Yeni Qafqaz savaşının qorxunc şifrələri: Fransa-Almaniya ortaqlığı regionu “barıt çəlləyi”nə çevirir

Fransa prezidenti Emmanuel Makron bir müddət öncə etiraf etmişdi ki, Azərbaycana qarşı təkbaşına mübarizə aparmağa gücü çatmayıb, ona görə də, rəsmi Bakının üzərinə birbaşa və açıq siyasi hücuma risk etməyib... Ancaq sonradan rəsmi Paris Azərbaycan əleyhinə ortaq fəaliyyət göstərmək üçün Fransaya müttəfiq axtarışına çıxıb, nəticədə prezident Emmanuel Makron Almaniya kansleri Olaf Şolts ilə anlaşmağa nail olub...

Cənubi Qafqaz “minalanmış məkana” çevrilməkdədir. Belə ki, Azərbaycanın Qarabağ regionu son 30 il ərzində Ermənistan tərəfindən davamlı olaraq, minalanıb. Üstəlik, rəsmi İrəvan minalanmış zonaların dəqiq xəritələrini də Azərbaycana təqdim etməkdən müxtəlif bəhanələrlə və israrla yayınır. Bu isə o deməkdir ki, Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalar olmasa da, rəsmi İrəvan ölkəmizə qarşı “mina terroru” ilə müharibəni davam etdirir. Və Qərb siyasi dairələri bu dəhşətli hərbi cinayətə göz yummaqla yanaşı, üstəlik, Ermənistanı beynəlxalq səviyyədə müdafiə də edirlər.

Təbii ki, mövcud situasiyanın, xüsusilə də, Azərbaycana qarşı beynəlxalq ədalətsizliklərin arxasında məhz Ermənistanın “böyük bacısı” Fransa dayanır. Rəsmi Paris Fransanın geopolitik maraqlarına nail olmaq üçün Cənubi Qafqazda yeni “düşmənçilik minaları” yerləşdirir. İndi Fransa yalnız Azərbaycana deyil, həm də bütövlükdə regiona qarşı açıq düşmənçilik fəaliyyəti göstərir. Və bu, rəsmi Parisin son dövrlərdə açıq müstəviyə keçirilmiş ermənipərəst mövqeyində ifadə olunur.

Fransa hazırda birmənalı şəkildə Azərbaycana qarşı düşmənçilik siyasəti yürütməkdədir. Rəsmi Paris bu düşmənçiliyi beynəlxalq məkanda Fransanın siyasi resursları və təsir mexaniznləri üzərindən aparır. Cənubi Qafqazda isə rəsmi Paris Fransanın “geopolitik proksi aləti” olan Ermənistandan istifadə edir. Ona görə də, indi Ermənistan müəyyən mənada, Fransanın regional for-postuna çevrilmiş durumdadır. Və rəsmi İrəvan Ermənistanın maraqları çərçivəsində müstəqil siyasət yürütmək iradəsindən məhrum qaldıqca, bu durumun dəyişmə ehtimalı real görünmür.

sholts-makaron-pasik.JPG (58 KB)

Fransa prezidenti Emmanuel Makron bir müddət öncə etiraf etmişdi ki, Azərbaycana qarşı təkbaşına mübarizə aparmağa gücü çatmayıb. Ona görə də, rəsmi Bakının üzərinə birbaşa və açıq siyasi hücuma risk etməyib. Ancaq sonradan Azərbaycan əleyhinə ortaq fəaliyyət göstərmək üçün Fransaya müttəfiq axtarışına çıxıb. Nəticədə prezident Emmanuel Makron Almaniya kansleri Olaf Şolts ilə anlaşmağa nail olub. Və indi rəsmi Paris Azərbaycana qarşı daha inadkarlıqla fəaliyyət göstərir.

Məsələ ondadır ki, rəsmi Parisin Azərbaycana qarşı total siyasi hücumu məhz Fransa-Almaniya anlaşmasından sonraya təsadüf edir. Ona qədərsə, rəsmi Parisin beynəlxalq qurumlarda Azərbaycana qarşı bütün addımları böyük ölçüdə iflasa uğrayırdı. Ancaq Almaniya kansleri Olaf Şoltsla anlaşmadan sonra prezident Emmanuel Makron nəhayət ki, Azərbaycan və Ermənistan sülh prosesi üzrə “Qranada görüşü”nə qatılmağa nail oldu. Halbuki, rəsmi Bakının həmin “görüşü” baykot etməsi prezident Emmanuel Makronun bu “uğur”unu da heçə endirdi.

Digər tərəfdən, Almaniyanın dəstəyindən sonra Fransa Ermənistana silah göndərməyə cəsarət etdi. Gürcüstanı da Avropa Birliyinin təzyiqləri ilə Ermənistanın silahlandırılması prosesində “tranzit aləti”nə çevirdi. Ancaq rəsmi Parisin bu addımı da Azərbaycanı qorxutmadı. Əksinə, rəsmi Bakı bir tərəfdən Fransanın müstəmləçilik siyasətini və Afrikada törətdiyi soyqırımları yenidən beynəlxalq gündəmə gətirməklə, cavab verdi. Digər tərəfdənsə, Fransanın Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqazda fəaliyyət göstərən casus şəbəkəsini ifşa etdi. Və bununla da Fransanın beynəlxalq imicinə ardıcıl sarsıdıcı zərbələr vurmağı bacardı.

Makron-Eliyev--900x484.jpg (60 KB)

Ancaq Fransa Azərbaycanla qarşıdurmanı davam etdirməkdə israrlıdır. Belə ki, hazırda rəsmi Paris Fransanın Avropa qurumlarına təsir mexanizmlərini tam gücü ilə hərəkətə gətirərək, Azərbaycana qarşı ittihamların irəli sürülməsinə, qərəzli sənədlərin qəbul olunmasına cəhd göstərir. AŞPA-da Fransa və Almaniyanın ortaq şəkildə Azərbaycan əleyhinə işə salınan son məkrli ssenarilər buna bariz nümunədir. Yəni, Fransa-Almaniya ortaqlığı birbaşa Azərbaycanı hədəfə alıb.

Bu baxımdan, fransız və alman hərbi casuslarından ibarət Avropa Birliyinin mülki müşahidə missiyası adı altında Azərbaycanın Ermənistanla sərhəd bölgələrində kəşfiyyat məlumatlarının toplanmaqda olması da artıq inkaredilməz reallıqdır. Üstəlik, bir neçə gün öncə kəşfiyyat məqsədilə Azərbaycan ərazisinə sızmağa çalışan Çexiya vətəndaşının həbs olunması da Ermənistanda yeni savaş hazırlığının olmasından xəbər verir.

Məsələ ondadır ki, çexiyalı casus Ermənistan ordusunun postlarından və minalanmış ərazilərdən heç bir problemlə üzləşmədən keçməyi bacarıb. Ona görə də, hesab etmək olar ki, böyük ehtimalla çexiyalı casusu Azərbaycan sərhədlərinə qədər erməni hərbçilər müşayiət ediblər. Üstəlik, Çexiyanın Ermənistandakı səfirinin bu məsələ ilə bağlı açıqlaması da müəmmalıdır və müəyyən şübhələr doğurur. Çünki çexiyalı səfir bir çox cavabsız sualların olmasına baxmayaraq, yalnız Azərbaycanın həbs etdiyi Çexiya vətəndaşının Avropa Birliyinin mülki müşahidə missiyasına heç bir aidiyyatının olmadığını vurğulamaqla, kifayətlənib.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Buradan belə nəticə çıxartmaq olar ki, həbs edilən Çexiya casusu məhz Avropa Birliyinin mülki müşahidə missiyası üçün kəşfiyyat məlumatları toplamaq üçün Azərbaycana göndərilib. Böyük ehtimalla fransız və ya alman kəşfiyyatçı göndərməkdən ehtiyat etdiklərindən, iz azdırmaq üçün çexiyalı casusdan istifadə edilib. Və bu məqamda Fransanın Ermənistanı yeni savaşa hazırlamasından xəbər verir.

Nəhayət, onu da nəzərə almaq lazımdır ki, Fransa Ermənistanın silahlandırılması prosesini də sürətləndirib. Fransa ordusunun yüksəkrütbəli zabitlərinin Ermənistana səfərləri isə intensivləşib. Üstəlik, Fransanın hazırladığı plan üzrə Ermənistan ordusunun Azərbaycana hücum edəcəyi barədə də məlumatlar yayılmağa başlayıb. Eyni zamanda, Ermənistanın hücumunun Cermux istiqamətindən olacağı barədə də məlumatlar mövcuddur. Hətta Ermənistanın Azərbaycanla sərhəd bölgəsinin tez-tələsik boşaldılmaqda olduğu da bildirilir.   

Görünən odur ki, Fransanın Ermənistanı yeni savaşa hazırlaması ilə bağlı proses artıq yekun mərhələyə keçib. ABŞ-ın Ermənistandakı səfirliyinin öz ölkəsinin vətəndaşlarını Azərbaycanla sərhəd bölgələrinə səfərdən imtinaya çağırması da məkrli planların işə salındığını göstərir. Hər halda, bütün bu müşahidə olunan məqamlar əslində, məhz Fransanın Ermənistanı Azərbaycanla yeni savaşa təhrik etməsinin şifrələri də hesab oluna bilər. Və bu baxımdan, Fransanın öz “geopolitik proxsi aləti” Ermənistan vasitəsilə Cənubi Qafqazı yenidən “barıt çəlləyi”nə çevirmək niyyəti artıq ifşa olunmuş kimi görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

06.02.2024 19:01
2613