Yolun haradır, gürcü qardaş?..

Bəli, siyasi təhlilçilər və politoloqlar hələ də qonşu Gürcüstandakı, ələlxüsus da bapbalaca Abxaziyadakı ən son prosesləri araşdırmaqda və müzakirə etməkdədirlər.  

Amma düşünürəm ki, bu məsələdə prezident xanım Salome Zurabişvilidən etibarlı mənbə ola bilməz. O isə belə dedi: “... işğal olunmuş Abxaziyada vətəndaşlarımız Rusiyanın Abxaziyanın növbəti anneksiyasına yönəlmiş addımlarına qarşı etiraz edirlər”...

Elə həbsdə olan keçmiş prezident Mixeil Saakaşvilinin də son bəyanatında oxşar notlar sezildi. Amma bununla belə hələ də nəticəylə tələsmirəm, fəqət, bir yazar kimi mən də qeyd edirəm k, abxazlar dolayı yolla olsa da, Rusiyaya və onun hakimiyyətinə qarşı etiraz etdilər.

Amma bunun geosiyasi təfərrüatlarının aydınlaşmasına hələ var, çünki neçə illər əvvəl Acarıstandan Aslan Abaşidze qovulan kimi Abxaziyadan da daha bir Aslan – Aslan Bjaniya qovulsa da, Abxaziya mərkəzi Gürcüstan hakimiyyətilə münasibətlər quracaqmı, hansısa formada Gürcüstanın konstitusion fəzasına qayıdacaqmı, kimi məsələlər, çox təəssüf, hələ böyük bir sualın predemtidir, baxmayaraq, gürcüər çox şeyə, hətta Abxaziya və eləcə də Cənubi Osetiya ilə konfedererativ münasibətlərə də ürəkdən hazırdırlar. Bir az təəccüblü olsa da, bu məsələdə hətta indi biri-birilə döyüşən gürcü hakimiyyətilə müxalifəti arasında da ciddi fikir ayrılığı yoxdur.

Etiraf edim ki, Abxaziyaya heç vaxt xüsusi bir simpatiyam olmayıb, onlar da keçmiş “DQR”-in bir tayıdır, baxmayaraq, bura da Fazil İsgəndər kimi böyük yazıçının vətənidir, hərçənd, oxuduqlarıma görə, Fazil müəllimin anası abxazdı, atasısa guya fars (maraqlıdı, görən, fars Abxaziyada necə peyda olubdu!) mənşəlidi, ən əsası da, bu adam da çox istedadlı, hətta böyük şair və yazıçı olsa da özünü həmişə rus ədibi hesab edib və bu da çox düşündürücü məqam sayıla bilər.

Tiflis-Suxumi konteksindəsə hələliksə məlum olanı budur ki, elə ötən həftə abxaz müxalifətinin liderinin – Adqur Ardzinba adlı birisinin “bəyanatı” yayıldı. O, dedi: “Suxumi ilə Tiflisin münasibətlərinin normallaması üçün sonuncu 30 ildir ki, davam edən reallıqla barışaraq Abxaziyanın suverenliyini tanımalıdır. O ki qaldı Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatına, abxaz müxalifəti Gürcüstan prezidentinin həmrəyliyinə ehtiyac duymur, çünki abxaz müxalifətinin və Gürcüstan prezidentinin Abxaziyanın bugününə və gələcəyinə baxışı müxtəlifdir!”. Bəli, belə! Onu da qeyd edək ki, biz “abxaz müxalifətinin lideri”nin sözlərini hələ bir az yumşaldaraq verdik...     

Belədə isə, Gürcüstanın elə özündə, mərkəzində də vəziyyət ötən həftə heç də Abxaziyadakından qəti mülayim deyildi, sonuncu ilə bahəm ötən həftə mərkəz Tiflis də “qaynamaqda” davam edirdi.

Ola bilsin ki, Abxaziyada proseslər hətta mərkəz Tiflısdəkindən daha tez yekunlaşacaqdır. 

Bəlkə də elə həm də buna görə çox insanlar mərkəzdəki hadisələrlə balaca Abxaziyadakı son proseslər arasında bir bağlılıq axtarmağa daha çox meyllidirlər. Amma həqiqətənmi belə bağlılıq var? Düşünürük, bunu da hələ zaman göstərəcək...

Bəli, Gürcüstanın özündə də müxalifətin etirazları sönməyibdir, müxtəlif intensivliklə hələ də davam edir.

Çox təəssüf, xanım prezident S.Zurabişvili Saakaşvilinin ona müraciətinə məhəl qoymadı, əfv etmədi onu, halbuki müxalifətin fəaliyyətini bir az da gücləndirərdi bu, çünki etiraf etmək lazımdır ki, gürcü hakimiyyəti Saakaşvilidən daha çox ehtiyat edir, nəinki xanım Zurabişvilidən! Məhz buna görə hakimiyyət təmsilçiləri dərhal belə dedi ki, hətta prezident əfv etsə də M.Saakaşvili həbsdən azad edilməyəcək!

Amma Zurabişvilinin özü də Saakaşvilidən incikdir və bunu hamı bilir, üstəlik, burada yəqin, qısqanclıq da var – Salome xanım da özünü indiki müxalifətin lideri sayır...  

Əlbəttə, cavan olsa da, Saakaşvili çox mürəkkəb siyasi fiqurdur. Bu adam qərbçi olsa da, çoxu onu diktator hesab edir, hətta gürcü ziyalıları bir vaxt yazırdılar ki, onun dövründə gecələr evlərimizdə də rahat yata bilmirdik! Maraqlıdır ki, Qərbin özündə də belə düşünürdülər. Yadıma gəlir ki, bir vaxt “Azadlıq” radiosunda bir amerikalı ingilis dili müəllimi vardı və hətta bu adam deyirdi ki, M.Saakaşvili diktatordur! Onunla bu xüsusda hərdən mübahisələr də edirdik. Amma, deyəsən, o, haqlı idi...

Bilirsiniz, bir neçə il bundan əvvəl elə özüm də bir çox gürcü ziyalılarının, hətta Çabua Amirecebi kimi bir ziyalı yazıçının ona qarşı çıxdığı haqqında oxumuş və xeyli təəccüblənmişdim, çünki Amirecebi elə-belə yazıçı, necə deyərlər, “dəmir-beton qafalı” sovet yazıçısı, “kolxoz-sovxoz nəğməkarı” deyildi (bildiyimə görə!), sovetin vaxtında represssiya olunmuş insan idi və dissidentlik fəaliyyətinə görə bir xeyli həbsdə də olmuşdu...

Oxuculara da xatırladım ki, bir vaxtlar mərkəzi sovet televiziyasında yayınlanan “Sahil” (və yaxud “Sahillər” filmi – özümün də yadımdan çıxıb!) filmi məhz onun əsəri və ssenarisi əsasında çəkilmişdi. Sözüm budur ki, M.Saakaşvili hətta belə adamlarla da dil tapa bilmədi, onları özünə qarşı qaldırdı, necə ki, birinci prezident Zviad Qamsaxurdia da bir il ərzində bütün Gürcüstanı özünə qarşı qaldımışdı – bəli, bu adamı hətta Merab Mamardaşvili kimi liberal FİLOSOF belə müdafiə etmirdi, halbuki sonuncuya hətta ruslar “gürcü Kantı”, az qala, sovet dövrünün yeganə əsl FİLOSOFU deyirdilər!

Gürcüstanda ən sakit etnik qrup bizim azərbaycanlılardır, amma yaddaşım aldatmırsa, Z.Qamsaxurdianın hətta onlarla da problemləri yaranmışdı...   

Ona görə də deyim ki, M.Saakaşvili Qamsaxudiyaya baxanda yola getməli idi, ən azı ona görə ki, qanlı İNQİLABLA yox, SEÇKİ YOLU ilə hakimiyyətdən getdi...

Bu səbəbdən, bütün hallarda, bu adamın həbsdə qalmasının tərəfdarı deyilik, ona görə ki, onun Gürcüstan qarşısında xidmətləri də vardı: məhz onun vaxtında Gürcüstanın Avropa siyasəti vüsət aldı, Acarıstan mərkəzin nəzarətinə qayıtdı və ən başlısası isə, bu adam SEÇKİDƏ uduzduğunu qəbul etdi ki, bu da bütün post-sovet məkanı ölkələri üçün elə də xarakterik detal deyil, məsələn, inanmıram ki, İvanişvili və dəstəsi də nə vaxtsa hakimiyyətdən seçki yolu ilə getmiş olsun, yox, düşünürəm,  gürcülər bu siyasi dəstəni də yola salmaq üçün haçansa ciddi “tərləməli” olacaq– bəli, indi olmasaa da, gec-tez, bu, baş verəcək, hətta, ola bilsin, bu missiyanı tamamilə yeni müxalifət həyata keçirəcək.

Mən hələ onu demirəm ki, Saakaşvilinin vaxtında Gürcüstanda korrupsiya da əməlli-başlı cilovlanmışdı ki, bu məsələdə hətta Ukrayna və Moldova kimi ölkələr Gürcüstana həsədlə baxırdı və bu iki ölkənin siyasi isteblişmentinin Saakaşviliyə marağı, ona müxtəlif vəzifələr təklif etməsi də daha çox bu təcrübəsilə bağlı idi...     

Qayıdaq mətləbə. Qərəz, bir adddımlığımızdakı qonşu Gürcüstan qazan kimi qaynamaqdadır, görək, bunun axırı necə olacaq?

Ən əvvəl, ümid edirik ki, Putin hamımızı radioaktiv külə çevirməsə, hər şey, İnşallah, yaxşı olar.

Gürcüstana marağımızınsa daha bir səbəbi də var. Bir az qibtə, hətta PAXILLIQ hissilə deyirəm ki, bu kiçik Cənubi Qafqaz ölkəsi çox məsələlərdə hər zaman öndə olub. Son illərədək hamımız bura Cənubi Qafqazdakı ən böyük Avropa eksperimentinin bir məkanı kimi baxırdıq.

Etiraf edək ki, oraları görməsək də, oralarda olmasaq da, çox maraqlanmışıq bu ölkə ilə - sovetin vaxtında hətta təsadüfən gürcü klassiki İlya Çavçavadzeni də (düşünürəm, burada “Pələng dərisi geymiş pəhləvan”ı qeyd etmək lazım deyil, onu demək olar, hamı oxumuşdu, hətta azərbaycanca tərcüməsi vardı!) oxumuşduq. Nodar Dumbadzenin isə “Mən, nənəm, İliko və İllarion”, “Odisseyin qayıtması” və b. əsərləri sevə-sevə oxuduqlarımızdan idi...

Ədəbiyyatçı deyiləm, amma qeyd edim ki, hətta keçmiş doxsanıncı illərdə də gürcü ictimai mühatində, eləcə bədii ədəbiyyatında qətiyyən pauza yaranmadı – bəli, Qoderzi Çoxelini və b. oxuduq. Amma mənim gənclərdən daha çox son illərdə oxuduğum bir əsər – Dato Turaşvilinin “Cins nəsli” kitabı daha çox xoşuma gəldi. Bəli, bunu sözgəlişi, sadəcə,  maraq üçün deyirəm...

Gürcülərdə ən çox xoşuma gələnsə, bilirsiniz, nədir? Əlbəttə, Gürcüstan mühiti həmişə daha liberal və avropaçı olub. Unutmayaq ki, hətta böyük Vaqif Mustafazadə də Azərbaycanda müəyyən qədər anlaşılmayanda bir müddət orada çalışmalı olmuşdu.  

Bunlar öz yerində! Gəl, bir səbəb də var. Tələbəlik vaxtı Moskvada dördüncü kursdan sonra bizi SSRİ-nin əsas kosmik institutlarına və rəsədxanalarına təcrübəyə göndərirdilər. Doğrusu, mən onda Krımı seçdim, amma qrup yoldaşlarımızın bir hissəsi Gürcüstana, Abastuman Astrofizika Rəsədxanasına getdi. Onlar oradan böyük təəssüratlarla qayıtmışdılar.

Bir detal məni xüsusilə tutdu. Yox, mən bəziləri kimi qəti demirəm ki, az qala, uşaqlıqdan azadlıq və istiqlalçılıq ideyaları ilə alışıb – yanırdım, yox, belə şey yox idi, adi sovet gənci idim. Amma artıq tələbə idim, bəzi şeyləri qanırdım.

Bəs Gürcüstanla bağlı hansı detal mənə maraqlı göründü? Qrup yoldaşlarım deyirdilər ki, Abastuman Rəsədxanasının direktoru (o vaxt həm də Gürcüstan Elmlər Akademiyasının prezidenti idi) akademik Y.Xaradzenin həyat yoldaşı qədim gürcü knyazlarının nəslindəndir!..

Bəli, bu detal məni tutdu, çox maraqlı göründü, çünki biz azərbaycanlılar tamam başqa şey görmüşdük, hamımız kökümüzü daha çox fəhlə-kəndli sinfilə bağlayırdıq. Bəziləri hətta hüquq fakültəsinə daxil olmaq üçün fəhlə-kolxozçu ailəsindən olması haqqında “spravka” – arayış da düzəldirdi, heç kim bəy-xan nəslindən olmasını (indi isə tərsinədir, hamı özünü bəyzadə kimi təqdim edir!) gözə soxa bilməzdi!..

Elə sonralar da hansı gürcü ziyalısı, ictimai titullu şəxsilə maraqlanırdımsa, görürdüm ki, bunların kökləri gedib daha çox keçmiş gürcü aristokratiyasına bağlanır. Hətta bir dəfə rəhmətlik Vaxtanq Kikabidzenin də müsahibəsindən oxudum ki, bəs bu adam, demə, gürcü monarxlarının nəslindənmiş!..

Bilirsiniz, mühüm məsələdir bu. Milli köklər fundament kimidir, onlar olmayanda hər şey, necə deyər, “kəllə-mayallaq” olur.

Hətta ingilislər deyirlər ki, o vaxt ziyalı sayılacaqsınız ki, üç diplomunuz olsun: babanızın, atanızın və özünüzün...      

Ona görə də bu balaca xalqın və ölkənin gələcəyinə çox ümidliyəm, bəli, inanıram ki, onlar da gec-tez harasa çıxacaqlar.

Hətta düşünürəm ki, indiki gürcü müxalifəti nəsə edə bilməsə də, hakimiyyətə tam sərbıstlik də verməyəcək və hakim partiya bundan nəticə çıxararaq avro-inteqrasiya kursunu davam etdirməyin yollarını arayacaq - əlbəttə, bir daha deyirəm ki, o vaxta qədər Putin hamımızı radioaktiv külə döndərməsə...

26.11.2024 08:37
647