox mənasız, məntiqdən uzaq xətt yürüdür. Prezident Zelenskinin bu yaxınlarda NATO sammitində iştirak etməsi və əldə etdiyi “nəticələr” də göstərdi ki, Qərb birliyi Ukraynanı önə verərək Rusiyanı zəiflətməyə çalışır. Daha çox itirən Ukraynadır, onun xalqıdır: “Ona görə də Ukrayna Rusiya ilə sülh danışıqların vaxt itirmədən qatılmalıdır. Bu, Ukrayna üçün ən optimal variantdır. Geostrateji resurslar baxımından Rusiya ilə Ukraynanın göstəriciləri müqayisəyə gəlmir. Rusiya güclüdür və müharibə uzandıqca Ukrayna daha çox itkilərə məruz qalacaq. Mənim fikrimcə, Azərbaycan Prezidenti İlham Əliyev bu və digər məqamları təhlil edərək, təcrübələrə əsaslanaraq praqmatik yanaşma sərgilədi. Ukraynaya ən uyğun tövsiyəsini vermiş oldu”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

23.07.2024 13:26
1220