Şəkidə yeznəsini öldürməkdə ittiham olunan 36 yaşlı Cavid İsayevin məhkəmə araşdırması yekunlaşıb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda yekun qərar elan edilib.
Məlumat üçün deyək ki, hadisə ötən ilin oktyabrında Aşağı Küngüt kəndində baş verib.
İstintaqla müəyyən edilib ki, Cavid 41 yaşlı yeznəsi Asif Həşimovu bacısını (eyni zamanda mərhumun arvadı) təhqir etdiyinə görə qətlə yetirib. Onların bu məsələ ilə bağlı mübahisəsi kənd kənarındakı boş ərazidə davam edib. Həmin vaxt Asif yenə də onun və bacısının ünvanına nalayiq sözlər işlədib. Hisslərini cilovlaya bilməyən Cavid yeznəsinə bir neçə bıçaq zərbəsi endirərək hadisə yerində ölümünə səbəb olub. O, hadisədən sonra könüllü olaraq polisə təslim olub.
Təqsirləndirilən şəxs istintaq dövründə müstəntiqə ifadəsində deyib ki, müharibədən qayıtdıqdan sonra onda psixi problemlər yaranıb. Dərmanlarını vaxtında qəbul etmədikdə isə vəziyyəti daha da kəskinləşir. Dediyinə görə, həmin gün də gərgin vəziyyətdə olub. Onun psixi xəstəlikdən əziyyət çəkməsi ekspertlər tərəfindən də təsdiq edilib. Həkim rəyində yazıb ki, təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törədib.
Xaliq Məmmədovun sədrlik etdiyi məhkəmə tərkibi işi araşdırdıqdan sonra həkim rəylərini və istintaq orqanının qərarını əsaslı hesab edib. Qərara əsasən, Cavid İsayev yeznəsini anlaqsız vəziyyətdə öldürdüyündən cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə cəlb edilib.
Xatırladaq ki, ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədov haqda da bir neçə gün əvvəl eyni qərar çıxarılmışdı. Həmin qərar cəmiyyətdə müzakirələr yaratsa da, fakt odur ki, bu kimi işlərdə məhkəmə qanunauyğun qərar qəbul edir. Qanunvericilikdə müəyyən edilmiş hallarda ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrumedilmə hesabı ilə hesablanır.