Ali Baş Komandan ailəsi ilə birlikdə Xankəndidə səs verdi; vətəndaşlar ölkə boyunca kütləvi şəkildə məntəqələrə axışdı; xarici müşahidəçilər prosesin gedişindən razı qaldı; "exit-poll"un və MSK-nın açıqladığı rəqəmlər....
7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkisi yüksək səviyyədə baş tutdu. Müstəqillik tariximizdə bu, tamamilə fərqli seçki idi. Çünki 7 fevral seçkisi suverenliyimizin tam bərpa olunduğu şəraitdə, işğaldan azad edilmiş Qarabağ daxil, bütün ölkə ərazisində reallaşan ilk seçki idi.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, MCP-nin namizədi Razi Nurullayev, BQP-nin namizədi Fazil Mustafa, BAP-ın namizədi Elşad Musayev, BAXCP-nin namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparırdı.
Səsvermə günü səhər saatlarından seçicilər kütləvi şəkildə seçki məntəqələrinə axın etdi, Azərbaycanda indiyədək keçirilən seçkilərdə görünməyən seçici fəallığı müşahidə olundu. İnsanlar səs vermək üçün uzun növbəyə dayanırdılar.
***
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.
Kadrlardan görünür ki, Prezident və ailəsi sıraya durur və digər vətəndaşlar kimi səsvermədə iştirak edir.
İlham Əliyevin səsvermə məntəqəsi kimi Xankəndini seçməsi simvolik məna daşıyır. Bu, dünyaya və dünya ermənizminə verilən mesajdır. Xankəndinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu şəhər bizim və bütün Türk dünyası üçün çox önəmlidir.
***
Son 30 ildə ilk dəfə olaraq Qarabağda - Şuşada, Laçında, Cəbrayılda, Füzulidə, Ağdamda, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocalıda, Xocavənddə, Suqovuşanda növbədənkənar prezident seçkisində seçki məntəqələri yaradılıb və insanlar orada səs verib.
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Şuşada yaradılmış 105 saylı seçki məntəqəsinin çıxışında ABŞ-ın “Oracle Advisory Group” təşkilatı “exit-poll” keçirib.
MSK-da yaradılan informasiya mərkəzində seçkinin gedişi, seçici aktivliyi, səs verənlərin faizi ilə bağlı gün ərzində bir neçə dəfə məlumatlar açıqlandı.
Azərbaycanın xarici ölkələrdəki vətəndaşları da səfirliklərimizdə, digər məkanlarda təşkil edilmiş seçki məntəqələrində fəal şəkildə səsverməyə qatılıblar. Səfirliklərimiz və diaspor təşkilatlarımız buna dair açıqlamalarla çıxış ediblər.
7 fevral seçkilərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirib.
"Exit-poll" nəticələrinə görə, seçicilər azad şəkildə iradələrini nümayiş etdiriblər.
“Oracle Advisory Group” təşkilatının apardığı "exit-poll"un nəticəsinə əsasən İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.
Zahid Oruc 1,8 faiz, Fazil Mustafa 1,5, Qüdrət Həsənquliyev 1,2, Razi Nurullayev 0,9 faiz, Elsad Musayev 0.4, Fuad Əliyev 0.3 faiz səslə sonuncu yerdədir.
“Rəy” Monitorinq Mərkəzinin "exit-poll" nəticəsinə əsasən seçicilərin 92,6 faizi İlham Əliyevə səs verib. Zahid Oruc - 0,37 %, Fazil Mustafa - 0,58 %, Qüdrət Həsənquliyev - 0,46 %, Razi Nurullayev - 1,16 %, Elşad Musayev - 0,11 %, Fuad Əliyev - 0,84 % səslə qərarlaşıb.
Sosioloji Tədqiqatlar Mərkəzinin "exit-poll" nəticələri isə belədir:
İlham Əliyev 92,4, Z.Oruc 2,2, F.Mustafa 2, Q.Həsənquliyev 1,6, R.Nurullayev 0,6, Elşad Musayev 0,8, Fuad Əliyev 0,4 faiz.
Xarici müşahidəçilər seçkinin gedişində hansısa ciddi qanun pozuntusu olmadığını, seçkilərin ədalətli, demokratik şəraitdə keçirildiyini bəyan ediblər.
“Müşahidə apardığımız bütün seçki məntəqələrində bizi çox yaxşı münasibətlə qarşıladılar və ünvanladığımız bütün suallara dolğun cavab verdilər”.
Bunu beynəlxalq müşahidəçi, Beynəlxalq Parlamentarilər Konqresinin üzvü (BPK) Soro Fobeh deyib.
Onun sözlərinə görə, seçki məntəqələrində beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün rahat şərait yaradılıb.
Beynəlxalq Parlamentarilər Konqresinin daha bir beynəlxalq müşahidəçisi Barri Asmaou bildirib ki, səsvermə zamanı konfliktə rast gəlməyiblər: “Seçkilərdə çox yüksək səviyyədə ictimai iştirakçılıq müşahidə edirik. Məntəqələrdə seçicilərin aktivliyini görürük”.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT-in Parlament Assambleyasının nümayəndə heyəti azad edilmiş ərazilərdə seçki prosesini izləyiblər.
DTİHB-nin müşahidəçiləri Larn Nyholm (Danimarka) və Yevgeni Luginov (Rusiya) Ağdam, Füzuli, Şuşa və Xankəndi şəhərlərində dairə seçki komissiyaları və məntəqələrə baş çəkiblər.
ATƏT Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Artur Gerasimov və ATƏT PA-nın əməkdaşı Tim Knoblau da Şuşa, Xankəndi və digər ərazilərdə seçki prosesini izləyiblər.
“Biz şəffaf seçkinin, beynəlxalq standartlara uyğun seçkinin, seçicilərin axınının şahidi olduq”. Bunu seçkini müşahidə edən İtaliya parlamentinin üzvü Andreo di Cuzeppe mediaya açıqlamasında deyib.
Digər parlamentari Naiti Buntrioni deyib ki, çoxdandır belə pozitiv bir situasiya ilə rastlaşmamışdı: “Bu onun göstəricisidir ki, hazırkı hökumət və bundan əvvəlki hökumətlər əhali ilə öz arasında etimad yaratmağı bacarıb. Mən buradakı təcrübəni ölkəmdə də tətbiq edəcəyəm”.
Digər parlamentari Salvatori Kayata da həmkarlarının fikirləri ilə həmrəy olduğunu bildirib.
GUAM PA-nın bəyanatında isə deyilir ki, seçkidə hər hansı qanun pozuntusu və ya şikayət qeydə alınmayıb.
***
Günün sonunda - saat 22 radələrindən sonra seçkinin nəticələri ilə bağlı MSK-nın ilkin rəsmi açıqlaması oldu.
MSK-nın İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 4 971 032 nəfər səs verib, seçici fəallığı 76,73 faiz olub.
Saat 23:15-də MSK sədri Məzahir Pənahov 7 fevral növbədənkənar Prezident seçkisinin ilkin nəticələrini açıqladı. O bildirib ki, ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:
- İlham Əliyev - 92,10 faiz (2 497 542 səs);
- Zahid Oruc - 2,20 faiz;
- Razi Nurullayev - 0,79 faiz;
- Fazil Mustafa - 1,99 faiz;
- Elşad Musayev - 0,66 faiz;
- Qüdrət Həsənquliyev - 1,78 faiz;
- Fuad Əliyev - 0,48 faiz;
Seçkinin ilkin nəticələri bəlli olduqdan dərhal sonra seçkidə uduzmuş namizədlər qalib İlham Əliyevi təbrik edən bəyanatlarla çıxış ediblər. Habelə ilkin nəticələr elan olunandan sonra qəzetimiz çapa gedən müddətədək Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Belarus prezidenti Aleksandr Lukaşenko, Macarıstanın baş naziri Viktor Orban Prezident İlham Əliyevə telefon açaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məktub göndərərək, daha sonra zəng edərək, həmçinin İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidentini təbrik ediblər.
Beləliklə, Azərbaycan xalqı Zəfər seçkisində Qalib sərkərdə İlham Əliyevə bir daha ən yüksək etimadı göstərdi, ona dövlətimizin daha da inkişafı, güclənməsi üçün növbəti 7 illik mandat verdi.
Axşam saatlarında paytaxt sakinləri bayraqlarla küçələrə axışaraq, İlham Əliyevin prezident seçilməsini bayram edib.
İlkin nəticələr açıqlandıqdan sonra Şuşa şəhərində, Xankəndidə, Qarabağın, həmçinin, ölkənin bütün bölgələrində də yürüş keçirilib.
Hazırladı: Elşad MƏMMƏDLİ