Ekspertə görə, rüşvətlə bağlı faktı quruma bildirən şəxsin anonimliyi qorunmalı, ondan sübut tələb edilməməlidir
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıb.
İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Həbs olunan sabiq məmurlar demək olar ki, eyni maddələrlə ittiham edilirlər: mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət əmlakını talama və s.
İcra başçılarının 2021-ci ildəki səs-küylü həbsləri cəmiyyətdə korrupsiyaya qarşı mübarizədə müəyyən ümidlər yaratsa da, sonrakı proseslər göstərdi ki, korrupsiya cinayətləri azalmır. Son 6-7 ildə MTN-dəki həbslər dədaxil, korrupsiya cinayətlərinin sayında ciddi dəyişikliklərə gətirib çıxarmadığını göstərir. Yenə də bəzi məmurlar dövlət vəsaitlərini talamaqdan vaz keçmir. Səbəb nədir? Niyə Azərbaycanda bunun qarşısı alına bilmir?
Vüsalə Əhmədova
Beynəlxalq hüquq üzrə ekspert Vüsalə Əhmədova dedi ki, korrupsiya ilə mübarizə aparmaq üçün ilk öncə daxili resursları səfərbər etmək lazımdır: “Korrupsiyanı tətikləyən faktorları müəyyən etmək, sonra isə effektiv mübarizə metodları yaratmaq lazımdır. "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunda göstərilir ki, vəzifəli şəxslər öz gəlirləri, əmlakları, kredit təşkilatlarındakı maliyyə vəsaitləri, təsərrüfat subyektlərindəki mülkiyyət payları barədə məlumatları mütəmadi vergi orqanlarına təqdim etməlidirlər. Hətta vəzifəli şəxslərin bir il ərzində ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul etmələri qanuna zidd sayılır. Bütün korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Ancaq qanunun kifayət qədər icra olunduğunu söyləyə bilərikmi? Xeyr. Çünki düzgün qurulmuş icra və nəzarət mexanizmi yoxdur.
Korrupsiyaya qarşı mübarizə aparan ən əsas qurum Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsidir. Korrupsiyanın qarşısının alınmasında qurumun ixtisaslaşmış orqanı isə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyadır. “BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının” (UNCAC) 6-cı maddəsinin 2-ci bəndində deyilir ki, dövlət, korrupsiyaya qarşı mübarizə aparan qurumlara, öz funksiyalarını səmərəli və əsassız təsir olmadan yerinə yetirmələri üçün zəruri muxtariyyət verməlidir. İcra və məhkəmə hakimiyyətlərinin təsiri altında fəaliyyət göstərən qurumdan tam anlamda ədalət gözləmək çətindir. Bundan əlavə, “BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının” 13-cü maddəsində də deyildiyi kimi, dövlət sektorundan kənar şəxslərin və qrupların rüşvətlə mübarizəyə aktiv qoşulması təşviq edilməlidir. Vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, yerli icma təşkilatlarının korrupsiya ilə mübarizə aparmaları, rüşvət halları ilə bağlı ictimaiyyəti məlumatlandırmaları üçün şərait yaradılmalıdır. Xüsusilə də rüşvətlə bağlı məlumatı araşdırmaq, almaq, dərc etmək və yaymaq azadlığı təmin olunmalıdır. Rüşvətlə bağlı hər hansı bir faktı müvafiq quruma bildirən şəxsdən sübut tələb etməyə ehtiyac yoxdur. Əksinə, həmin şəxsin anonimliyi qorunaraq, qurumun dərhal fəaliyyətə keçməli faktı araşdırmalıdır".
Ekspert əlavə edib ki, rüşvətlə mübarizədə vətəndaş cəmiyyətinin rolu çox böyükdür: “Vətəndaşlar öz istək, tələb və ya şikayətlərini Prezident Kommunikasiya Mərkəzi vasitəsilə birbaşa PA-ya ünvanlaya bilirlər. Bu zaman şəxsiyyət vəsiqəsinin eyniləşdirmə nömrəsini, ad-soyad və ünvan məlumatlarını tam və dəqiq portala daxil etmələri tələb olunur. Qeyd edim ki, edilən müraciətlərin hər biri mütləq şəkildə cavablandırılır.
Ölkə üzrə elektron sənədləşmələrin və ya ödəmələrin geniş tətbiq olunmaması korrupsiyaya münbit şərait yaradan digər mənfi hallardır. Hər zaman qeyd etmişəm, korrupsiya yalnız ölkədaxili resurslarla mübarizə aparılacaq məhdud problem deyil, beynəlxalq həll tələb edir. Bununla əlaqədar olaraq, Avropa Şurası dövlət və özəl sektorda korrupsiya hallarının cəzalandırılması, korrupsiya nəticəsində dəymiş ziyana görə məsuliyyət və kompensasiya, dövlət məmurlarının administrasiyası və siyasi partiyaların maliyyələşdirilməsi kimi məsələlərlə bağlı bir sıra aktual sənədlər qəbul edib. Korrupsiya və ya rüşvət bir insan hüquqları pozuntusudur. Məsələn, polis zorakılığı ilə bağlı şikayətlərdə Avropa İnsan Hüquqları Məhkəməsi dövlətdən bu cür hadisələrdən sonra araşdırma və təqiblərə başlamağı tələb edir. Həmçinin də hakimiyyət orqanlarında geniş yayılmış korrupsiya və ya rüşvət halları da vətəndaşların çox sayda insan hüquqlarına (AİHK-da qeyd olunan) təhlükə yaradır. Buna görə də dövlətin tam hərəkətsizliyi və ya açıq-aşkar antikorrupsiya tədbirləri görməməsi, dövlətin beynəlxalq hüquq çərçivəsində insan hüquqlarının pozulmasının qarşısının alınması və qorunması üzrə öhdəliklərini yerinə yetirməməsinə görə məsuliyyətinə səbəb ola bilər.
O cümlədən korrupsiya ilə bağlı beynəlxalq qurumların hesabatları və tövsiyələri, beynəlxalq konvensiyaların tələbləri də nəzərə alınmalıdır.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”