Ötən il Türkiyə Rusiya neft məhsullarının ən böyük alıcısı olub. Rusiyadan dəniz yolu ilə ixrac edilən dizel, qazoylu, təyyarə yanacağı və digər emal məhsullarının ümumilikdə 18 faizi bu ölkəyə çatdırılıb. Türkiyənin bu məhsullar üzrə idxalının 81 faizi Rusiyadan reallaşıb.
Musavat.com xəbər verir ki, Qərb mətbuatı son aylarda Rusiyadan Türkiyəyə neft məhsulları ixracına xüsusi diqqət yetirməyə başlayıb. Buna səbəb Türkiyənin aldığı məhsulların onun tələbatından qat-qat çox olmasıdır. Eyni zamanda Türkiyənin Avropaya neft məhsulları ixracında onun daxili emal gücündən çox yüksək həcmdə artım yaranıb.
Aparılan hesablamalar göstərir ki, 5 fevral 2023-cü ildə Avropa İttifaqı Rusiya neft məhsullarının idxalını qadağan edəndən sonra blok ölkələri Türkiyədən 3,1 milyard avro dəyərində 5,16 milyon ton belə məhsul idxal ediblər. Avropaya ixracın demək olar ki, hamısı 3 limandan - Ceyhan, Marmara Ereğlisi və Mersindən reallaşıb. Lakin bu limanlara yaxın ərazilərdə emal qurğuları yoxdur. Ümumiyyətlə, Türkiyə öz-özünü neft məhsulları ilə tam təmin edə bilmir, tələbatının 86 faizini dəyər ifadəsində Rusiyadan qarşılayır.
Qərb mətbuatına görə, daşınmaların təhlili göstərir ki, Avropa şirkətləri Türkiyə limanlarında neft anbarlarında qarışdırılmış Rusiya neft məhsullarını ala, ya da sadəcə olaraq təkrar ixrac etmiş ola bilər. Məsələn, 2023-cü ilin may ayında Toros Ceyhan terminalı Novorossiyskdən 26 923 ton qazoyl qəbul edib; 10 gün sonra bu terminaldan Yunanıstanın MOH Korinf neft emalı zavoduna eyni həcmdə qazoylu göndərilib.
Belə güman edilir ki, bu proses Aİ-nin embarqo qərarındakı boşluqdan qaynaqlanır: Rusiyadan alınaraq dərin emaldan keçən məhsulların Aİ-yə idxalına qadağa yoxdur. Hindistan neft emalı zavodları Rusiya neftindən istehsal etdikləri məhsulları rahatlıqla Aİ-yə satırlar.
2023-cü ilin fevral ayının əvvəlindən - embarqonun tətbiqindən 2024-cü ilin fevral ayının sonuna qədər Türkiyə bütövlükdə Rusiyadan 17,6 milyard avro dəyərində neft məhsulları idxal edib ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 105 faiz çoxdur. Onun AB-yə yanacaq ixracı isə eyni vaxtda 107 faiz artıb.
Hesablamalara əsasən, Rusiya büdcəsi Türkiyəyə neft məhsullarının tədarükündən 5,4 milyard avro gəlir əldə edib.
Bu ilin yanvarında “Financial Times” yazıb ki, Rusiya yanacağının Aİ-yə tədarükü Türkiyənin Dörtyol şəhərindəki Dörtyol terminalı vasitəsilə həyata keçirilir. Ukraynada müharibə başlamazdan əvvəl bu terminal İraq neftini əsasən dəmir yolu ilə qəbul edib tankerlərə ötürürdü. Lakin sonra o, aktiv olaraq tankerləri qəbul etməyə başladı. "Kpler" analitik şirkəti 2023-cü ilin yanvar-noyabr aylarında terminal Rusiyadan 9,2 milyon barel (bütün dəniz tədarükünün demək olar ki, 90 faizi) neft məhsulları alıb. Bu yanacağın bir hissəsini Yunanıstanın "Motor Oil Hellas" şirkəti alıb. Şirkət Pentaqon ilə müqavilələri olduğu üçün əvvəllər Rusiyadan neft məhsulları alışını rəsmən dayandırıb. Lakin Türkiyə üzərindən alınaraq azca qarışdırılan həmin məhsulları ABŞ-ın Avropadakı hərbi texnikası üçün Pentaqona satmaqdadır...
Musavat.com