Tələbənin ölümündə təqsirləndirilən azərbaycanlıya 11 il cəza verilsə də, cəmi 4 il həbsdə qalıb-Qolikovun anası Sankt-Petertburqu ayağa qaldırıb
Sankt-Peterburq Dövlət Universitetinin tələbəsini qətlə yetirməkdə təqsirli bilinən azərbaycanlı Zaur Kərimov yenidən Sankt-Peterburqda saxlanılıb. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, 11 il müddətinə azadlıqdan məhrum edilən Z.Kərimov bu yaxınlarda Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılsa da, indi yenidən həbsxanaya qaytarılıb.
Hadisə 2020-ci ilin iyununda Nevski prospektindəki ofisində baş verib. 24 yaşlı Sankt-Peterburq Dövlət Universitetinin tələbəsi Vladislav Qolikov qeyr-rəsmi fəaliyyət göstərən ofisə işə qəbul üçün sifariş verdiyi tibbi kitabçanı almağa gəlib. Şirkətin işçiləri sifarişi yerinə yetirməyiblər və üstəlik, gəncin 2400 rublunu qaytarmaqdan da imtina ediblər. Onunla şirkətin mühafizəçisi, 42 yaşlı Zaur Kərimov arasında münaqişə yaranıb. Mübahisə zamanı azərbaycanlı mühafizəçi travmatik tapança ilə gəncin başına atəş açıb. Qolikov reanimasiyaya yerləşdirilib. Həkimlər doqquz gün onun həyatı üçün mübarizə aparsalar da, oğlan aldığı xəsarətlərdən ölüb. Daha sonra hüquq-mühafizə orqanları Zaur Kərimov barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıb.
Z.Kərimov qaçmağa çalışsa da, əməliyyatçılar onu iki gün sonra həbs ediblər. Məhkəmədə mühafizəçi cinayət yerindən ümumiyyətlə qaçmadığını, gəncin sağlamlığı üçün kilsəyə şam yandırmaq üçün getdiyini söyləyib. O günahını etiraf etməyib, özünü müdafiə etdiyini iddia edib. Onun versiyasına görə, öncə tələbə ona hücum edib. Azərbaycanlı deyib ki, tələbə ofis rəhbərliyi ilə mübahisə edib və onların fotoşəkillərini çəkib, sonra isə onun üzünə bibər qazı vurub.
Kərimov istintaq zamanı 3 il istintaq təcridxanasında olub. Nəticədə o, qəsdən adam öldürmə maddəsi ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2024-cü ilin əvvəlində apellyasiya məhkəməsi onun əməllərini özünümüdafiə məqsədini aşaraq adam öldürmə kimi tövsif edib və cəzanı 4 il 8 aya endirib. Artıq təcridxanada keçirdiyi vaxt nəzərə alınaraq Kərimov azadlığa buraxılıb.
Z.Kərimov azadlığa buraxıldıqdan sonra öldürülən Vladislav Qolikovun anası məhkəmənin qərarından kassasiya şikayəti verib. İstintaq Komitəsinin Sankt-Peterburq üzrə İstintaq İdarəsi peterburqlu qadının şikayətini təmin edilib, tövsif və cəzanın dəyişdirilməsi işi yeni məhkəmə baxışına göndərilib.
“Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsinin əməkdaşları aşağı instansiya məhkəməsinin cinayət işinin tövsif edilməsi və cinayət işinin dəyişdirilməsi barədə qərarından kassasiya şikayəti verməkdə zərərçəkmişə, öldürülən şəxsin anasına köməklik göstəriblər. Zərərçəkmiş tərəfin şikayəti təmin edilib, cinayət işi yenidən baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə Kərimov barəsində qiyabi həbs qətimkan tədbiri seçib”, - deyə idarənin mətbuat xidməti məlumat yayıb. Məhkəmənin qərarından sonra Z.Kərimov yenidən həbs edilib. Onun yaşadığı ünvanda axtarış aparılıb, Z.Kərimov isə istintaq təcridxanasına köçürülməsi üçün əməliyyatçılara təhvil verilib.
“İstintaqın məlumatına görə, Kərimov müdafiə üsullarına uyğun gəlməyən üsuldan istifadə edib və qəsdən törətdiyi əməllər nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olub”, - deyə İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən bildiriblər.
Musavat.com