Zelenski: "Müharibəni dayandırmaq üçün..."

"Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsini dayandırması ilə bağlı tərəfdaşlar tərəfindən heç bir təzyiq yoxdur".

Bunu Ukrayna prezidenti Vladimir Zelenski Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə görüşdən sonra brifinqdə deyib.

"Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsini dayandırması ilə bağlı tərəfdaşlar tərəfindən heç bir təzyiq yoxdur. Ədalətli müdafiəmizi və mübarizəmizi dayandırmaq - bu məsələdə heç bir təzyiqlə üzləşmirik. Hazırda belə təzyiq yoxdur", - Zelenski deyib.

O, müharibə ilə bağlı müxtəlif fikirlərin olduğunu da əlavə edib.

"Onları eşidir və bu tanış fikirləri mətbuatda oxuyuram. Müxtəlif fikirlər səslənir, müzakirələr aparılır. Ancaq hesab edirəm ki, tərəfdaşlarımız hələ rəsmi olaraq bizə müvafiq siqnallar verməyə hazır deyil. Ən azından mən onları şəxsən eşitməmişəm. Amma düşünürəm ki, biz Rusiya Prezidentinin ritorikasına diqqət yetirməliyik. O, dayanmaq fikrində deyil. O, bizi tamamilə işğal etmək istəyir”, - deyə Ukrayna prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, tərəfdaşların Ukraynaya maliyyə və hərbi yardımla bağlı qeyri-müəyyənliyi, bəzən ləng reaksiyası Rusiyaya yalnız cəsarət və güc verir. Ona görə də bunu (yardımın verilməsini – red.) təxirə salmağa qətiyyən ehtiyac yoxdur", - prezident vurğulayıb.

Prezident Zelenski bəyan edib ki, Putin Ukraynanı məhv etməyənə qədər dayanmayacaq.

"Ukrayna buna dözməsə, növbəti hədəfdə Litva, Latviya, Estoniya və Moldova ola bilər. Onlar (ruslar – red.) artıq Finlandiyadan, Özbəkistanın müstəqilliyindən danışmağa başlayıblar... O (Putin – red.) biz hamımız birlikdə bu müharibəni bitirməyənə qədər istilalara son qoymayacaq", – deyə Zelenski vurğulayıb. (APA)

10.01.2024 22:03
4940