Yeni “kurortlar naziri” BU ŞƏXS OLDU - Nələr DƏYİŞƏCƏK?

Mütəxəssislər hesab edir ki, qapalı səhmdar cəmiyyətlərin böyüməsi əsas şərt deyil, əsas nəticədir; ekspert: “Şəffaflıq olacaqsa...”

Azərbaycanda bir sıra sanatoriyalar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) məxsus “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə qoşulub. Bununla bağlı müvafiq qərar qəbul olunub.

“Abşeron” mədə-bağırsaq, “Bilgəh” kardioloji, “Qaranquş” uroloji, “Günəşli” nevroloji, “Şıx”, “Naftalan”, “Pirşağı”, “Xəzər”, “Şəki İstirahət Mərkəzi”, “Hacıkənd” İstirahət Evi, “Avtonəqliyyat” müəssisəsi, “Azərbkurorttikintitəmir” Birliyi, “Azərkurortlayihə”, Azərbminsugeokaptaj" respublika ekspedisiyası, “Kurort” Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və “Miras” Məhdud Məsuliyyətli Cəmiyyəti “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin balansına verilib.

“Kurort” Səhmdar Cəmiyyəti 1992-ci ildə yaradılıb. Bu vaxtadək cəmiyyətin tabeliyində  “Bilgəh” kardioloji, "Abşeron" mədə-bağırsaq, “Qaranquş” böyrək, “Günəşli” əsəb sistemi, “Şıx” oynaq xəstəliklərini müalicə edən sanatoriyalar və müxtəlif xəstəlikləri müalicə edən “Naftalan” sanatoriya-kurortları vardı.

“Kurort” QSC-nin prezidenti AHİK-nın sədr müavini Əbil Ağasiyevdir. Əbil Ağasiyev 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra “Naftalan” Kurort Birliyində həkim və şöbə müdiri vəzifələrində işləyib. 1986-cı il tarixdən “Qaranquş” sanatoriyasında şöbə müdiri, 1987-ci ildən isə baş həkim vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayında “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti seçilib. 

2018-ci ildən AHİK sədrinin müavini vəzifəsində işləyir. Kurortların bir əldə mərkəzləşməsi nəyi dəyişəcək? Bəs dəyişikliklər qiymətlərə də təsir edəcəkmi? 

Qeyd edək ki, Azərbaycanda sanatoriya-kurort şəbəkəsinin inkişafı 1930-cu ildən başlayır. Sovetin vaxtında respublikada 20-yə yaxın sanatoriya və kurort fəaliyyət göstərib. Həmin şəfa ocaqlarının bəziləri ("Naftalan", "İstisu", "Şuşa", "Bilgəh") öz əhəmiyyətinə görə bütün keçmiş SSRİ məkanında məşhur müalicə-istirahət obyektləri sırasında olub. Azərbaycandakı sanatoriya-kurort sistemi vaxtilə hər il 100 mindən çox adama xidmət göstərirdi. Son illərdə isə insanlar sanatoriyalarda xidmətin baha olması səbəbindən orada müalicə ala bilməmələrindən şikayətçidirlər. Yalnız imtiyazlı şəxslər xüsusi göndərişi təqdim etməklə kurort-sanatoriyalarda ödənişsiz dincələ bilirlər.

Lalə Mehralı: “Bu, uşaqları istismar etmək deməkdir”

Lalə Mehralı 

Sosioloq Lalə Mehralı qeyd edir ki, sanatoriyalarda müalicə kursu keçmək, dincəlmək istəyən vətəndaşlar üçün imkanlar mövcuddur: “Lakin qiymətlər hamı üçün əlçatan deyil. Misal üçün, "Qaranquş" uroloji sanatoriyasında 15 təqvim günü müddətində davam edən kurs üzrə yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxil olmaqla 2 nəfərlik otaqda adambaşına düşən ödəniş 1484 manatdır. 1 nəfərlik otaqlardakı müvafiq qiymət 1211 manatdır.

“Abşeron” mədə-bağırsaq sanatoriyasında isə 15 təqvim günü müddətində davam edən kurs üzrə yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxil olmaqla, adambaşına düşən təqribi ödənişlər də kifayət qədər yüksəkdir. Əgər  15 gün sanatoriyada qalaraq müalicə olunmaq istəsəniz 2 nəfərlik otaqda 1 nəfər üçün ödəyəcəyiniz məbləğ 1176 manat olacaq. 1 nəfərlik lüks otaqda qalmaq üçün 1399 manat tələb olunur. 2 çarpayılıq ailəvi otaq üçün 2500 manat tələb olunur. “Naftalan” sanatoriyası 1 nəfərlik standart otaqda qalmaq və müalicənin 1 həftəlik paketi 1 nəfər üçün 294 manatdır. Otaqda tam şərait, gündə 3 dəfə qidalanma, müalicəyə başlamadan öncə check up və ilkin tibb paketi, o cümlədən Naftalan nefti ilə müalicə və fizioterapiya prosedurları qiymətə daxildir. 2 nəfərlik standart otağın qiyməti eyni prosedur və qidalanma üçün 1 nəfərə 252, 2 nəfərlik 2 otağın qiyməti isə 1 nəfər üçün 686 manatdır. 1 nəfərlik lüks otağın qiyməti 413 manat, 2 nəfərlik lüks otaqda 1 nəfər üçün qiymət 308 manatdır. Bu qiymətlər ən azı 1 həftə qalmaq şərti ilə qüvvədədir. “Bilgəh” sanatoriyasında isə müalicə almağa gələn yerli və xarici vətəndaşlar arasında maraqlı fərq müşahidə olunur. Sanatoriya yerli vətəndaşlara “hörmət” edərək qiymətləri bahalandırır, xarici vətəndaşlar üçün isə ucuzlaşdırır. 2 nəfərlik lüks otaqda 1 nəfər üçün ödəniş yerli vətəndaşlar üçün 1274 manat, xarici vətəndaş üçün 975 manatdır. 1 nəfərlik lüks otaqların qiyməti yerli vətəndaşlar üçün 1334, xaricilər üçün 1110 manatdır. Xarici vətəndaşlar üçün təyin olunan qiymət mövsüm üzrədir. “Şıx” sanatoriyasında 15 təqvim günü müddətində davam edən kurs üzrə yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxil olmaqla 2 nəfərlik otaqda bir nəfər üçün tələb olunan qiymət 1115 manatdır. Əgər otaq dəniz mənzərəlidirsə o zaman bu məbləğ adambaşına 1165 manat olacaq. “Günəşli” nevroloji sanatoriyasında 15 təqvim günü müddətində davam edən kurs üzrə yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxil olmaqla 2 yerli VİP otaqda adambaşına düşən ödəniş 1116 manat, 1 nəfərlik otaqda 1294, 2 yerli otaqlarda adambaşına 881 manatdır".

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq - AZƏRTAC

 Eyyub Kərimli 

İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”la fikrini bölüşüb: “Şəxsi mülahizəmə əsasən deyə bilərəm ki, qapalı səhmdar cəmiyyətlərinin böyüməsi məqsədəuyğun deyil. Çünki təcrübə göstərir ki, qapalı səhmdar cəmiyyətləri dövlətə məxsusdur. Bunlar böyüdükcə elə bir səmərəli idarəçilik müşahidə edilmir. Çox zaman zərərlə, gəliri olmadan fəaliyyət göstərir. Daha çox büdcədən dotasiya əldə edirlər. Bazar iqtisadiyyatının inkişafını təmin etmək üçün qapalı səhmdar cəmiyyətlərinə daxil olan istirahət mərkəzləri özəlləşdirilməlidir. Bundan sonra onlar daha yaxşı fəaliyyət göstərə bilər, fayda verə, rentabelli ola bilər. Onların xidmət imkanları artırıla bilər, xidmətin keyfiyyəti yüksələ bilər. Çünki istirahət mərkəzlərinin fəaliyyəti sahəsində böyük rəqabət var. Gələcəkdə turizm imkanlarının genişləndirilməsi nöqteyi-nəzərindən əksinə, bu cür turizm müəssisələrini özəlləşdirilərək fəaliyyət göstərməsi onların inkişafını daha da genişləndirər. Həmin müəssisələrin özəlləşdirilməsi onların rentabelliyini artıracaq və büdcədən asılılığını azaldacaq. Bu da həmin müəssisələrin büdcədən vəsaitin ayrılmasının da qarşısını alacaq. Bu idarəetmədə səmərəlilik, şəffaflıq və yeniliyə səbəb ola bilər. Çünki bununla həmin sahəyə əlavə investisiya qoyulmasına şərait yaradılır. Bu baxımdan, həmin müəssisələr özəlləşdirilsəydi, faydalı yanaşma olardı”.

Pensiya yaşının artırılması tələsik addım idi, indi...” – Xalid Kərimli

Xalid Kərimli 

İqtisadçı Xalid Kərimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb. O deyib ki, əvvəllər də bu sanatoriyalar AHİK-in tabeliyində idi, indi də onu AHİK-in strukturunda olan səhmdar cəmiyyətin tabeliyinə veriblər: “Yəni idarəetmə strukturunda dəyişiklik ediblər. Strukturun dəyişməsi avtomatik hər məsələdə dəyişiklik edilməsi demək deyil.  Struktur dəyişəndən sonra həyata keçiriləcək tədbirlərdən, nə planları var, onların reallaşmasından hər şey asılıdır. Ola bilər bu dəyişiklik ixtisarlara gətirib çıxarsın. Yeni rəhbərlik qəbul olunmuş qərarlarda sinxronluğu təmin etməyə, qərarların vaxtında icrasına çalışmalıdır. Bütün bu dəyişikliklər birbaşa nəticələrin necə ortaya qoyulmasından asılı olacaq. Təkcə struktur dəyişikliyi ilə məsələ həllini tapmır. Yoxsa ölkəmizdə heç bir problem olmazdı. Baxırsan, nazirlikləri birləşdirirlər, ayırırlar, agentliklər yaradırlar, amma problemlər yenə qalır. Baxır struktur dəyişikliyi həyata keçirən şəxsin ideyalarına və bundan sonra həyata keçirəcək tədbirlərə. Amma ümumi şəkildə strukturların sadələşdirilməsi, qərar qəbulu zamanı koordinasiyalı qərarların qəbulu idarəetmədə effektivliyi artıra bilər”.

 Afaq MİRAYİQ,
“Yeni Müsavat”

09.10.2024 09:23
8340