Zakir Həsənovun kritik İordaniya səfəri - İran dronları göydə uçarkən...

Hərbi ekspert: “İordaniya ilə əməkdaşlığın daha da dərinləşməsi ölkəmizin maraqlarına uyğundur”

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov həftəsonu İordaniya Haşimilər Krallığına rəsmi səfər edib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində Zakir Həsənov İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-mayor Yusif Əhməd Al-Hnaiti ilə görüşüb. 

Geniş tərkibdə keçirilən görüşdə hərbi, hərbi texniki sahədə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Görüşün sonunda müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb.

Səfər çərçivəsində nazir həmçinin Kral II Abdullah Xüsusi Əməliyyatların Təlimi Mərkəzində olub. Mərkəzdə baş direktor, polkovnik Nael Alşqiratla görüş keçirilib, bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Müdafiə nazirinə mərkəzin əsas fəaliyyət istiqaməti və burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib. 

Nazir daha sonra Kral Hərbi Hava Qüvvələri Komandanlığına gəlib. Zakir Həsənov burada İordaniyanın Kral Hərbi Hava Qüvvələri Komandanı general-mayor Məhəmməd Hyasatla görüşüb. Görüşdə hərbi, hərbi təhsil və hərbi texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Azərbaycanın müdafiə naziri İordaniya Kralı II Abdullah ibn Al Hüseynlə də görüşüb. Müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Görüşdə İordaniya ilə bir çox sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb. Diqqətçəkicidir ki, nazir İordaniyada ikən İran İsraili raket və dron atəşinə tutub. Dronların mühüm bir hissəsi isə məhz İordaniya səmasında vurulub.

Azərbaycanı bu ərəb ölkəsi ilə hərbi sahədə hansı maraqlar birləşdirir? 

Ramil Məmmədli: Aprel döyüşlərində ordumuzun qələbəsi Prezident İlham  Əliyevin bu sahəyə göstərdiyi qayğının nəticəsidir - AZƏRTAC

Ramil Məmmədli 

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, Azərbaycanın Yaxın Şərqdə yerləşən ölkələrlə, xüsusilə də İordaniya ilə hərbi sahədə bir sıra addımları olub: “44 günlük Vətən müharibəsi ilə əlaqəli hərbi sahədə bir çox ölkələrlə əməkdaşlığımız olub. İordaniya ilə yanaşı İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri də bu sırada olub. İordaniya hərbi kontekstdə idarə olunan monarxiyadır. İordaniya ordusunun potensialı da digər ərəb ölkələrinin ordularından fərqlidir. Ölkə daha mobil, daha effektiv orduya malikdir. Bu baxımdan Azərbaycanla İordaniya arasında əməkdaşlığın daha da  dərinləşməsi ölkəmizin maraqlarına uyğundur. Nəzərə almaq lazımdır ki, İordaniya ərəb dünyasının olduqca strateji əhəmiyyət kəsb edən bölgəsində yerləşir. İordaniya Səudiyyə Ərəbistanı, İsrail, İraq və Suriya ilə qonşudur. İordaniyanın hərbi kontingenti içində Hərbi Hava Qüvvələri xüsusilə seçilir. Bu, İordaniya kralı II Abdullahın hərbi pilot olması, hər zaman bu sahəyə diqqət yetirməsi ilə bağlıdır. İordaniyada Hərbi Hava Qüvvələri xüsusi qoşun növü hesab olunur. İordaniya Hərbi Hava Qüvvələri Qərb təcrübəsini mənimsəyiblər. Bundan başqa, SSRİ var olduğu dövrdə İordaniya ilə hərbi sahədə yaxşı münasibətləri olub. Bütün bu sadalananlar İordaniyanın güclü, çevik Hərbi Hava Qüvvələrinə sahib olmasını şərtləndirib”.

Hərbi ekspert deyib ki, İordaniya hərbi-texniki sahədə də böyük potensiala malikdir: “İordaniya hərbi texnikaların modernləşməsi və əsaslı təmiri sahəsində də uğurlu ölkələr sırasındadır. Onunla əməkdaşlıq Azərbaycana böyük töhfə verə bilər. Azərbaycanla İordaniya arasında hərbi sahədə saziş imzalanıb və bu, gələcək əməkdaşlıq üçün önəmlidir”.

Hərbi ekspert İordaniya üzərindən bir sıra məhsulların satın alınması baxımından da əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıb. 

Elşən MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat” 

16.04.2024 11:51
1020