“Zelenski erməni hərbi əsirlərlə birlikdə Bakıdan İrəvana gəlməli imiş” - ŞOK İDDİA

Ukrayna prezidenti Vladimir Zelenskinin Ermənistana mümkün səfəri ilə bağlı qərar Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Britaniya Xarici Kəşfiyyat İdarəsinin (MI6) rəhbəri Riçard Mur arasında keçirilən görüşdən sonra qəbul edilib.

Musavat.com xəbər verir ki, bu barədə ermənilərin 24News saytı məlumat yayıb.

“Anonim həmsöhbətimizin sözlərinə görə, Mur regional səfər məntiqi çərçivəsində Paşinyanı Zelenskini qəbul etməyə inandıra bilib: yəni Zelenski Bakıya getməli, sonra İrəvana gəlməli idi. Səfərin təşkili üçün hətta ingilislər Ermənistan hakimiyyətinə Azərbaycana təzyiq göstərəcəklərini vəd ediblər. Üstəlik, guya Zelenski erməni hərbi əsirlərlə birlikdə Bakıdan İrəvana gəlməli imiş. Britaniyalılar bu addımla Zelenskinin sülhməramlı kimi reytinqini yüksəltməyə və Ermənistan-Rusiya münasibətlərinə növbəti zərbə vurmağa hazırlaşıblarmış.

Əldə etdiyimiz məlumata görə, Paşinyan əvvəlcə bu ideyaya həvəslə yanaşsa da, sonradan ölkə daxilində səfərin mümkün fəsadları müzakirə olunmağa başlayanda vaz keçib. Bundan sonra Ermənistan baş naziri Ukrayna prezidentini yalnız regional səfər çərçivəsində qəbul edəcəyi barədə şərt qoyub”, - deyə xəbərdə bildirilir.

Musavat.com

01.03.2024 19:00
8467