Yod ilə gələn kim, endirim istəyən kim, qiymətlər isə... - Bal yarmarkasından REPORTAJ

250 arıçı, 400 kq bal, növbənöv arıçılıq məhsulları. Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası keçirilir.

Musavat.com-un əməkdaşı yarmarkaya üz tutub, satıcılarla və alıcılarla həmsöhbət olub.

BAL SON.jpeg (191 KB)

Yarmarkada Qarabağ, Lənkəran-Astara, Gəncə-Daşkəsən, Dağlıq Şirvan iqtisadi rayonlarından arıçılar məhsullarını satışa çıxarıb. Öncə satıcılarla söhbətləşib, satışın necə getdiyi ilə maraqlandıq.

ELVİN BAL.jpeg (150 KB)

“Balçı” MMC-nin rəhbəri Elvin Bayramlı bu il yarmarkaya 250 kiloqram məhsul gətirib. O bildirdi ki, hava şəraiti ilə əlaqədar məhsuldarlıq nisbətən aşağı olub:

“Həm may ayı ərzində məhsuldarlıq zəif oldu, həm də yay aylarında. Yaşlı arıçıların dediyinə görə, bu il hava şəraiti ilə əlaqədar son 50 ilin ən pis ilidir. Respublika üzrə cəmi 40 faiz məhsuldarlıq əldə olunub. 4-5 min xərc çəkib məhsul süzə bilməyən arıçılar oldu. Arı itkiləri də oldu. Ümid edirəm ki, gələn il daha yaxşı olar. Bu il Zəngilan, Laçın və Kəlbəcərə arı apardıq. Xərclər çox olduğu üçün endirim edə bilmirlər. İndiyə kimi hər dəfə yarmarkaya 400 kiloqram məhsul gətirmişik, bu il isə 250 kiloqram məhsul gətirə bildik”.

Elvin Bayramlı müştərilərə arı südü, çiçək tozu, fərqli ədavalı krem bal, güləm, mum güvəsi cövhəri, propolis cövhəri, arı ölüsü cövhəri, müxtəlif qarışımlar təklif edir.

Qiymətlərə gəlincə: “Keçən ilə nisbətən 5-10 manat artım var. Ən ucuz bal 20, an baha isə 40 manatdır. Kəlbəcər-Ağstafa qarışığı çiçək balı 40 manatdır, Zəngilan balı 35 manatdır. Alışa gəlincə, gündəlik təxminən 10 kiloqram məhsul sata bilirik”.

İlqar Həsənov isə Qazax rayonundan gəlib. Onun təsərrüfatı əsasən arı südü yığımında ixtisaslaşıb:

“Azərbaycanda ən çox arı südü götürən iki təsərrüfatdan biri mənimdir. 2015-ci ildən hər il yarmarkada iştirak edirəm. Bu il 350 kilo bal gətirmişəm. Onun təxminən yarısını satmışam. 3 kiloqram arı südünün də təxminən yarısını satmışam. Ölkə üzrə məhsuldarlıq az olduğuna görə qiymətlərdə 5 manat artım var, amma yarmarkada endirim etdiyimiz üçün deyə bilərəm ki, ciddi bahalaşma yoxdur. Cökə balını 30 manata, qaratikan və çiçək balını isə 25 manata satıram. Arı südünün 1 qramı 4-5 manatdır. Topdansatış qiyməti isə 3 manatdır. Hər 3 növ bal ən yüksək analiz nəticəsi göstərib”.

YAR SON.jpeg (218 KB)

Hikmət Əliyev də peşəkar arıçıdır. Bu il yarmarkaya 400 kiloqram süzmə bal, 18 ədəd də çərçivə bal gətirib.

O, müştərilərə may balı qarışıq qanqal balı, may balı, Tuğ balı (Hadrut) və Laçın balı təklif edir:

“Bundan əlavə, propolis cövhəri, mum güvəsi cövhəri, çiçək tozu, güləm, arı cövhəri və propolis şamları satıram. Eyni zamanda maz və kosmetik vasitələr düzəltmək üçün mum təklif edirəm. Bu il vəziyyət kritikdir. 2016-cı ildə 80 min arı tələf olmuşdu, bu il isə təxminən 100 min arı tələf olacaq. Kəlbəcərdə xeyli arı tələf oldu. Laçına 105 yeşik aparmışdım, hər yeşikdən cəmi 3-4 kiloqram bal götürdük. Laçın, Tuğ balı 35 manata satılır. Çox götürəndə 30 manatdan satıram. Digər balları 25 manata, çox götürəndə 20 manata satıram. Bu il bal az oldu. Keçən il 20 gündə 20 min manatlıq satış etmişdim. Bu il hələ ki, alıcılar nisbətən az gəlir”.

Arıçı deyir ki, bəzən alıcılar balın keyfiyyətini yoxlamaq üçün maraqlı üsullardan istifadə edirlər:

“Yarmarkada bal almaq üçün müşahidə aparmaq olar. Heç vaxt and içmərəm. Balı yandırmaq və s. yolu ilə yoxlamaq təsdiqlənmiş üsul olsa idi, kitablarda bu barədə yazılardı. Yarmarkaya yod ilə gələn müştəri olub. Yaxud qəzetin üstünə bal damcıladır ki, guya nəmlənməməlidir. Bunların heç biri təsdiqini tapmayıb”.

O ki qaldı alıcılara, arıçılıq məhsullarına maraq çoxdur. Müşahidələrimiz göstərdi ki, yarmarkadan istifadə edərək bol məhsul əldə etməyə çalışanlar az deyil.

Alıcı Raqif Hümbətli dedi ki, hər satıcı öz məhsullarını satmaq üçün canfəşanlıq edir, amma alıcının da gərək müəyyən təcrübəsi olsun:

“Yaxşı balı qoxusundan tanımaq olur. Ard-arda bir çox balın dadına baxanda bu, çaşdırıcı ola bilər. Bal ilə yanaşı, propolis də alıram. Hər il yarmarkaya gəlirəm, ən az 10 kiloqram məhsul alıram. Bu dəfə 30 manata cökə və 25 manata çiçək balı aldım”.

YAR SONN.jpeg (168 KB)

Təranə Məmmədova bildirdi ki, yeyəndə boğazı yandırırsa, bal yaxşı baldır: “Marketlərdə olan bal yaxşı deyil, yarmarkada isə keyfiyyətli məhsullar satılır. Qiymətlər də yaxşıdır. Çökə, akasiya, çiçək balı alıram. 20-25 manata satılır, endirim də edirlər”.

Emilya Məmmədova isə balın keyfiyyətini süzümündən tanıyır: “Əsasən cökə balı alıram. Yarmarkalar təşkil olunana qədər balı ancaq tanıdığımız şəxslərdən alırdıq. Qiymətlər qaneedicidir”.

Mehriban Şükürova Rusiyada yaşayır. O qeyd etdi ki, Rusiyada satılan bal Azərbaycanda satılan bal kimi şirin olmur: “Əsasən, bal, propolis, arı südü, pətək balından istifadə edirəm. Elə bal var ki, çox bahadır, eləsi də var ki, ucuzdur. Qiymətlər məni qane edir”.

“Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Asiman Aslanova Musavat.com-a bildirdi ki, arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasına fermerlər tərəfindən ən çox çiçək və cökə balı satışa çıxarılıb. O qeyd etdi ki, Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 250 arıçı tərəfindən satışa ümumilikdə 57,6 ton çiçək və 20,5 ton cökə balı çıxarılıb:

“Çiçək və cökə balları yarmarka dövründə satışa təqdim olunan arıçılıq məhsullarının 80%-ni təşkil edir.

ENDİRİM.jpeg (186 KB)

Bundan başqa, arıçı fermerlər satışa 2,9 ton qaratikan balı, 2,7 ton may balı, 3,6 ton meşə balı, 705 kq dağ balı, 120 kq biyan balı çıxarıblar. Yarmarkadan, həmçinin çəmən balı, şabalıd balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr əldə etmək olar.

Yarmarkaya 95 tondan çox arıçılıq məhsulları çıxarılıb. Satışa çıxarılan məhsulların 3 tona qədəri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

Qeyd edək ki, arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış yarmarkası 22 oktyabr 19:00-dək davam edəcək. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metrostansiyasının yaxınlığı) keçirilən yarmarkanın təşkilatçıları Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasıdır.

Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir
Musavat.com

17.10.2023 19:04
5762