Yumurta və toyuq əti idxalına tətbiq olunan əlavə rüsumların müddəti uzadıldı

Azərbaycanda damazlıq və süfrə yumurtası, həmçinin toyuq ətinin idxalına tətbiq olunan əlavə rüsumlar 2 il də qüvvədə olacaq.

Musavat.com xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun 2023-cü ilin 30 dekabrında imzaladığı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında” 505 saylı Qərarında əksini tapıb.

Qərara əsasən, damazlıq və süfrə yumurtası üçün 10 sent, toyuq ətinin 1 kiloqramı üçün 1 dollarlıq əlavə idxal rüsumu 2025-ci ilin 31 dekabrına qədər tətbiq olunmağa davam edəcək.

Xatırladaq ki, Azərbaycanda 2016-cı ildən etibarən quşçuluq sektorunun inkişafına dəstək məqsədilə xaricdən idxal olunan damazlıq və süfrə yumurtasına, həmçinin toyuq ətinə əlavə rüsumlar müəyyən olunub. Bu addımın müsbət nəticəsi Azərbaycanda süfrə yumurtası istehsalının daxili bazarın tələbatından 30 faizədək artıq həcmə çatması, beləliklə də bu sosial əhəmiyyətli məhsulla təminat baxımından ölkəmizdə tam təhlükəsizliyin əldə edilməsidir.

Musavat.com

07.01.2024 17:44
889