Yeniyetmə və gəncləri kriminallaşmaqdan necə qurtaraq - təklif

Son vaxtlar yeniyetmə və gənclər arasında kriminallaşma açıq şəkildə hiss olunur. Xüsusən Tik-Tokda səhifələri, şərhləri, paylaşımları izləyərkən dramatik durumun şahidi oluruq.

Müşahidələr göstərir ki, yeniyetmə və gənclərin əksəri cibində bıçaq gəzdirir, kriminal avtoritetləri yamsılayırlar...

Son olaraq  Gəncədə XI sinif şagirdi Raul Rəhimovun həmyaşıdı tərəfindən məktəbin önündə bıçaqlanaraq qətlə yetirilməsi məsələni bir daha aktuallaşdırıb.

Məktəbin qarşısında bıçaqlanaraq öldürülən Raul Rəhimovun qardaşı Ramal Rəhimov deyib ki, Raulla onu bıçaqlayan Fərid Şabanov arasında problemlər əvvəldən olub: “Aralarında olan münasibət bura qədər gəlməmişdi. Keçən il oturub hətta söhbət edirdilər, gülürdülər, ortam mülayimləşmişdi. Amma bu tədris ilindən münasibət yenidən gərginləşmişdi. Hətta ailələr də görüşmüşdü, uşaqlar qarşılaşmışdı və onlara ciddi xəbərdarlıq olmuşdu”...

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov “Qafqazinfo”ya bildirib ki, qətl törətməkdə şübhəli bilinərək saxlanılan 2007-ci il təvəllüdlü F.Şabanov hadisədən əvvəl məktəbə daxil olmağa çalışıb: “Lakin məktəbin məsul şəxsləri onun məktəb binasına daxil olmasına icazə verməyiblər. O, məktəbdən çıxarılarkən əsəbi halda şagirdlərlə mübahisə edib. Həmin vaxt dərsə gələn şagird Rəhimov Raul Bəxtiyar oğlu ilə də arasında münaqişə yaranıb. Mübahisə zamanı kənar şəxs Raul Rəhimova bıçaq xəsarəti yetirib".

İdarə rəsmisi bildirib ki, F.Şabanov 10-cu sinifdə təhsilini yarımçıq dayandırıb: “O, valideynin ərizəsi əsasında orta məktəbdəki təhsilini dayandırıb və ondan sonra heç bir məktəbdə təhsilinə davam etməyib”.

Onu da xatırladaq ki, 2022-ci ilin aprel ayında da Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə şagird qızlardan biri sinif yoldaşını bıçaqlamışdı. 

Beləliklə, 16-17 yaşlı gənclər artıq uzun müddətli kriminalyönlü problemlərə meyllənib.

Belə hallar çoxdur və sosial şəbəkələrdə insanlar həyəcan təbili çalır.

Şagird və gənclər arasında milli-mənəvi şüurun aşılanması işinin ən yüksək  səviyyəyə çatdırılması vacib məsələlərdəndir”-GÜLNARƏ ƏMİRASLANOVA –  FOTOLAR – EtikXəbər

Gülnarə Əmiraslanova:  “Həqiqətən fəlakətlə üz-üzəyik”

Pedaqoq, QHT sədri Gülnarə Əmiraslanova son olayları şərh edərək, yazıb: “10-11-ci siniflərdə mən də dərs deyirəm. Qarşımda 3 növ şagird oturur. Söhbət oglanlardan gedir. 1. Bütün gününü repetitor yanında keçirməklə Azərbaycanın və dünyanın nüfuzlu universitetlərində təhsil almaq arzusunda olan. 2. Məktəbə mütəmadi gəlib, dərsdən sonra yarıac-yarıtox restoranlarda, şadlıq evlərində gecəyə qədər ofisiantlıq edib ailəsinə 10 manat pul aparan, səhər yorğunluqdan 1-ci saata gecikən. 3. Kriminal "avtoritetlərin" fanatına çevrilib başına başqa siniflərdən özünəbənzər uşaqlardan dəstə toplamaga çalışan və həyatını məhv edən. Sonuncularla daha çox işləməliyik. Həqiqətən fəlakətlə üz-üzəyik".

Bəs hansı tədbirləri görmək olar? Məktəblərdə tərbiyəvi, maarifləndirici tədbirlər təşkil olunmalıdırmı? Yuxarı sinif şagirdləri ilə sivil həyata dair proqramlar, layihələr icra olunması effekt verərmi?

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov: “Proseslərin təhlili onu göstərir ki, belə halların baş verməsi daha da artacaq”

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, zaman-zaman məktəblərdə baş verən kriminal hadisələr həm məktəblərdə, həm də ailələrdə tərbiyə işinə xüsusi həssaslıqla yanaşılmasının nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha göstərir: “Hər zaman qeyd etdiyim kimi, məktəbin işi yalnız təhsil vermək deyil, məktəb həm də tərbiyə müəssisəsidir. Tədrislə tərbiyə işi paralel aparılmalıdır. Hətta deyərdim belə hadisələrin baş verməməsi üçün tərbiyə işinə daha çox önəm verilməlidir.  

Əgər əvvəlki dövrlərdə kriminal hadisələr daha çox böyük insanlar arasında baş verirdisə, indi biz kriminal hadisələrin də günü-gündən daha da cavanlaşdığını müşahidə edirik.

Proseslərin təhlili onu göstərir ki, belə halların baş verməsi artan xətt üzrə davam edəcək. Bu gün gənclərdə kriminal aləmə meylin artması, onların daha çox kriminal əhval-ruhiyyəli mahnılara qulaq asmaları bunu bir daha təsdiq edir.

Düşünürəm bu barədə ciddi düşünməyin və real addımlar atmağın vaxtı çoxdan çatıb. Əks halda, yuxarıda qeyd etdiyim kimi, belə hadisələrin gələcəkdə daha çox baş verəcəyi ehtimalı çox yüksəkdir. 

Burada belə bir haqlı sual yaranır ki, belə hadisələrə görə kim məsuliyyət daşıyır? Hesab edirəm məsuliyyət bütün tərəflərin üzərinə düşür. Ancaq daha çox məsuliyyəti məktəblərimiz daşıyır. Onlar belə halların baş verməməsi üçün nə etməliyik sualı barədə ciddi düşünməlidir".

Ceyhun Məmmədov bu gün müxtəlif səbəblərdən valideynlərin övladlarına kifayət qədər vaxt ayıra bilmədiyini vurğulayıb: “Digər bir məqam isə ondan ibarətdir ki, bəzi ailələr bu tərbiyəni vermək iqtidarında deyillər. Məsələnin ən ciddi tərəflərindən biri də budur. Belə olduğu halda isə yük daha çox məktəblərin və müəllimlərin üzərinə düşür.

Əvvəl də qeyd etdiyim kimi, düşünürəm ki, təhsil sahəsində mövcud problemlərin araşdırılması üçün ayrıca bir mərkəzin fəaliyyətinə ciddi ehtiyac var. Əvvəl bu və ya digər formada bu funksiyanı Təhsil Problemləri İnstitutu yerinə yetirirdi. Sonradan iki qurum birləşdirildi və fəaliyyət daha çox başqa istiqamətə yönləndirildi.

Bütün hallarda gələcəkdə məktəblərimizdə belə halların təkrarlanmaması üçün həm ailələrimizin, həm də məktəblərimizin üzərinə çox ciddi vəzifələr düşür. Bunun üçün bütün tərəflər cidd-cəhdlə çalışmalıdır. Həqiqi nəticə yalnız onda ola bilər".

Nadir İsrafilov: “Yazılan tarix oxunulmasa unudular”

Nadir İsrafil: “Baş verənlərin əsas səbəbini virtuallığın ifrat həddində görürəm”

Tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov isə qeyd edib: “Baş verənlərin əsas səbəbini virtuallığın ifrat həddində görürəm. Yeniyetmə və gənclərin virtual aləmə ifrat dərəcədə meyl etməsinin, günün böyük hissəsini sosial şəbəkələrdə keçirməsinin, sosial platformalardakı yazışmalarının və telekanallarda yayımlanan şou xarakterli bayağı proqramlarının əks təsirinin bu kimi fəsadlara yol açacağını qabaqcadan görməli, yeniyetmə və gənclərin məktəbə çoxfunksiyalı telefonlarla gəlməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirməli idik.

Dünyanın bir çox ölkələrində “TikTok” platformasına qadağa qoyulduğu və bu kimi qadağalar davam etməkdə olduğu halda, məktəb və valideynin  imkanları daxilində yeniyetmə və gəncləri sosial şəbəkə asılılığından təcrid etmək üçün əməli tədbirlər görülmədi. Nə məktəb, nə də valideyn uşaqlara və yeniyetmələrə onların əsas vəzifələrinin oxumaq, təhsillərini başa vurmaq, özlərinə müəyyən karyera qurmağın vacibliyini lazımi səviyyədə anlatmadı. Nəticədə məsələ hədəqəsindən çıxaraq, cəmiyyətin ümumi məsələsinə, əslində bir növ sosial problemə çevrildi. Virtual aləmə ifrat dərəcədə meylimiz, günümüzün demək olar ki, böyük hissəsini sosial şəbəkələrdə keçirməyimiz bu kimi vəziyyətləri qaçılmaz edib. “İnsan özünə əyləncə və məşğuliyyət tapa bilməyəndə, başqalarını əyləndirməyə başlayır” deyimi artıq öz yerini tutub. Biz bu gün belə “əyləncə”lərlə əylənmək məcburiyyətində qalmışıq.

Əslində valideyn və məktəbin yaranmış vəziyyətdən çıxış yolu tapmasında aciz qalmasının artıq bir reallığa çevrildiyi ilə razılaşmaq zorunda qalmışıq. Baş verənlərdə günahkar axtarışına çıxmışıq, istintaqın nəticələrinin ümidinə qalmışıq. Elə Gəncə şəhərində şagirdinin məktəbin önündə bıçaqlanması faktını götürək. İstintaqın nə ilə nəticələnməsindan və günah sahibinin kim olacağından asılı olmayaraq sual yaranır: Niyə əvvəlcədən aralarında ixtilaf olduğunu həm məktəbdə, həm ailədə bildikləri halda qabaqlayıcı tədbirlər görülməyib? Bir halda ki, ilkin ehtimala görə, hadisə qız üstündə baş verib, deməli, bu hal mütləq şəkildə həm ailə tərəfindən, həm də məktəb mühitində özünü büruzə verməyə bilməzdi.

Günahkarın kim olduğunu araşdırıb qiymət vermək hüquq-mühafizə orqanlarının işidir. Bizim vəzifəmiz günahkar axtarmaq yox, günaha yol açan səbəbləri axtarmaqdır. Nə qədər ki, “günahı” doğuran səbəblər araşdırılıb tapılmayacaq, “günahkar” axtarışı da bir o qədər davam edəcək...

Məktəblərimizdə zorakılıq hallarına dair xüsusilə son illər gündəmi zəbt edən olaylar sual doğurur ki, bu kimi arzuolunmaz halların baş verməsinə səbəb nədir, bu kimi təzahürlər nədən qaynaqlanır? Hesab edirəm ki, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən “əməkdaşlıq pedaqogikası” adlanan canlı ünsiyyətə keçmək məcburiyyətindəyik və müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

25.01.2024 09:03
1057