Azərbaycanda həm kərə, həm də zeytun yağının qiyməti artıb; heyvandarlıq sektorunda heyvan sayı da azalır, məhsul istehsalının artım tempi düşür, idxaldan asılılıq artır
Azərbaycanda həm kərə yağının, həm də zeytun yağının qiyməti artıb. Qiymət artımı daha çox yerli istehsal məhsullarında özünü göstərir. Belə ki, 2024-cü ilin iyun ayında Azərbaycanda zeytun yağının 1 litrinin orta satış qiyməti 17.00 manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, əvvəlki ilin iyun ayı ilə müqayisədə 1.40 manat və ya 9 faiz çoxdur.
Bu dövrdə yerli istehsal olan zeytun yağının 1 litrinin qiyməti 15.98 manat təşkil edib ki, bu da illik hesabla 1.55 manat və ya 11 faiz bahadır.
Xaricdən gətirilmiş zeytun yağının 1 litri isə 18.64 manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 1.41 manat və ya 8 faiz yüksəkdir.
Məlumat üçün bildirək ki, 2023-cü ilin iyun ayında 1 litr zeytun yağının orta qiyməti 15.60 manat təşkil edib. Yerli zeytun yağının qiyməti 14.43 manat, zeytun yağının ümumi orta qiyməti isə 17.22 manat olub.
Qeyd edək ki, son iki ildə iqlim şərtlərinə görə dünya bazarında zeytun yağının qiymətində artım olub. Belə ki, bu məhsulun əsas istehsalçısı olan İspaniyada və İtaliyada iki il ardıcıl yaşanan qızmar isti yay zeytun məhsulunu azaldıb. Bu, qiymət artımına səbəb olub. İspaniya dünya zeytun yağı istehsalının 40 faizindən çoxunu təmin edir. Bu isə İspaniyanı qiymətlər üçün qlobal istinada çevirir.
İspaniyanın Endəlüs bölgəsində sıxma zeytun yağının qiyməti yanvar ayında 1 kq üçün 9,2 avro (9,84 dollar) olmaqla rekord səviyyəyə çatıb. Sonradan mart və aprel aylarında yağan yağışlar məhsul istehsalına dair gözləntiləri müsbətə doğru dəyişib və qiymətlər bir qədər geriləyib.
Azərbaycanda əsas istehsal ərazisində - Bakı və Abşeron yarımadasında zeytun istehsalına mənfi təsir göstərəcək ciddi problemlər müşahidə olunmayıb. Son illərdə həm seytunun bağlarının sahəsi, həm də onun istehsalı sürətlə artır.
Azərbaycanda zeytun istehsalı sürətlə artır. 2021-ci ildə 1510,5 ton təşkil edən istehsal 2022-ci ildə ikiqat artaraq 3171,7 tona çatıb ki, bunun da 2168 tonu Bakı şəhərinin payına düşür.
2018-2022-ci illərdə zeytun bağlarının sahəsi 3888,5 hektardan 6726,4 hektara qədər artıb.
Keçən il ölkədən xaricə ümumilikdə 578.74 ton və ya 3 milyon 157.3 min dollarlıq zeytun yağı ixrac edilib. Zeytun yağının 186.6 tonu və ya 950.9 min dollarlığı Türkiyəyə, 66.6 min tonu və ya 348.9 min dollarlığı Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 1 160 ton zeytun yağı istehsal edilib.
Bu ilin yanvar-mayında saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı idxalı 340 min dollar dəyərlə 40,91 ton, ixrac 2063,68 min dollar dəyərlə 325,78 ton, saflaşdırılmamış, birinci sıxma zeytun yağı idxalı 165,48 min dollar dəyərlə 52,15 ton olub. Bu məhsul üzrə ixrac yoxdur, idxal olunan isə demək olar ki, bütünlüklə Türkiyədən alınıb. Saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağının 82,21 tonu (637,27 min dollar) Rusiyaya, 44 tonu (238,92 min dollar) Birləşmiş Ərəb Əmirliklərinə, 110 tonu (674,1 min dollar) İspaniyaya, 44 tonu (222,2 min dollar) İsrailə, 38,51 tonu (232,26 min dollar)Türkiyəyə ixrac edilib.
Ötən ilin eyni dövründə saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı ixracı 282,15 min dollar dəyərlə 62,7 ton, idxalı isə 191,76 min dollar dəyərlə 27,34 ton təşkil etmişdi. Bundan əlavə, həmin dövrdə 185,55 min dollar dəyərində 36,04 ton saflaşdırılmamış, birinci sıxma zeytun yağı idxal edilib.
Beləliklə, 2023-cü ilin yanvar-iyununda saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağının 1 tonunun idxalı 7014 dollara, ixracı 4500 dollara, bu ilin eyni dövründə isə idxalı 8311 dollara, ixracı isə 6334,6 dollara rəsmiləşdirilib.
2024-cü ilin birinci yarımilində Azərbaycan təkcə Türkiyədən 1 milyon 398 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı alıb. Türkiyə İxracatçılar Məclisinin yaydığı məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38 min ABŞ dolları və ya 2,7 faiz azdır.
Ötən ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 1 milyon 436 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı almışdı.
Göründüyü kimi, ölkədəki daxili qiymətlər ixrac qiymətindən kifayət qədər yüksək olsa da, nədənsə zeytun yağı istehsalçıları onu daxili bazarda satmaqdansa, xaricə ixrac etməyə üstünlük verirlər.
Bəzi hesablamalara görə, Azərbaycanda zeytun bağlarının sahəsini 150 min hektara çatdırmaqla, ildə 1 milyard dollarlıq zeytun yağı ixracına nail olmaq mümkündür. Artıq Azərbaycan beynəlxalq səviyyədə zeytun istehsalçısı kimi qəbul edilməyə başlanıb. Bu il Azərbaycan zeytun yağı və süfrəlik zeytun istehsal və istehlak edən ölkələri bir araya gətirən və BMT-nin himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Zeytun Şurasına (İnternational Olive Council - IOC) üzv qəbul edilib. 1959-cu ildə yaradılan IOC-un üzvləri sırasına Albaniya, Argentina, Azərbaycan, Avropa İttifaqı ölkələri, Əlcəzair, Bosniya və Herseqovina, Misir, Gürcüstan, İran, İsrail, İordaniya, Livan, Liviya, Monteneqro, Mərakeş, Fələstin, Səudiyyə Ərəbistanı, Tunis, Türkiyə, Uruqvay və Özbəkistan daxildir.
Şuranın fəaliyyətinə tədqiqat, təlim və texnologiya transferi üzrə beynəlxalq texniki əməkdaşlığın təşviq edilməsi, ticarət standartlarının inkişaf etdirilməsi, məhsulun keyfiyyətini artırmaqla zeytun yağı və süfrə zeytununun payının beynəlxalq ticarətdə artırılması, özəl sektorla sıx əməkdaşlıq etmək üçün hökumət nümayəndələri və ekspertlər arasında görüşlərin keçirilməsi və s. daxildir.
Onu da qeyd edək ki, qlobal bazarlarda iyun-iyul aylarında qeydə alınan bitki yağı qiymətlərindkiuə artım əsasən palma, soya, günəbaxan və kolza yağlarının kotirovkalarının yüksəlməsindən qaynaqlanıb. Bu barədə BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) məlumat yayıb. Azərbaycanda duru bitki yağları ilə özünütəminat səviyyəsi 2022-ci ildə 66,7 faizə bərabər olub. Özünü bir məhsulla tam təmin edə bilməyən ölkənin həmin məhsulun ixracını artırması da normal məntiqə uyğun gəlməyən prosesdir.
Nəhayət, onu da bildirək ki, Azərbaycanda zeytun yağı istehsalına dair rəsmi rəqəmləri əksəriyyət mütəxəssislər mötəbər hesab etmirlər: kiçik sexlərdə, fərdi şəxslər tərəfindən soyuq sıxma üsulu ilə istehsal olunan tonlarla yağ hər hansı uçota alınmadan satılır...
Kərə yağına gəlincə, Azərbaycanın bu məhsulla özünütəminat səviyyəsi 62 faizdir. Buna görə də daxildəki qiymətlər qlobal bazardan xeyli dərəcədə asılıdır. Avqust ayının əvvəlindən Azərbaycanın pərakəndə satış məntəqələrində kərə yağı qiymətləri 10 faizdən çox artıb. Qlobal bazarlarda kərə yağının bahalaşması müşahidə olunur. Belə ki, iyul ayında FAO Süd Məhsullarının Qiymətləri İndeksinin orta dəyəri iyun ayı ilə müqayisədə faktiki olaraq dəyişməyərək 127,7 bənd təşkil edib və ötən ilin müvafiq göstəricisindən 8,6 bənd (7,2 faiz) yüksək olub. Ay ərzində kərə yağı və pendirin qiymət indekslərində artım qeydə alınır. Bu artımın son 10 ayda davam etdiyi bildirilir. Burada əsas rolu yüksək daxili tələb fonunda Qərbi Avropada ixrac təklifinin azalması oynayır.
Dünya bazarındakı bahalaşma ölkəyə idxal olunan kərə yağının gömrük dəyərində də hiss olunur. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk birinci yarısında Azərbaycana bir tonu orta hesabla 5 min 259 dollara olmaqla 71 milyon 44 min dollar dəyərində 13 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. 2023-cü ilin eyni dövründə Azərbaycana 47 milyon 19 min dollar dəyərində 8 min 501 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunmuşdu (tonu orta hesabla 5 min 531 dollardan ).
Beləliklə, kərə yağı idxalı 2024-cü ilin yanvar-iyununda 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 24 milyon 25 min dollar və ya 51 faiz, miqdar ifadəsində 3 min 493 ton və ya 41 faiz artıb.
Bundan əlavə, 2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycana 95 milyon 796 min dollar dəyərində 80 min 681 ton bitki və heyvan mənşəli yağlar idxal olunub (1 tonu orta hesabla 1187 dollardan). Ötən ilin eyni dövründə 89 milyon 16 min dollar dəyərində 65 min 424 ton bitki və heyvan mənşəli yağlar idxal olunmuşdu (tonu orta hesabla 1360 dollardan).
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin birinci yarısında Azərbaycanda 13872,7 ton kərə yağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artım deməkdir. İyulun 1-nə anbarlarda 49,2 ton kərə yağı ehtiyatı olub.
Son illərdə heyvandarlığın bitkiçiliyin genişləndirilməsi hesabına tənəzzülə uğradılmasının mənfi təsirləri artıq hiss olunmaqdadır: heyvandarlıq sektorunda heyvan sayı da azalır, məhsul istehsalının artım tempi düşür, idxaldan asılılıq artır. Bu isə hökumət üçün kifayət qədər ciddi çağırışlar formalaşdırır...
Dünya SAKİT,
“Yeni Müsavat”