Yükün Xankəndiyə aparılmasının ləngiməsində “erməni barmağı” - SENSASİON DETALLAR

Rusiya Qızıl Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yaşayan erməni əsilli sakinlər üçün gətirdiyi ərzaq maşınının hələ də Bərdə rayonunda, “Bərdə” otelinin qarşısında dayanmasının və Ağdam-Xankəndi yolu ilə Xankəndiyə hərəkət etməməsinin, hələlik ehtimal üzərində qurulan iki səbəbi var.

Bunlardan birincisi, Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiyanın eyni adlı təsisatına təzyiq göstərməsi, ikicisi isə Azərbaycan ərazisindəki qondarma rejimin qalıqlarının sözügedən nəqliyyat vasitəsini Xankəndiyə buraxmaq istəməməsidir.

Əgər Rusiyanın Qızıl Xaçına Beynəlxalq Qızıl Xaç Komitəsinin təzyiq göstərdiyini, yəni birinci səbəbi əsas götürsək, o zaman belə anlaşılır ki, Rusiyanın Qızıl Xaç Cəmiyyəti öz fəaliyyətində Rusiya qanunvericiliyini, humanizm prinsiplərini deyil, Beynəlxalq Qızl Xaç Komitəsinin göstərişlərini əsas götürür.

Rusiyanın Qızıl Xaç Cəmiyyəti ictimai təşkilatdır və 1867-ci ildən fəaliyyət göstərir, 5 federal istiqamət üzrə 85 regional şöbəsi, 100 min əməkdaşı var. Əsasən Rusiya Federasiyasının “Rusiya Qızıl Xaçının dəstəklənməsi” layihəsi üzrə maliyyələşdirilir. Rusiya Qızıl Xaçının ianələr hesabına ən son layihəsi 2012-ci ildə, Krasnodar vilayətində reallaşdırılıb, vəssalam. Bu o deməkdir ki, son 11 il ərzində Rusiyanın Qızıl Xaç Cəmiyyəti istisnasız olaraq, Rusiya Federasiyasının dövlət büdcəsindən layihə adı ilə ayrılan vəsaitlər hesabına maliyyələşib. Yəni Rusiyanın Qızıl Xaç Komitəsinin Beynəlxalq Xaç Komitəsindən nə alacağı var, nə də verəcəyi və bu səbəbdən maraqlı bir sual çıxır ortalığa:

Rusiyanın Qızıl Xaç Cəmiyyəti hansı səbəbdən Beynəlxalq Qızıl Xaç Komitəsinin Qızıl Xaç və Qızıl Aypara Hərəkatının, beynəlxalq humanitar hüququn prinsiplərinə, o cümlədən Azərbaycan Respublikasının suveren hüquqlarına zidd göstərişlərinə əməl etsin ki?

Ola bilsin ki, alt qatda mənim ehtimal edə bilmədiyim başqa məqamlar var. Məsələn, Rusiya Qızıl Xaç Komitəsinin İdarə Heyətinin 17 üzvündən biri erməni əsilli Rusiya vətəndaşıdır: Davidyan Sergey Albertoviç. O, həm də cəmiyyətin İrkutsk vilayət şöbəsinin sədridir. Rusiya Qızıl Xaç Cəmiyyətinin mərkəzi ofisində adı üstündə olan və ya olmayan digər erməni əsilli şəxslər də çalışır. Bu baxımdan, yükün Xankəndiyə aparılmasının ləngiməsində “erməni barmağı” da müəyyən rol oynaya bilər.

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər ətrafında yaradılan şou üzərində açıq-aşkar siyasətlə məşğul olur. Məsələnin bu tərəfi aydındır.

O zaman Rusiyanın Qızıl Xaç Cəmiyyətinə nə gəlib?

Rusiyanın Qızıl Xaç Cəmiyyəti Qərb dairələrinin əlində siyasi təzyiq alətinə çevrilən Beynəlxalq Qızıl Xaçın haqsız, heç bir əsası olmayan iddialarını hansı səbəblərdən əsas götürərək, gətirdiyi yükü Xankəndiyə çatdırmamalı və yaxud prosesi ləngitməlidir?

Maraqlıdır, görəsən Beynəlxalq Qızıl Xaç Komitəsi üçün Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə humanitar yükün hansı istiqamətdən daşınmasının nə fərqi var?

Əgər məsələyə Azərbaycanın suveren hüquqları kontekstindən yanaşsaq, o zaman yük istisnasız olaraq, Ağdam-Xankəndi yolu ilə daşınmalıdır.

Bəs hansı səbəblərdən Beynəlxalq Qızıl Xaç və ondan siyasi alət kimi istifadə edən Qərb dairələri bunu istəmir?

Səbəb odur ki, Ermənistanı bölgədə təfriqə mərkəzi kimi istifadə edən Qərb dairələri Azərbaycanı öz suveren hüquqlarından geri çəkilməyə məcbur etmək, daha sonra isə öncə Nikol Paşinyan vasitəsilə dilə gətirdikləri “beynəlxalq təhlükəsizlik mexanizmləri” adı altında Qarabağa girmək, uzun illərdir ki, yaratmaq istədikləri, ancaq yarada bilmədikləri “reallıqları” başımızın üzərindən “Domokl qılıncı” kimi asmaq istəyirlər.

Bölgədə geosiyasi əsəb müharibəsi gedir və bu prosesdə əsla və əsla geriyə çəkilmək olmaz! Azərbaycan xalqı, immun sistemimizin vurub özündən kənara atdığı 5-10 “mikroorqanizm” istisna olunmaqla, son nəfərinədək dövlətin, Ali Baş Komandanın yanındadır. Bu mücadilədən də alnıaçıq çıxacağımıza əminəm!

Tanrı Azərbaycanı qorusun!

elcin.jpg (272 KB)

Elçin Mirzəbəyli, Əməkdar jurnalist 

10.09.2023 18:58
1434