Aparıcı Zaur Baxşəliyev sosial media hesabında Şuşadakı evlərinin görüntüsünü paylaşıb.
Zaur Baxşəliyev paylaşımına bu sözləri yazıb:
"Uşaqlığım 11 yaşımda bitib. Heç vaxt o illərə qayıtmaq istəmirdim. Atalı uşaqlıq illəri. O illər ki, qayğısız, şən, etinasız, uşaq kimi uşaq idim. Heç vaxt düşünməzdim ki, bir gecədə bu qədər böyüyə bilərəm. Şuşaya ayaq basanda 11 yaşıma qayıtdım. Bəlkə də inanmayacaqsınız, Şuşada gəzəndə heç bir yer gözümdə dağılmış, uçmuş görünmürdü. 11 yaşımda Cıdır düzündə helikopterə minib çıxdığım kimi idi. Şuşaya son dəfə helikopterin pəncərəsindən baxanda ayağımın yerdən üzüldüyünü, nədənsə qopduğumu hiss etdim. Anlamırdım, bu nə duyğudur, ancaq hiss edirdim ki, çox qiymətli bir şeyi itirirəm. Çox sonralar anladım ki, itirdiyim yaşamadığım uşaqlığım, doğulduğum ev, atalı günlərim, ilk məktəbim və bütün ilklərim idi.
Məni tanıyanlar bilir, atamın ölümünü heç vaxt qəbul etməmişəm, elə bu səbəbdən qəbir üstünə də gedə bilmirdim. Şuşada hər yerdə gözüm atamı axtardı. Əlimdən tutub bu balaca şəhərin hər tinini qarış-qarış gəzdirmişdi. Hər yerdə atam var idi, amma həm də yox idi. Atamın yoxluğunu Şuşada hiss etdim. Qəbul etdim ki, o bir daha qayıtmayacaq . Qayıdan kimi qəbir üstünə getdim. Atama Şuşadan danışdım. Nənəmgilə getdiyimi dedim və üzr istədim". (Teleqraf.com)