Boris Yeltsin hələ Rusiya Federasiyasının prezidenti seçilməmişdən illər öncə, sovet dövründə öz çılğınlığı, sabit olmayan xarakteri ilə fərqlənib. 1979-cu ildə isə o, Kremlə bir neçə dəfə zəngi ilə Mərkəzi Komitədə gərginlik yaradıb.
Həmin dövrdə Yeltsin Sverdlovsk vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. Vilayətin səhiyyə idarəsindən ona məlumat verilib ki, hər gün xəstəxanalara zəhərlənmə ilə yüzlərlə insan daxil olur və gündəlik olaraq ölənlərin sayı 10-15 nəfərə çatır. Yeltsin əvvəlcə problemi vilayət daxilində həll etməyə çalışıb. Partiya komitəsində xüsusi komissiya yarıdılıb. İlkin araşdırmalar zamanı epidemiyanın “Sibir xorası” olması versiyası irəli sürülüb. Amma yerli həkimlərdən biri Yeltsinə epidemiyanın haradan qaynaqlandığını dəqiqliyi ilə söyləyib. Bildirib ki, virus vilayət ərazisindəki bakterioloji silahların hazırlandığı məxfi hərbi hissədən gəlir, vilayətə həmin yerdən yayılır.
Vəziyyətin gərginləşməsi Sverdlovsk sakinlərini ciddi narahat edib, onlar etirazlarını bildirmək, təcili tədbir görmək tələbini hökumətə çatdırmaq üçün küçələrə çıxıblar.
Vəziyyətin daha da gərginləşəcəyini nəzərə alan Yeltsin Mərkəzi Komitəyə zəng vurmağı qərara alıb. Qeyd edək ki, sovet dövründə şəhər, vilayət, diyar, müttəfiq respublikaların birinci katiblərinə birbaşa baş katiblə telefon əlaqəsi yaratmaq səlahiyyəti verilməyib. Yerli katiblər müraciət etmək istədikləri məsələ ilə bağlı əvvəlcə Mərkəzi Komitənin katibləri, müvafiq şöbələrin müdirləri ilə müzakirələr aparıblar. Bu müzakirələrdən sonra “məsləhət” görülübsə, birinci katiblər baş katiblə telefonla danışa biliblər. Amma istisnalar da olub. Elə Yeltsin də birbaşa baş katib Leonid Brejnevlə əlaqə yaratmağa çalışıb.
Əvvəlcə Yeltsini Mərkəzi Komitənin katibi Andrey Kirilenko ilə calayıblar. Kirilenko məsələyə aydınlıq gətirməyə imkan tapmamış Yeltsin yüksək səs tonu ilə onun sözünü yarımçıq qoyub:
-Mənim sizinlə danışmağa nə həvəsim, nə də vaxtım var. Mən baş katiblə danışmalıyam.
Bununla da telefon əlaqəsini kəsiblər. İki saatdan sonra Yeltsinin kabinetindəki hökumət telefonuna zəng gəlib:
-Dəstəkdə gözləyin, indi Leonid İliç sizinlə danışacaq.
Bir neçə dəqiqədən sonra Brejnevin səsi eşidilib:
-Boris Nikolayeviç, yenə nə səs-küydür?
Leonid İliç, mən Sverdlovsk vilayət Partiya Komitəsinin birinci katibi kimi rəsmi şəkildə sizə müraciət edirəm. Vilayətdə vəziyyət olduqca gərgindir. Artıq ikinci gündür ki, vilayət sakinləri təşviş içərisindədir. Naməlum epidemiya Sverdlovskda tüğyan edir. Xəstəxanalarda yer yoxdur. Ölüm sayı hər gün artır. Dünən Moskvadan səhiyyə nazirinin müavini Burqasov və nazirliyin baş infeksiya həkimi Nikifirov Sverdlovska gəliblər. Onlar rəsmi şəkildə bildirirlər ki, bu, “Sibir xorası” epidemiyasıdır. Mən bu rəylə razılaşmıram. Yerli həkimlər analizlərdən, araşdırmalardan sonra mənə arayış təqdim ediblər və həmin arayışda göstərilir ki, xəstələrdə “Sibir xorası” yoxdur. Onların versiyasına görə bu epidemiya vilayət ərazisindəki bakterioloji silahların hazırlandığı məxfi hərbi hissədən gəlir. Dmitri Ustinovun göstərişi ilə məni həmin hərbi hissəyə buraxmırlar, DTK sədrinin müavini general Pirojkov isə mənə məsələlərə müdaxilə etməyə imkan vermir. Bu yaramazları buradan geri çağırın və təcili tədbir görülməsi üçün göstəriş verin. Əks təqdirdə xalq ayağa qalxacaq.
Əslində, Brejnev Yeltsinin zəngindən əvvəl vilayətdəki hadisələrdən xəbərdar olub. Baş katib özü müdafiə naziri və DTK sədrinə göstəriş verib ki, virus axınının hərbi hissədən gəlməsini gizli saxlasınlar.
Beləliklə, 1979-cu ilin aprel günlərində vilayət Moskvadan idarə olunub. Mərkəzi Komitənin katibi Mixail Suslovun imzası ilə vilayət partiya komitəsinə xüsusi təlimat gəlib. Yerli mətbuatda “Sibir xorası”na qarşı profilaktik tədbirlərin aparılması ilə bağlı yazıların dərc olunması göstərişi verilib. Yəni vilayət əhalisinə epidemiyanın “Sibir xorası”ndan yaranmasını inandırmağa çalışıblar.
Həmin ərəfədə Yeltsin bioloji silahların hazırlandığı məxfi hərbi hissənin zabitlərinin birindən gizli məktub alıb, həmin məktubda epidemiyanın hansı səbəbdən yaranması açıq şəkildə göstərilib. Belə ki, hərbi hissədəki tullantı zəhərli maddələr hərbi hissədən kənara, su anbarının ərazisinə atılıb və oradan su mənbəyinə sızıb ki, həmin sudan da əhali içməli su kimi istifadə edib. Bunun nəticəsi olaraq adı bilinməyən epidemiya insanları kütləvi şəkildə zəhərləyib.
Hadisələrə birbaşa nəzarət etmək üçün Mərkəzi Komitənin katibi Kirilenko başda olmaqla Sverdlovska xüsusi komissiya ezam olunub. Kirilenko Yeltsinin kabinetində birinci katibi “Sibir xorası”na görə bu qədər səs-küy saldığına üçün qınayanda, Yeltsin iş masasının sol tərəfindəki telefonu döşəməyə çırparaq əsəblərini cilovlaya bilməyib:
-İnsanları aldatmaq olmaz. Ölüm sayı hər gün artır. Gedin hərbi hissəni ətrafdan təcrid edin. Bunu mən etsəm qarşıdurma qaçılmaz olacaq.
Kirilenko isə bu sərt münasibətdən sonra onun üçün ayrılmış qonaq evinə istirahətə gedib.
Beləliklə, “Sibir xorası” adı ilə yayılan epidemiya günlər ərzində yüzlərlə insanı məhv edib. Ayrı-ayrı mənbələrdə ölənlərin sayı 305, 467, 502 göstərilib. Sona qədər epidemiyanın əsl səbəbi ictimaiyyətə çatdırılmayıb. Yeltsinin sayəsində məxfi hərbi hissənin fəaliyyəti məhdudlaşdırılıb və təhlükəsizlik məsələlərinə yenidən baxılıb. Küçələrə çıxıb etirazlarını bildirən yerli əhalini isə Sverdlovskda yerləşən daxili qoşunların hərbi hissəsi bir neçə saat ərzində “sakitləşdirib”.
İlham Cəmiloğlu, Musavat.com