Yeni tarifdən imtina edənlər 130 azn cərimələnir?

 "Bəzi bölgələrdə  yüksək internet tarifləri ucbatından internet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların  qanunsuz və ədalətsiz münasibət sərgilədiyi bildirilir".

Musavat.com bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə "Aztelekom" tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə ondan 130 manat cərimə tələb olunur.

"Həmçinin bu vətəndaşlara bildirilir ki,  aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlər də tezliklə qiymətləri qaldıracaqlar. Normalda isə modemi təhvil verməklə xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır.

Xatırladıram ki, “Aztelekom” dövlət şirkəti son 2-3 ildə bölgələrdə yeni GPON  infrastrukturu qurduqdan sonra, “Huawei” şirkətindən aldığı modemləri vətəndaşlara pulsuz təqdim etməklə, minimal 18 manat (40 Mbit/s) olmaqla bir illik internet xidməti  müqaviləsi bağlayıblar.

İndi isə 15 avqust tarixindən başlayaraq “Aztelekom” minimal tarifləri 25 manata (100Mbit/s) qaldırıb.

Bundan sonra  bu internet sürətlərinə ehtiyacı olmayanların seçimləri olmadığından  xidmətdən imtina etməsi, xidmətə bağlanmaq üçün qonşularla "şərikli internet" seçimi etmələri haqqında sosial mediada  məlumatlar açıqlanıb.

Yeri gəlmişkən, Antiinhisar Dövlət Xidməti “Aztelekom” təbii inhisar subyektinin minimal tarif artımını qanunsuz hesab edib və araşdırmalar başladıb",- deyə Osman Gündüz bildirib.

Xalidə Gəray
Musavat.com

22.08.2024 16:09
7252