"Bundan əvvəl yod preparatları ilə bağlı narahatlığın əsassızlığının elmi təhlilini versəm də, son vaxtlar bu problem yenidən aktuallaşıb. Yodun "min bir dərdin dərmanı" olduğunu sosial şəbəkələrdə artıq həkimlər və hörmət sahibi olan şəxslər də iddia edir".
Bu fikirləri Musavat.com-a Azərbaycan Tibb Universitetinin professoru Musa Qəniyev deyib.
O bildirib ki, hətta hamiləlik zamanı ana sağlamlığı, dölün normal inkişafı, xüsusən ilkin uşaqlıq yaş dövründə zehni və nitq inkişafında yodun ən önəmli, zəruri vasitə olduğu söylənilir:
"Şübhəsiz ki, bu qənaətin istinad nöqtələrindən biri ÜST-nin "tövsiyə" xarakterli statistik təhlilidir. Məsələn, dünya əhalisinin 30%-dən çoxunun yod çatışmazlığından əziyyət çəkdiyi bildirilir. Gündəlik yoda olan tələbatdan 50 dəfə artıq yod qəbul edən yapon qadınları arasında döş vəzi xərçənginin digər ölkələrə nisbətən 3 dəfə az olması, insanların orta ömür müddətinin isə 82 il olduğu bildirilir və s. Amma elmi məntiq bu söylənilənlərin deyildiyi kimi olduğunu təsdiq etmir. Yod dəniz yosunları və neft buruğu sularından alınır. Yəni alınması böyük maddiyyat tələb etməyən, satışı isə böyük gəlirlərə imza atan sahədir. Odur ki, yodun təbliği hər şeydən əvvəl marketinq (bazar) maraqlarına xidmət edir. İnsan orqanizminin yoda tələbatına gəlincə, orta çəki vahidi kimi qəbul olunan 70 kq-lıq insan orqanizmində 60-dan artıq kimyəvi element var. Bədən kütləsinin 99%-dən çoxunu oksigen, hidrogen, azot, karbon, kalsium, fosfor kimi 6 element təşkil edir. Yod isə yerdə qalan 54 element yox, mikroelementdən biridir. O, həm də orqanizmin mövcudiyyəti üçün zəruri olan 22 mikroelement sırasına daxildir".
Miqdar göstəricisinə gəlincə, Musa Qəniyev deyib ki, yod 54-lük sıralamada 20-ci yerdə qərarlaşıb:
"Orqanizmin gündəlik yoda ehtiyacı 150 mikroqramdan yüksək deyil. Hormonal disfunksiya isə yalnız bu miqdar 50 mkq-dan az olduğu halda meydana çıxır. Digər tərəfdən, hətta yod qəbuluna mütləq məhdudiyyət qoyulsa belə, qalxanabənzər vəzdə ehtiyat halında depolaşan yod 2 ay daxili təminatı ödəmək üçün yetərlidir.
Həqiqətdir ki, qadınlarda hamiləlik zamanı yoda tələbat artır (200 mikroqram və daha çox). Buna səbəb dölün tələbatı ilə yanaşı, mübadilə prosesinin intensivləşməsi və hormon balansının modulyasiyasının nəticəsi olaraq xorionik qonadotropin tərəfindən qalxanabənzər vəz follikul hüceyrələrinin stimulyasiyası fonunda vəzdə baş verən hipertrofiyadır. Bu hal hamiləliyin ilk trimestrində baş verir. İkinci və üçüncü trimestrində hormonal aktivlikdə müşahidə olunan disbalans bərpa olunduğuna görə, trioid hormonların plazmadakı miqdarı azalır və yoda tələbat hamiləlikdən əvvəlki səviyyəyə düşür.
Körpələrdə leksik təfəkkür və nitqin inkişafına gəlincə, bu, 3-cü xromosomda yerləşən və şərti adı ROBO2 olan genin irsiyyətə bağlı substruktur fəallığından asılıdır. Bu prosesdə yodun birbaşa iştirakını təsdiq edən elmi məlumat yoxdur. ÜST-nin statistik təhlilinin nəticələrinə əsasən, bu hal süni şəkildə yaradılan məhdudiyyətlər hesabına, tələbatı təminatın tam ödəyə bilməməsindən irəli gəlir. Çünki normal qidalanma və yaşam şərtləri daxil, orqanizmin yoda olan gündəlik tələbatı tam şəkildə ödənilir. Məsələn, insan orqanizmi yodu su və qida məhsullarından qeyri-üzvi birləşmə - yodidlər halında, dənizə yaxın ərazilərdə isə aeroionlar şəklində dəniz havasından, yəni tənəffüslə alır. Bu cəhətdən Allahın bizə nemət kimi verdiyi Xəzər dənizinə çıxış xalq üçün azad olarsa və ya Xəzərətrafı sahil ərazilər "hasar blokadasından" çıxarılarsa, bizim insanlar arasında yod çatışmazlığı müşahidə oluna bilməz.
Unutmaq olmaz ki, təmiz yod çox toksiki maddədir. Onun miqdarı orqanizm tərəfindən tənzim olunan tələbatdan artıq olarsa, bu hal kəskin zəhərlənməyə səbəb ola bilər. Odur ki, yodun təbliği ilə məşğul olanlar az da olsa, yodun əlavə təsirləri haqqında danışıb, insanları maarifləndirsələr, çox yaxşı olar".
Həkimin sözlərinə görə, insan bütün ömrü boyu cəmi 3-5 qram yoddan istifadə edir ki, bu da cəmi 1 çay qaşığının tutumuna bərabərdir.
Afaq Mirayiq,
Musavat.com