Zaqatalada 11 günə 4 azyaşlı xəstəxanada vəfat etdi – Səbəb nədir?

Xəbər verdiyimiz kimi, Zaqatalada daha bir azyaşlı xəstəxanada ölüb. Hadisə ötən  gün axşam saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində qeydə alınıb. Rayonun Çobankol kəndindən olan 2 yaşlı Bəxtiyar Maarif oğlu Əliyev həyatını itirib.

Musavat.com xəbər verir ki, bu, rayonda noyabr ayının 1-dən 12-nə kimi xəstəxanada baş verən 4-cü ölüm halıdır. 11 gün ərzində 4 azyaşlının həyatını itirməsi konkret həyəcan təbilinin çalınmasını zəruri edir. Eyni zamanda bölgələrdə fəaliyyət göstərən tibb personalının peşəkarlıq səviyyəsinin və xəstəxanaların şəraitinin araşdırılması üçün ciddi əsas yaradır.

Mövzu ilə bağlı Musavat.com-a danışan tanınmış həkim-cərrah Adil Qeybulla bildirib ki, ölümün səbəbi haqqında rəy əldə etmədən konkret fikir bildirmək mümkün deyil. Onun sözlərinə görə, xəstəxanaların tabelilik sistemi ikilidir.

“Xəstəxanalar həm Səhiyyə Nazirliyinə, həm də TƏBİB-ə tabedir. Nəticədə işin effektivliyi azalıb. Azərbaycanda səhiyyə sahəsində işlər düzgün qurulmayıb.  Dəfələrlə bu məsələ qaldırılıb ki, bir icraçı qurum olmalıdır. Azərbaycan səhiyyə siyasətinə və onun həyata keçirilməsinə rəhbərlik edən, bu işi təşkil edən bir qurum olmalıdır.

İcbari Tibbi Sığortanın işində əvvəlcədən bu məsələlər lazımi səviyyədə qurula bilmədi deyə bu problemlər indiyə qədər qalmaqdadır.  Səhiyyə işinin təşkilində də problemlərimiz çoxdur. Səhiyyənin profilaktik istiqaməti unudulub.  Uşaqların vaxtında peyvəndlənməsi, peyvənd təqviminin aparılması prosesi kökündən pozulub. Bir müddət öncə qızılcadan xeyli sayda uşağın həyatını itirməsinin şahidi olduq.  Bütün bunlar ona görə baş verdi ki, uşaqlar vaxtında peyvəndlənmir. Bu, ÜST tərəfindən təşkil edilmiş peyvəndləmə təqvimidir. Buna necə əməl etməmək olar?! Bu işlərin əvvəlki standartlar səviyyəsində saxlanmasına nail olmaq lazımdır.   

Bu gün Azərbaycanda vərəmli xəstələrin erkən aşkar edilməsi ilə bağlı hansı işlər görülür? Sovet dövründə bununla bağlı ciddi, planlı işlər aparılırdı. Səhiyyəmiz Səhiyyə Nazirliyinin tabeliyində olmalıdır. Səhiyyə Nazirliyinin tərkibindəki digər qurumlar da birləşdirilməlidir. Nazirlik dünya səhiyyəsinə uyğun iş aparmalıdır”.

Vəkil Sadiq Əfəndiyev bildirir ki, xəstəxanalarda ölüm hallarının sayının artmasına səbəb ekspertiza rəyinin obyektiv verilməməsidir:

“Cəmiyyəti narahat edən məsələ həkim səhvinə, laqeydliyinə görə ölüm hallarının artmasıdır. Bu, məhkəmə-tibb ekspertizasının rəyi ilə müəyyən olunur. Lakin görünən odur ki, həkimlər bəzən vəzifələrinə laqeyd münasibət göstərirlər. Xeyli sayda həkimin cinayət məsuliyyətinə cəlb olunması buna bariz nümunədir. Bu əməllərə görə həkimlər əsasən Cinayət Məcəlləsinin 142 və 314-cü maddələri üzrə məsuliyyət daşıyırlar. Birinci halda xəstəyə ümumiyyətlə, tibbi yardım göstərilmir, digər halda isə lazımi qaydada müayinə və müalicə edilmir. Hər şey diaqnozdan başlayır. Onun qoyulması üçün xəstə zəruri müayinələrdən keçirilməlidir.

Məsələn, xəstə pnevmoniyadan yaranan təngnəfəsliklə xəstəxanaya daxil olur, ona səhvən ürək çatışmazlığı diaqnozu qoyulur. Nəticədə onun müalicəsi yanlış aparılır və dünyasını dəyişir. Sonradan müəyyən olunur ki, xəstə pnevmoniyadan əziyyət çəkirmiş. Bu cür halda cinayətin gizlədilməsinin üsullarından biri də təhrif edilmiş məlumatların sonradan tərtib edilmiş xəstəlik tarixçəsinə daxil edilməsi, ekspertin də öz rəyini həmin tibbi sənədlərlə əsaslandırmasıdır. Əslində ekspert rəyə gələrkən tək xəstəxananın təqdim etdiyi tibbi sənədlərə deyil, eləcə də meyitin obyektiv daxili müayinəsi nəticəsində əldə edilmiş məlumatlara da əsaslanmalıdır. Bəzən isə meyit sahibi onun daxili müayinəsinə yəni yarılmasına etiraz edir, buna imkan vermir. Bu da təbii ki, eksperti mühüm sübutlardan məhrum edir və törədilmiş cinayətin aşkar edilməsini çətinləşdirir. Nəticədə bu kimi hallar belə cinayətlərin artmasına səbəb olur.

Xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində xəstə ölərsə həmin tibb işçisi Cinayət Məcəlləsinin 142.3-cü maddəsi ilə cinayət məsuliyyəti daşıyır. Bu əmələ görə təqsirli şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həkimin səhlənkarlığı, yəni işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi xəstənin ölümünə səbəb olduğu halda əməl Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə qiymətləndirələk iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməl iki və ya da çox şəxsin ölümünə səbəb olduqda isə həmin Məcəllənin 314.3-cü maddəsinə əsasən üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Şahanə Rəhimli

Musavat.com

14.11.2024 13:57
409