Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini, hər zaman ermənipərəst mövqeyi ilə fərqlənən deputat Konstantin Zatulin Nikol Paşinyan barədə çox sərt danışıb. O deyib ki, Paşinyanın hakimiyyətdə qaldığı hər gün Rusiya üçün təhqirdir.
Musavat.com xəbər verir ki, Zatulin Paşinyanı anti-Rusiya əhvalı yaratmaqda və nankorluqda suçlayıb:
"Ermənistan adlı bir dövlətin mövcud olması Rusiya sayəsində baş verib. Paşinyan isə özünün əməlləri nəticəsində son illərdə baş verənləri Rusiyanın üzərinə atır, bizi günahkar göstərir. Ona da Ermənistanda inanırlar. Bütün bunlar yalandır! Rusiyanın reytinqi Ermənistanda sürətlə düşür və bunun da səbəbkarı Paşinyandır".
Rusiyanın 1-ci kanalı ilə yayımlanan verilişdə iştirak edən digər təhlilçilər də bir ağızdan Paşinyanı və onun hökumətini suçlayıblar.
Xatırladaq ki, Rusiya kanallarının Ermənistanda yayımı dünəndən etibarən dayandırılıb.
Bu barədə açıqlanan xəbərdə deyilir: "Ermənistan Televiziya və Radio Verilişləri Şəbəkəsi QSC ilə "Kanal 1" arasında mövcud razılaşmaya əsasən, Qlobal Şəbəkə ASC, Kanal 1, Qlobal Şəbəkə 2,5 aydır borc və müqavilə öhdəliklərini yerinə yetirməyib".
"Rusiya kanalının (ORT - red.) ictimai multipleksdə yayımı borc tam ödənilənə qədər müvəqqəti olaraq dayandırılıb", - Ermənistanın yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan "Armenpress"ə müsahibəsində bildirib.
Musavat.com