Zelenski bu gün Avropa liderləri ilə danışacaq

Ukrayna prezidenti Volodimir Zelenski bu gün bir sıra Avropa liderləri ilə Rusiya ilə mümkün atəşkəs və sülh prosesini müzakirə edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Zelenski özü açıqlama verib.

Onun sözlərinə görə, ABŞ və Rusiya arasında müharibəyə son qoymaq məqsədilə aparılan təmasların nəticələri Avropa liderləri ilə dəyərləndiriləcək:

“Birincisi, qətllər dayandırılmalıdır və atəşkəsə razılaşmalı olan tərəf Rusiyadır. İkincisi, bu, liderlər üçün elə bir formatdır ki, görüşlər davamlı sülhə doğru real nəticə verə bilər. Ukraynada dəfələrlə demişik ki, real həll yollarının axtarışı məhz liderlər səviyyəsində effektiv ola bilər. Biz bu formatın vaxtını və müzakirə ediləcək məsələlərin spektrini müəyyənləşdirməliyik. Üçüncüsü, uzunmüddətli təhlükəsizlik təmin olunmalıdır. Bu isə yalnız ABŞ və Avropa ilə birlikdə mümkündür”, – Zelenski bildirib.

Ukrayna liderinin bu məqsədlə Almaniya kansleri Merz, Fransa və İtaliya nümayəndələri, eləcə də milli təhlükəsizlik müşavirləri ilə danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, hələlik nə Rusiya, nə də digər tərəflər bu istiqamətdə konkret mexanizmləri və ya alqoritmi təsdiqləməyiblər.

Musavat.com

07.08.2025 12:52
253