Son günlər əhali arasında taksi sürücüləri ilə bağlı yenə narazılıq var. Bakı sakini Afət Əliyeva Musavat.com-a deyib ki, taksi sürücüsünün anormal hərəkəti ilə üzləşib:
"Bolt taksiyə minmişdim, sürücünün qolu tez-tez atlanır, irəli-geri çəkilirdi. Qorxduq ki, indi maşının sükanı əlindən çıxacaq. Sonra dedi ki, xanım psixoloji problemim var, özümlə bacarmıram, icazə verin siqaret çəkim, yoxsa qolumu saxlaya bilmirəm. Biçarə qalıb, razılıq verdim. Marağımdan, ondan tibbi arayış tələb edib-edilmədiyini də soruşdum. Cavabında dedi ki, heç nə tələb etməyiblər. Sadəcə bildiriş gəlib. Siz təsəvvür edirsiniz, övladımla mənzil başına çatanadək nə hisslər keçirdim. Bəs deyirdilər iyul ayından narkoman, xəstə taksi sürücülərini artıq görməyəcəyik?! Əksinə qiymətlər artdı, amma keyfiyyətdə dəyişiklik olmadı, yenə həyatımız təhlükədədir", - deyə şikayətçi bildirib.
Adının çəkilməsini istəməyən "Bolt" sürücülərindən biri Musavat.com-a deyib ki, taksilər əsasən taksi parklarının nəzarətinədir:
"Əvvəllər "Toyota Prius" işlədən sürücülər var ki, indi də başqasının adından işləyə bilirlər. Misal üçün, mən sahibkar kimi öz adıma 4-5 nəfər sürücü sala bilərəm. Etibarnamə verirəm. Amma mən onu öz adıma salmaq üçün narkoloji dispanserdən onların arayışı olmalıdır. Bəziləri olub ki, o arayışı gətirə bilməyiblər. Amma taksi parkları heç bir sertifikatı, arayışı da veclərinə almadan o sürücüləri işə götürürlər. Yeni gələn maşınlar boş qalıb axı, mütləq işləməlidir. O "Priusu" sürən həmin sertifikatsız, həkim arayışı olmayan sürücülər indi yeni taksiləri sürürlər. Yəni dəyişən heç nə yoxdur. Sadəcə priuslara qadağa qoyuldu".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a deyib ki, bu tənzimləmələrdən sonra taksi qıtlığı müşahidə olunur:
"Qıtlıq olan zaman taksi qiymətlərinin də yüksəlməsinin şahidi oluruq. Burada artıq cəmiyyət dilemma qarşısında qalır. Biz keyfiyyətli və təhlükəsiz taksi istəyirik. Eyni zamanda, onun baha olmamasını istəyirik. Bunlar bir-birilə uzlaşmaya bilir. Bu tənzimləmələr elə şərtlərdir ki, hər bir taksi sürücüsü bunun öhdəsindən gələ bilmir. Buna görə müvəqqəti olaraq köhnə sistemlə çalışmağa icazə verirlər. Əlbəttə, sürücülər qaydalar əsasında çalışmalıdırlar. O da basa düşüləndir ki, bəzi taksi sürücüləri, xüsusən də taksi fəaliyyəti ilə məşğul olanlar hələ ki bu yeniliklərə hazır deyillər. Taksi ilə bağlı tələblər ki var istismar edilən avtomobilin eksteryerinə, interyerinə olan tələblər, sürücüyə dair tələblər, bunlar həddən artıq böyük tələblərdir. Bunu hər sürücü bacara bilmir. Kifayət qədər büdcəsi olan taksi şirkətləri var, onlar bunun öhdəsindən gələ bilirlər. Xüsusən də xarici taksi şirkətləri hələ ki bizim yeni taksi qaydalarına uyğunlaşa bilmir. Çünki onların öz qaydaları, prinsipləri var idi. Amma onlar buna uyğunlaşmadı. Çünki xarici taksi şirkətləri xeyli müddət Azərbaycanda çalışdı, milyonlarla pul da qazandılar. Bizim vətəndaşların da hüquqlarını pozdular. Dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq həm sürücülərin, həm də sərnişinlərin hüquqlarını pozurdular. Sürücüləri istismar edirdilər, göstərilən müddətdən artıq çalışdırırdılar. Sürücülərə çatmalı olan ödənişləri vaxtında ödəmirdilər. Xidmətdən narazı qalan sərnişinlərin də şikayətinə baxmırdılar. İndi bunlar hamısı qanunla tənzimlənməlidir. Qanunla tənzimlənəndə də burada xırda problemlər ortaya çıxır. Yenə də bu problemlərin öhdəsindən gəlmək olar. Sentyabrın 15-dən artıq bu problemlər olmayacaq, təhlükəsiz taksini görə biləcəyik. İnsanların şikayəti barsa, Yerüstü Nəqliyyat Agentliyinin "Qaynar xətti"nə şikayət edə bilərlər. Nalayiq hərəkətlərə məruz qalırlarsa DİN-ə müraciət edə bilərlər".
Qeyd edək ki, iyulun 1-dən etibarən, istehsal ili 15-i keçən maşınlar taksi fəaliyyəti üçün yararsız hesab olunur.
İyulun 1-dən taski sürücüsü işləmək istəyənlərdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)-nın sürücülük təlimindən keçmələrinə dair şəhadətnamə, avtomobilləri üçün buraxılış vəsiqəsi və buraxılış kartı da tələb olunacağı deyilirdi. “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, taksi xidməti sektorunda buraxılış vəsiqəsi və buraxılış kartı tətbiq edilir.
“Buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” qanuna əsasən, buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
Afaq Mirayiq,
Musavat.com