“Yol qəzalarının 70 faizinə köhnə avtomobillər səbəb olur” - ekspert

Elməddin Muradlı: “2012-ci ildə istehsal edilən “Prius”u Gürcüstan vətəndaşı 8-9 min manata, Azərbaycan vətəndaşı isə 19-22 min manata almalı olur”

“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik olunub. Daxili işlər naziri Vilayət Eyvazov dəyişiklik barədə müvafiq qərar imzalayıb. 

Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” Qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Qərar respublika daxili işlər orqanlarında elan edilib və sənədlə bağlı bənd 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, utilizasiya prosesi ilə bağlı qaydalara əsasən vətəndaş köhnə avtomobilini utilizasiyaya verdikdə ona nağd pul və ya çek verilir:  “Həmin çek əsasında yeni avtomobil almaq üçün bir dəfə müraciət edilə bilər. Utilizasiya ilə bağlı qərarın mahiyyəti həm də insanların köhnə avtomobillərə marağını azaltmaqdır. Azərbaycanda yol qəzalarının 70 faizinə köhnə avtomobillər səbəb olur”. 

Ötən ilin statistik məlumatına görə, Azərbaycanda minik avtomobillərinin sayı 1 milyon 400 minə çatıb. Ümumi avtomobillərin sayı isə 1 milyon 700 min olub. 

Təkcə ötən il ölkəyə 84 min 765 minik avtomobili idxal olunub. Avtomobillərin sayında son illər artım müşahidə olunsa da Azərbaycan hər min nəfərə düşən avtomobillərin sayına görə dünyada heç də maşın sayının çoxluğu olan ölkələr sırasında yer almır. Azərbaycanda hər min nəfərə 170 maşın və ya 135 minik avtomobili düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 107-cidir. İnkişaf etmiş ölkələrdə adambaşına görə ən çox avtomobilə sahib olan dövlətlər isə Yeni Zelandiya və ABŞ-dır. Hər min nəfərə həmin ölkələrdə uyğun olaraq 897 və 868 avtomobil düşür. Region ölkələrindən Rusiya 397 avtomobillə dünyada 55-ci, Gürcüstan 378 avtomobillə 61-ci, Moldova 363 avtomobillə 63-cü, Belarus 343 avtomobillə 70-ci, Qazaxıstan 207 avtomobillə 94-cü, Qırğızıstan 201 avtomobillə 97-ci, Özbəkistan 87 avtomobilə 130-cu yerdədir. Rəqəmlərin müqayisəsi də göstərir ki, Azərbaycanda hər min nəfərə düşən avtomobillərin sayı əksər region ölkələri ilə müqayisədə çox deyil.

Bununla belə, Azərbaycanda olan avtomobillərin yaşı 12 və daha artıqdır. Xalqımız köhnə avtomobil sürməyə layiq olmasa da, olduqca yüksək rüsumlar səbəbindən məcburi “qocalmış” avtomobillərin sükanı arxasına keçir. Odur ki, ölkədə 4 təkər üstündə metallomların sayı qonşu Gürcüstanla müqayisədə fantastik səviyyədə çoxdur. Gürcülər maksimum 7-8 yaşlı, daha yüksək sinfə aid avtomobil sürdükləri vaxtda, 500 kilometr bu tərəfdə azərbaycanlılar qat-qat artıq pul ödəməklə daha aşağı sinfə aid və daha köhnə maşınlar alır, yola çıxır. Əlbəttə ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də reritet avtomobil sevərlərin sayı az deyil. Köhnəlmiş avtomobillərə izafi sevginin arxasında fantastik qiymətlərin dayanması da faktdır. Məsələn, bu gün Bakı küçələrində 2006-2008-ci ildə istehsal edilən “Prius” bolluğudur. Belə maşınların qiyməti 11-13 min manat arasında dəyişir. Tiflis küçələrində belə metalloma az rast gəlinir. Əvəzində Tiflisdə 2012-ci ildən üzü 2023-cü ilə qədər istehsal edilmiş “Prius”lar var. 2012-ci ildə istehsal edilən "Prius"u Gürcüstan vətəndaşı 8-9 min manata, Azərbaycan vətəndaşı isə 19-22 min manata almalı olur. 

Elməddin Muradlı - Turkic World

Elməddin Muradlı

Elməddin Muradlı deyir ki, utilizasiya proqramı çərçivəsində verilən qərar ölkədə avtomobil parkının yenilənməsinə, ekoloji mühitin qorunmasına və baş verən qəzalarda ölüm sayının azaldılmasına təsir edəcək: "Bu yanaşma dünyanın bütün ölkələrində tətbiq olunur. Xaricdə eyni model avtomobilin yeni versiyası ilə qəza baş verən zaman xəsarət alan olmur. Azərbaycanda isə 20 il istismar olunan köhnə versiya model avtomobilin sürücüsü kiçik bir qəza törətdikdə ölüm halı baş verir. Bu müqayisədən utilizasiya prosesinin əhəmiyyətini anlamaq olur". 

Ekspert texniki baxış zamanı ödəniləcək rüsumlar barədə də məlumat verib: “İstismar müddəti 1-10 il olan avtomobillər üçün 10 manat, 11-21 il olanlar üçün 20 manat, 31 ilədək istismar olunanlar üçün 30 manat, 31 ildən yuxarı olan avtomobillər üçün 40 manat rüsum ödənilməlidir. Utilizasiya haqları Utilizasiya Fondunda toplanacaq. Vətəndaş köhnə avtomobilini təhvil verdikdə ona ödəniləcək pul da fonddan təmin ediləcək. Yəni vətəndaşın ödədiyi rüsum əslində onun özünə qayıda bilər. Düşünürəm ki, istehsal ili 10 ilədək olan avtomobillərə görə rüsum haqqı ləğv edilməlidir, çünki bunlar yeni avtomobil sayılır”.

Ölkəmizdəki avtomobil parkının 80 faizi köhnəlmiş avtomobillərdir, bu halda avtomobil sahibləri ildə 50 milyon manata yaxın utilizasiya haqqı ödəməli olacaqlar.  

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”   

28.12.2023 08:50
501