Yumurtanın “başına gələnlər” - başqa ərzaqlar da ucuzlaşacaq?

Assosiasiya rəhbəri: “Toyuq əti ilə daxili tələbatı tam təmin etsək, qiymətin ucuzlaşmasına nail ola bilərik”

Azərbaycanda yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə olunur. Ucuzlaşma prosesi aprelin əvvəlindən başlasa da son 1 həftə ərzində daha da sürətlənib. Hazırda bir çox iri ticarət mərkəzlərində əvvəllər 16-17 qəpiyə satılan yumurta 12-13 qəpiyə təklif olunur.

Bölgələrdə də yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Bir müddət əvvəl 30-40 qəpiyə satılan kənd yumurtası hazırda 15-20 qəpiyə təklif edilir. Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər. Elə quşçuluq təsərrüfatları da qiymətlərin düşməsini bolluqla izah edirlər, bolluğun isə öz səbəbləri var. 

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənlinin dediyinə görə, yumurta bolluğunun birinci səbəbi istehsalın artımıdır: “Hazırda ölkənin gündəlik yumurta tələbatı 3 milyon 200 min ədəddir. Amma ölkə üzrə gündəlik 5 milyon ədəd yumurta istehsal olunur. Eyni zamanda mövsümi amillə bağlı fərdi təsərrüfatlarda da istehsal artıb. Yaranmış bolluq gündəlik satış qiymətinə də öz təsirini göstərir. Həm broyler yumurtaları, həm də kənd yumurtası adlandırılan yumurtaların qiymətində azalma var”.

Mürvət Həsənli ən qədim asayiş keşikçilərindən yazdı

Mürvət Həsənli

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-mart aylarında Azərbaycanda ümumilikdə 571,7 milyon ədəd yumurta istehsal edilib. Bu göstərici illik ifadədə 5,2 faiz artıb. Cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində 296,6 milyon ədəd (keçən il 269,4 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10607,5 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 73 ədəd yumurta alınıb.

Onu da qeyd edək ki, hazırda Azərbaycandan xarici ölkələrə ərzaqlıq yumurta ixrac olunur. Bura Körfəz ölkələri və Rusiya daxildir. Rusiyada daxili bazarda qiymətlərin artmasının qarşısını almaq üçün iyunun axırınadək yumurta idxalı gömrük rüsumlarından azad edilib. Həmin müddətə qədər daxildə istehsalın istehlak tələbini qarşılayacaq həddə qədər artırılması nəzərdə tutulurdu. Lakin ölkədə istehsalın artmaq əvəzinə azalması qeydə alınmaqdadır ki, bu da gömrük rüsumlarından azadolmaların müddətinin uzadılacağı ehtimalını artırır.

“Rosselxoznadzor”un açıqladığı məlumata görə, aprelin 8-dən 14-dək olan müddətdə Yaraq-Qazamalar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 3,6 milyon ədəd ərzaq yumurtasının növbəti partiyası idxal edilib. Aprelin 15-nə olan məlumata görə, Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək Azərbaycandan 36,7 milyon ədəd yumurta idxal edilib.

M.Həsənli bildirir ki, Rusiyada tələbatın qaldığı müddətdə ora yumurta ixracı davam edəcək: “Bizim müəssisələrimizin daxili bazarda qıtlıq, bahalaşma yaratmadan Rusiyaya ixracı davam etdirmək imkanı var. Bu baxımdan, heç bir problemin yaranacağını gözləmirik”.

Yumurtanın qiymətindəki ucuzlaşma istər-istəməz quşçuluq sektorunun digər məhsulu olan toyuq ətinin də ucuzlaşması məsələsini gündəmə gətirir. Onu da qeyd edək ki, hazırda Azərbaycanda daxili istehsal yumurta ilə tələbatı 130 faiz qarşılamaq imkanındadır. Lakin toyuq əti ilə bağlı bunu demək mümkün deyil. Rəsmi statistikaya əsasən, cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 20,9 min ton (keçən il 23,5 min ton) quş əti istehsal olunub. Bu isə illik ifadədə 11,1 faiz azalma deməkdir. 

M.Həsənlinin sözlərinə görə, Azərbaycanda toyuq ətinə tələbat durmadan yüksəlir: “Həm ölkə əhalisinin sayı, həm ölkəmizə gələn xarici turistlərin sayı artır ki, bu da tələbatın yüksəlməsini şərtləndirir. Quşçuluq təsərrüfatları artan tələbatı təmin etmək üçün istehsal sahələrini genişləndirməyə, müasir texnologiyaları tətbiq etməyə çalışırlar. Məlumunuz olduğu kimi, başda cənab Prezident İlham Əliyev olmaqla, dövlətimzin dəstəyi sayəsində Azərbaycanın quşçuluq təsərrüfatları hazırda ölkəmizin əhalisinin əlverişli qiymətlərlə quş əti və yumurta ilə təmin edirlər. Bu təminat süfrə yumurtasına münasibətdə 130 faizə yaxınlaşır, quş ətinə münasibətdə isə 87-88 faiz civarındadır. 

Əvvəllər ölkəmizdə gündə 4,5-5 milyon ədəd ərzaqlıq yumurtası istehsal edilirdi. Qonşu Rusiyada tələbat yarandığı məlum olduqdan sonra qısa müddətə bu rəqəm 5,8 milyona çatdırıldı. Yanvar ayında Azərbaycan tarixində ilk dəfə olaraq xaricə damazlıq yumurta ixracına başlanıb. Biz damazlıq yumurtanın ixrac həcmlərini də sürətlə artıra bilərik, çünki xarici ölkələrdən tələbat var. Lakin bunun üçün yeni damların tikilməsi lazımdır.

Bundan əlavə, quşçuluq müəssisələrinin illik quş əti istehsalını 30 min ton artırmaq potensialı var. Lakin bu potensialın reallaşdırılması üçün zəruri olan əlavə binaları tikmək mümkün olmur. Halbuki 30 min ton əlavə ət istehsalı Azərbaycanın quş əti ilə tam təminatına, həmçinin ixraca da imkan yaradar".

Assosiasiya rəhbəri qeyd edir ki, quş əti ilə təminatı yüz faizə qaldırmaq, eyni zamanda ixraca hədəflənmək üçün bir sıra mühüm problemlərin həllində dövlətin dəstəyinə ehtiyac var: “Buraya ilk növbədə müəssisələrin genişlənməsi üçün torpaq sahələrinin əldə olunması və yeni binaların tikintisi sahəsindəki çətinliklərin aradan qaldırılması aiddir. Bu gün ölkəmizi yumurta və quş əti ilə təmin edən müəssisələr sovet dövründə tikilib. Bu müəssisələrdən bəziləri 50 ilə yaxındır istismar olunur. Quşçuluğun ən mühüm spesifik xüsusiyyətlərdən biri təsərrüfatda bir mövsüm quş saxlandıqdan sonra bioloji fasilənin verilməsidir. Ancaq bu gün mövcud reallıqda bunu etmək mümkün deyil. Bioloji fasilə zamanı bir mövsüm quş saxlandıqdan sonra təsərrüfat tamamilə boşaldılır, yuyulur təmizlənir, dezinfeksiya edildikdən sonra ən az 6 ay müddətinə boş saxlanılır. Bunu etməkdə məqsəd virus və bakteriyaların aparılan vaksinasiya proqramına qarşı immunitet qazanmasının qarşısını almaqdır. Təəssüf ki, bugünkü şərait Azərbaycanın quşçuluq təsərrüfatlarına bu vacib prosesi təmin etməyə imkan vermir.  Nəticədə təsərrüfatlarda yetişdirilən quşlar müxtəlif xəstəliklərə çox həssas olur, itkilər artır.  Təsərrüfatlar bu itki ilə uzun müddət işləyə bilməz. Çünki bu gün damazlıq materialların hamısı xaricdən gətirilir və olduqca bahadır. Digər tərəfdən, tələfat nəticəsində itirilən quşlar üçün çəkilən xərc - işlədilən vaksin, vitamin, minerallar, işçinin əmək haqqı, işıq, qaz, su, yem və digər xərclər salamat qalan quşların maya dəyərinə daxil olur. 

Quşçuluq sahəsi kənd təsərrüfatının ən vacib sahələrindən biridir. Ancaq ölkəmizdə kənd təsərrüfatı deyildikdə, yalnız əkinçilik və maldarlıq nəzərdə tutulur. Ona görə də ölkəmizdə olan torpaqlar əkin və örüş olaraq cəmi iki kateqoriyaya ayrılıb. Ərzaq səbətində mühüm yerə sahib olan quşçuluq məhsullarının istehsalı üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmayıb". 

M.Həsənli bildirir ki, əhali üçün ən ucuz və əlçatan protein mənbəyi quşçuluq məhsullarıdır və bu  məhsulları heç nə ilə əvəz etmək mümkün deyil: “Bu məhsulların çatışmazlığı daha tez hiss olunur, nəinki digər kənd təsərrüfat məhsullarının. Çünki quşçuluq məhsulları qiymət baxımından digər məhsullardan daha əlçatandır. Belə çatışmazlığın yaranmaması üçün quşçuluq təsərrüfatlarının müasir standartlara və tələblərə uyğun binaları olmalıdır.  Lakin sovet dövründə tikilən tikililər bugünkü texnoloji tələblərə cavab vermir. Sovet dövründə təsərrüfatlarda çoxsaylı binalar tikilib. Bu binaların hamısını eyni vaxtda sökmək və yenisini tikmək mümkün deyil. Bu proses tədricən və təsərrüfatın imkanları daxilində aparılır. Sovet dövründə tikilən təsərrüfatlara torpaq sahələri ayrılıb. Bəzən 100 hektara  qədər, bəzən də 100 hektardan çox olan bu torpaq sahələrinin içində sovet dövründə  müxtəlif yerlərdə tikililər tikilib. Müstəqillik dövründə bu təsərrüfatlar özəlləşdirilib və həmin torpaqlar da üstündə olan əmlakla birlikdə texniki pasport hazırlanaraq təsərrüfata verilib. Neçə illərdir quşçuluq təsərrüfatları müxtəlif problemlər üzündən həmin torpaq sahələrini özəlləşdirə bilmirlər. Bu problemlərin aradan qaldırılması vacibdir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq quşçuluq təsərrüfatlarının üzləşdiyi problemlər və onların həll yolları barədə ölkə hökumətinə təkliflərimizi göndərmişik. Nazirlər Kabinetinə, iqtisadiyyat və kənd təsərrüfatları nazirlərinə göndərdiyimiz təkliflərdə quşçuluq təsərrüfatlarına əkin-biçinə, örüş kimi istifadəyə yararsız olan torpaqlarda istehsal sahələrinin genişləndirilməsinə şərait yaradılmasını xahiş etmişik.

Dövlətimiz hər zaman quşçuluq sahəsini dəstəkləyib. Ölkə əhalisinin artdığı, tələbatın çoxaldığı bir dövrdə Azərbaycanda quş əti və yumurta istehsalının da artırılması zəruridir. Ancaq sadaladığımız problemlər həll edilmədən bu sahənin inkişafına və dayanıqlığına tam nail olmaq mümkün deyil. Sadaladığımız problemlər həll edilərsə, qısa müddətdə quşçuluq təsərrüfatları toyuq əti istehsalını daxili tələbatı təmin edəcək, hətta ixraca yönəldəcək həddə çatdıra bilərlər. Bu isə imkan verər ki, yumurtanın qiymətində olduğu kimi toyuq ətinin də qiymətində ucuzlaşmaya nail olunsun".

Dünya SAKİT,
“Yeni Müsavat”



23.04.2024 11:40
4276