Zaxarovadan SON DƏQİQƏ açıqlamaları - Zelenskinin planını sərt TƏNQİD ETDİ

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bir sıra vacib mövzularla bağlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Zaxarovanın çıxışı zamanı Qafqaz, Qərb-Rusiya münasibətləri və beynəlxalq təhlükəsizlik məsələləri ön plana çıxıb.

Abxaziya ilə bağlı razılaşmalar

M.Zaxarova bildirib ki, Moskva Abxaziya hakimiyyəti ilə müxalifət arasında əldə edilən razılaşmaları diqqətlə izləyir. Onun sözlərinə görə, Abxaziyada vaxtından əvvəl seçkilərin keçirilməsi üçün zəruri şərait yaradılması vacibdir.

Rusiya-Gürcüstan münasibətləri

Zaxarova Rusiyanın Gürcüstanın daxili işlərinə müdaxilə etdiyi barədə ittihamları qəti şəkildə rədd edib. O, Qərbin Gürcüstanda sabitliyi pozmaq və öz maraqlarına uyğun hakimiyyət yaratmaq üçün çalışdığını iddia edib.

ABŞ-ın Polşada yerləşdirdiyi raketdən müdafiə sistemləri

Rusiya XİN-in nümayəndəsi ABŞ-ın Polşada raketdən müdafiə sistemi bazasını açmasını “provokativ addım” adlandırıb və bunun strateji riskləri artırdığını bildirib. Eyni zamanda, Zaxarova vurğulayıb ki, bu baza artıq Rusiyanın prioritet hədəflər siyahısına daxil edilib.

Ukrayna ilə bağlı açıqlama

Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin təqdim etdiyi “Möhkəmlik planı”nı “reallıqdan uzaq fantaziyalar” kimi qiymətləndirib və bu planın onun hakimiyyətini qorumağa yönəldiyini bildirib.

UNESCO-ya tənqidlər

Rusiya UNESCO-nun baş direktoru Odri Azule və təşkilatın son hesabatını tənqid edib. Moskva jurnalistlərin təhlükəsizliyi və cəzasızlıqla bağlı hesabatı qeyri-obyektiv adlandıraraq öz narazılığını təşkilatın üzv ölkələrinə çatdıracağını bəyan edib.

Rusiya-Avstriya qaz mübahisəsi

Moskva Avstriyanın OMV qaz şirkətinə qaz tədarükünü dayandırmaq qərarını əsaslı adlandırıb. Zaxarova bildirib ki, Rusiya xeyriyyəçilik prinsipləri ilə pulsuz qaz tədarük etməyəcək və bu qərar iqtisadi əsaslara dayanır.

Sergey Lavrovun iştirakı

Rusiya XİN rəhbəri Sergey Lavrov 28 noyabrda Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər, Müdafiə Nazirləri və Təhlükəsizlik Şuraları katiblərinin iclasında iştirak edəcək.

Musavat.com

21.11.2024 14:07
403