Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 944,3 milyon manat və ya 8,0 faiz artırılaraq 39 milyard 707,3 milyon manata çatdırılır.
Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3 milyard 249,4 milyon manat və ya 8,9 faiz çoxdur.
Yenidən baxılan büdcədə cari xərclərin həcmi təsdiq olunmuş göstəriciyə nisbətən 314,2 milyon manat və ya 1,4 faiz artırılaraq 23 milyard 24,4 milyon manata çatdırılır. Bu, ümumi xərclərin 58,0 faizi deməkdir. Nəticədə cari xərclər 2023-cü ilin faktiki icra göstəricisinə nisbətən 2 milyard 756,3 milyon manat və ya 13,6 faiz çox olacaq. Büdcənin əsaslı xərcləri ümumi xərclərin 38,7 faizi həcmində və ya 15 milyard 387,3 milyon manat təşkil edəcək. Bu isə təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 307,1 milyon manat və ya 27,4 faiz çoxdur. Bu il dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,3 faizi həcmində və ya 1 milyard 295,6 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 677,0 milyon manat və ya 34,3 faiz az) vəsait yönəldiləcək.
Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 5,9 faiz-bənd artacaq, cari xərclərin xüsusi çəkisi isə 3,8 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 2,1 faiz-bənd azalacaq.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərcləri təsdiq olunmuş 7 milyard 788,0 milyon manata qarşı 9 milyard 902,7 milyon manat və ya 2 milyard 114,7 milyon manat (27,2 faiz) çox, müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 6 milyon 421,0 milyon manata qarşı 7 milyard 126,3 milyon manat və ya 705,3 milyon manat (11,0 faiz) çox, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər təsdiq olunmuş 1 milyard 390,3 milyon manata qarşı 1 milyard 750,2 milyon manat və ya 359,9 milyon manat (25,9 faiz) çox, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 2 milyard 956,7 milyon manata qarşı 3 milyard 58,4 milyon manat və ya 101,7 milyon manat (3,4 faiz) çox, kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1 milyard 102,6 milyon manata qarşı 1 milyard 202,6 milyon manat və ya 100,0 milyon manat (9,1 faiz) çox, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 574,8 milyon manata qarşı 575,6 milyon manat və ya 0,9 milyon manat (0,1 faiz) çox, ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 4 milyard 822,2 milyon manata qarşı 4 milyard 542,8 milyon manat və ya 279,4 milyon manat (5,8 faiz) az, səhiyyə xərcləri təsdiq olunmuş 1 milyard 871,3 milyon manata qarşı 1 milyard 863,3 milyon manat və ya 8,0 milyon manat (0,4 faiz) az, sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4 milyard 542,2 milyon manata qarşı 4 milyard 391,4 milyon manat və ya 150,8 milyon manat (3,3 faiz) az, təhsil xərcləri, mənzil və kommunal təsərrüfatı xərcləri və ətraf mühitin mühafizəsi xərcləri isə təsdiq olunmuş məbləğdə proqnozlaşdırılır.
Musavat.com