"Valideynlər arasında bioloji qohumluq nə qədər yaxın olarsa, onların övladlarına bir və ya daha çox zərərli genin eyni nüsxələrinin keçməsi ehtimalı bir o qədər yüksək olur".
Musavat.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxışı zamanı deyib.
O əlavə edib ki, dördüncü dərəcəli qohumların genlərinin 12.5 faizinin (1/8) ortaq olacağı ehtimal olunur, bununla da orta hesabla onların birgə nikahdan olan övladları 6.25 faiz (1/16) iki eyni gen cütünə (homoziqot) malik olur:
"Haşiyə çıxaraq, qanunvericilikdə qohum nikahların dərəcəsi 1 və 2-ci qohumluğa aid edilsə də, 3 və 4-cü qohumluq dərəcəsini əhatə etmir. Digər tərəfdən, nişanlanma ilə bağlı hüquqi məsuliyyət müəyyən olunmayıb. Ona görə də bir dövlət rəsmi təmsilçilərinin məlumatına istinad etsək, erkən yaşda nişanlanma azyaşlıların qanunla müəyyən edilmiş nikah yaşına çatana qədər artıq faktiki nikah münasibətlərinə daxil edilməsinə səbəb olmaqla bu cür şəxslərin cinsi istismara məruz qalmasına şərait yaradır. 2022-ci ilə olan məlumatlara əsasən, 2022-ci ildə 15-17 yaş qruplarında olan qadınlar tərəfindən 2011 uşaq dünyaya gətirilib, bunlardan 1880-i həmin qadınların birinci, 120-si həmin qadınların ikinci, 11-i isə üçüncü uşağı olub. Göründüyü kimi, belə statistikanın üzərində hakimiyyət institutları müxtəlif qərarlar qəbul edə bilər.
Bəs hansı tədbirlər, inzibati, yoxsa maarifləndirmə çıxış yoludur? Qadağalar hansı nəticəni doğurur?
Amerikanın 24 ştatında qohum evlilikləri qadağan olunub.
Hansı çıxış yolları təklifləri dünyada geniş tətbiq edilir? İlk növbədə ailənin maliyyə vəziyyətinin yaxşılaşdırılması, səhiyyə sahəsində ictimaiyyətin məlumatlandırılması və qadınlar üçün ali təhsil qohumluq nisbətlərini azalda bilər".
Zahid Oruc vurğulayıb ki, ən çox rast gəlinən genetik pozuntuları müəyyən etmək üçün nikahdan əvvəl genetik müayinə təklif edilməlidir:
"Həkimlər eşitmə qüsuru, talassemiya, kistik fibroz, əqli gerilik və s. kimi qohumlarla əlaqəli xəstəliklərə diqqət yetirməlidir. Risk altında olan ailələr üçün genetik məsləhət xidmətləri təmin edilməlidir.
Ən vacib addımlardan biri qohumluq və onun fəsadları haqqında dini müzakirələrin geniş aparılmasıdır. Çünki nikahın göylərdə kəsilməsi kimi səmavi inanclara əsaslanıb hökmlərin verilməsi məlum durumu yaradıb. İndi baxışlar dəyişməlidir. Qohum evlilikləri üçün genetik test yönləndirmə mərkəzləri yaradıla bilər. İnsanlar genetik test nəticələrinin məxfi və etik olduğuna əmin olmalıdırlar. Genetik xəstəliklərlə bağlı araşdırmalar təşviq edilməlidir.
Ölkəmiz hərbi Qələbədən sonra yeni çağırışlar qarşısındadır. Prezident İlham Əliyevin Yeni dövr kimi xarakterizə etdiyi və Böyük Qayıdış qarşısında xalqımızın daha güclü ailə institutuna, sağlam dəyərlərə malik olması onu bütün risk və təhlükələrdən qoruyacaq. Ona görə də biz yeni çağırışları həll etməliyik".
Afaq Mirayiq,
Musavat.com