Zabratda 2 metr asfalt döşənməsi ümid yaradıb - FOTOLAR

Zabratda kanalizasiya suları qrunt sularına qarışıb, üfunət baş çatladır. Əhali illərdir kanalizasiya sisteminin yoxluğundan, yolların bərbadlığından şikayətçidir.

Musavat.com xəbər verir ki, 148 saylı marşrut üzrə hərəkət edən avtobusların vəziyyəti elə qəsəbənin durumuna uyğundur.

Küçələrdə, evlərin qapılarına yaxın, dolub-daşan çirkli su anbarlarından axan sulardan hər kəs şikayətçidir. Sakinlər yağış sularının da anbarlara axma səbəbindən tez dolduqlarını deyirlər.

Çala-çuxur, palçıq, xəfif küləklə aləmi bürüyən toz sakinləri bezdirib. Kələ-kötür yollar avtomobillərin, küçədə oynamaq istəyən uşaqların qənimidir.

Qəsəbə sakini Rəqsanə Həsənova deyir ki, hələ biz bu yolun ən yaxşı halını görürük:

“Yağış yağanda bu yollar su altında qalır. İndi ən azından bu yolda gəzmək olur... Bəzən özümüzü dağ kəndində hiss edirik, elə bir heç Bakının 1 addımlığında deyil Zabrat”.

Sadıq Cəfərov, Turgenyev, Xavər Vəliyev küçələrini dolaşarkən diqqətimizi 2 metrlik asfalt yol çəkdi.

ASFAL SON.jpeg (564 KB)

O da qəsəbədəki bağçanın girişi idi. Sanki bu 2 metrlik yolu “Zabratda da asfalt yol var” demək üçün döşəyiblər.

Telefon xətti havada asılmaqdan bezmiş kimi, getdikcə əyri yollara düşür. Qaranlıqda görünməyən naqillər növbəti təhlükəyə dönür. Qurumların səhlənkarlığı, problemlərin gözardı edilməsi bu vəziyyəti adiləşdirib.

Əhali isə 2 metrlik asfalta baxıb, bir gün kanalizasiya probleminin, yollarının düzələcəyinə ümidlərini üzmürlər.

Mənzər Novruzlu,
Musavat.com

02.06.2025 15:03
734