Məlum olduğu kimi, bir neçə gün öncə Nazirlər Kabineti ölkədə taksi xidməti ilə bağlı qərar verib. Qərarda aşağıdakı tələblər öz əksini tapıb:
1. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək.
2. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin.
3. Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər.
4. Taksilərin salonunda videokameralar olmalıdır.
5. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır.
6. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.
Beləliklə, tələblərə əsasən iyulun 1-dən etibarən, istehsal ili 15-i keçən maşınlar taksi fəaliyyəti üçün yararsız hesab olunacaq. Avtomobilin 14 yaşı varsa, bu zaman ona cəmi 1 illik icazə almaq mümkün olacaq. Bir sözlə, avtomobilin yaşı 15 ili tamamladıqdan sonra o taksi kimi fəaliyyət göstərə bilməyəcək.
Həmçinin iyulun 1-dən sonra yaşı 8-dən az olan avtomobillərə taksi fəaliyyəti üçün icazə veriləcək və onlar 15 yaşları olanadək taksi kimi işlədilə biləcək. Həmin tarixdən yaşı 8-dən çox olan avtomobillərə taksi kimi fəaliyyət göstərmək üçün buraxılış kartı verilməyəcək. Çünki qanunvericiliyə görə, taksilər üçün buraxılış kartı 7 il müddətinə verilir. 8 yaşdan çox olanlara verilərsə, bu, 15 illik son tarixi keçmiş olar.
Bundan başqa, iyulun 1-dən etibarən taksi sürücüsü işləmək istəyənlərdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sürücülük təlimindən keçmələrinə dair şəhadətnamə, avtomobilləri üçün buraxılış vəsiqəsi və buraxılış kartı da tələb olunacaq. Buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” Qanuna əsasən, buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
Taksi sürücülərinin almalı olduğu şəhadətnaməyə gəldikdə, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobili sürücüləri etik davranış qaydaları və avtomobil nəqliyyatı ilə sərnişin daşınmanı tənzimləyən hüquqi aktlara dair xüsusi təlim keçməlidir. Bu təlimlərdə sürücülərə etik davranış qaydaları, sürücü-sərnişin münasibətləri, ilk tibbi yardım, normativ hüquqi aktlar, şəhərin tanınması, maşında nələrin olması, necə idarə olunmasına dair və digər bu kimi məlumatlar öyrədilir. AYNA-da keçirilən bu təlim ödənişlidir və qiyməti 76 azn müəyyənləşdirilib.
Bəs yeni tələblər taksi bazarına necə təsir edəcək? Sürücülər yeni qərardan razıdırmı?
Məsələni daha yaxından araşıdrmaq üçün Bakıda taksi xidməti ilə məşğul olan sürücülərin rəyini öyrənməyə çalşdıq. Qəzetimizə danışan taksi sürücüsü Bünyad Cəfərov qeyd etdi ki, yeni tələblər taksi bazarına çox mənfi təsir göstərəcək, xeyli sayda sürücü işsiz qalacaq: “Tələblərə əsasən 15 yaşı olan avtomobillər artıq taksi kimi fəaliyyət göstərə bilməyəcək. Belə düşünürəm ki, hökumət yəqin ki, öz maşınlarını təklif edəcək ki, onu alaq. Təklif olunan maşını alıb, pulunu verənə qədər həmin avtomobil pis vəziyyətə düşəcək, satdığı maşınından da pis olacaq. Deyirlər maşına kamera da qoyulmalıdır. Bu tələblər taksi bazarına çox mənfi təsir edəcək.
Yeni maşın almağa çox adamın imkanı olmayacaq. Pulu olan niyə taksi sürücüsü işləsin ki. Səhər tezdən dayanmışam, artıq günortadan keçir, cəmi 6 manat qazanmışam. Bildiyiniz kimi, indi taksilər bəzən 2-3 manata işləyir. Uzaq yol 5 manat edir. İndi bu 6 manatla mən nə edim? Benzin pulu verim, ailəyə aparım, ya maşının təmirinə, ödənişinə verim? İyulun 1-dən sonra vəziyyət daha da pis olacaq".
Taksi sürücüsü Nəsib Hüseynəliyev isə qeyd edir ki, gümüşü rəngli avtomobilini yaxın vaxtlarda alıb, rənglə bağlı qoyulan tələb isə onu çətin vəziyyətdə qoyub: “İndi gedib ağ rəngli maşını haradan alım? Bunu satsam da problem olacaq, çünki aşağı qiymətə satılacaq.
Ümumiyyətlə, yeni qaydalar çox sərtdir. Belə görünür ki, bu qaydalarla işləyə bilməyəcəyik. Taksi sürücülərinin 80 faizi ac qalacaq".
Avtomobilinin buraxılış ili 25 il olan Mustafayev Səid də deyir ki, yeni tələblərlə taksi sürücüsü kimi fəaliyyət göstərə bilməyəcək: “Heç nə, süpürgəm artıq hazırdır, yəqin ki, süpürgəçi işləyəcəm. İyulun 1-dən sonra başımıza çarə tapmalıyıq”.
Sürücü Yaqub İsmayılov isə şəhadətnamə, avtomobillər üçün buraxılış vəsiqəsi və buraxılış kartı tələbinin yersiz olduğunu düşünür: “Bununla bağlı böyük rüsumlar qoyulub. İndi bu qədər pulu necə tapaq? Bir də ki, 30 ilin taksi sürücüsüyəm, indi gedib dərs almalıyam? Belə düşünürəm ki, bu cür tələblər yersizdir”.
Gənc taksi sürücüsü Alxas Quliyev isə deyir ki, yeni qərar qəbul edərkən, taksi sürücülərinin rəyi, fikri nəzərə alınmayıb ki, bu da ciddi çətinliklər yaradır: “Bizdən "Avro-5" standartı tələb olunur. Bizim avtomobilimizin heç benzini “Avro-5" standartı deyil. Biz axı hansısa Avropa ölkəsində yaşamırıq. Azərbaycanda yaşayırıq və ailəmizə gündəlik 10-15 manat çörəkpulu aparırıq. Tələblər belə olarsa işləyə bilməyəcəyik. Heç olmasahökumət işsiz qalacaq sürücüləri hansısa işlə təmin etsin”.
Qeyd edək ki, bəzi ekspertlər də bildirir ki, taksi xidməti ilə bağlı yeni tələblər bir çox taksi sürücülərini işsiz qoyacaq, həmçinin qiymət artımına səbəb olacaq.
Xalidə GƏRAY,
Fotolar müəllifindir
“Yeni Müsavat”