Yuxulayan sürücülər və yol kənarında tikilən evlər təhlükəsi

Hüquqşünas deyir ki, yol infrastrukturu bəzi yerlərdə təhlükəli, hətta bərbaddır; “Şirkətlər yük maşını sürücülərindən tələb edir ki...”

Uzaq məsafələr qət edən sürücülərin yollarda yuxusuzluq, yorğunluq səbəbindən törətdiyi dəhşətli qəzalar sırasına daha biri əlavə olundu. Ucar rayonunda qəzaya uğrayan yanacaqdaşıyan maşının sürücüsü yanaraq ölüb. Yoldan çıxaraq aşan maşının qəzaya uğraması nəticəsində baş verən yanğın zamanı rayonun Müsüslü kənd sakininə məxsus tövlə də tamamilə yanıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Bu qəza iki problemi üzə çıxardı:

Sürücülərin yorğun maşın sürməkdə davam etməsi, köməkçi sürücünün olmaması.

Yolun mühafizə zolağında tikilən evlərin, obyektlərin təhlükə mənbəyi olması.

Ekspertlər çıxış yolunu nədə görür?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, avtoqəzaların artmasını şərtləndirən bir sıra amillər var: “Yol infrastrukturu bəzi yerlərdə təhlükəli, hətta bərbaddır. Sürücünün yorğunluğu, avtomaşınların texniki vəziyyəti, sürücülərin qeyri-peşəkarlığı, yolverilən sürət həddinin aşılması və s.  Bu səbəblər arasında, məncə, ən əsası sürət həddinin aşılmasıdır. Xüsusən də şəhərlərarası nəqliyyatda, yükdaşımalarında yol verilən sürət həddini xeyli dərəcədə açılır. Məqsəd məsafəni daha tez qət etmək və qısa vaxtda daha çox gəlir əldə etməkdir. Nəinki mikroavtobusda, hətta iri avtobusların, yük dolu nəqliyyat vasitələrinin sürücüləri tərəfindən də saatda 100 kilometr sürət aşılır. Halbuki avtobusların 90 km/saatdan artıq sürətlə getməsi qadağandır. Ən dəhşətlisi orasıdır ki, 50 nəfər daşıyan avtobusun sürücüsünə sərnişinlərdən heç kim irad bildirmir, sürət rejiminə riayət etməsini tələb etmir. Çünki onlar da mənzilbaşına mümkün qədər daha tez çatmağa çalışırlar”.

Səfərbərlik Xidmətində təmizləmələr başladı - şöbə rəislərinin ardınca kim  qandallanacaq?

Natiq Ələsgərov

Natiq Ələsgərov deyib ki, əksər faciələrin səbəbi sürət həddinin aşılmasıdır: “Ümumilikdə bütün dünyada həyat ritmi sürətlənib. Bu, sürücülərə də sirayət edir. Nəqliyyat vasitəsini yol verilən həddən yüksək sürətlə idarə etmək hər zaman təhlükəlidir. Bəziləri bu ifadəni səhv başa düşüblər və bu səhv də onlara həyatları bahasına başa gəlir. Həm də təkcə özlərinin yox, günahsız başqalarının da... Mikroavtobuslarda isə vəziyyət daha təhlükəlidir. Bu maşınlar magistrallarda 150 km/saat-dan yuxarı sürətlə gedirlər. Bəzən isə 180-200 km/saat sürətlə. Halbuki bu yolların infrastrukturu 120 km/saatdan yuxarı sürət üçün uyğun deyil və bu, aşkar qəza deməkdir. Problemlərdən biri yük maşınlarının sürücüləri ilə bağlıdır. Onlar da əksər yol hərəkəti qaydalarına riayət etmir, yüksək sürətlə sürürlər. Çünki işlədikləri şirkət qarşılarına daha tez və daha çox işləmək tapşırığı qoyur, bəzən sutkada 15-16 saat sükan arxasında olurlar. Üstəlik, bu maşınlar əksər hallarda icazə verilən normadan 2-3 dəfə artıq yüklənir ki, bu da potensial ölüm maşını deməkdir. Onsuz da bu avtomaşınların əksəriyyətinin texniki vəziyyəti ideal deyil. Sürücülərin yorğunluğu da qəzaların səbəbləri arasındadır”.

Natiq Ələsgərov deyib ki, sürücülər uzun yol öncəsi mütləq dincəlməlidirlər: “Göz və beyin yorulur və sürücünü yuxu tutduğuna, ən azı beyin reaksiyaların ciddi şəkildə azalmasına görə, hər 2 saatdan bir dayanıb istirahət etməlidir. Sürücülərin çoxu buna fikir vermir. 6-7 saatlıq yolda maksimum bir dəfə dayanırlar. Daha bir səbəb isə qeyd etdiyimiz kimi, yol infrastrukturu ilə bağlıdır. Düzdür, son dövrlərdə ölkəmizin əksər avtomobil yolları yenidən qurulub və standartlara cavab verir, lakin hələ də təhlükəli yollar var. Ümumilikdə yollarımız təhlükəsiz deyil. Ölkəmiz avtoqəzaların, qəzalarda ölümlərin sayına görə dünyada öncül yerlərdədir. Bütün bu səbəblər aradan qalxmayınca, belə faciələrin də ardı-arası kəsilməyəcək”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

03.10.2024 10:47
435