Yeni dövrün Azərbaycan gəncliyi - onlardan nə gözləyək?

Elçin Mirzəbəyli: “Müasir və gələcəyin gəncliyinin bizdən üstün cəhəti ondan ibarətdir ki...”

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox mövzulara aydınlıq gətirdi. Qarabağın işğaldan azad edilməsi, suverenliyimizin tam bərpa olunması ilə bağlı danışan ölkə başçısının çıxışında yaddaqalan məqamlardan biri yeni dövrlə bağlı səsləndirdiyi fikirlər idi: 

“Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”. 

Ölkə başçısı həmçinin bildirib: “Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır. Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”.

Sözsüz ki, yeni reallıqlar cəmiyyətin bütün kateqoriyalarının üzərinə böyük məsuliyyət qoyur. Gənclərin proseslərdə iştirakı isə həm də gələcək üçün önəmlidir. Odur ki, gəncliyin hazırlıqlı olmasına diqqət yetirilməlidir. 

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

Elçin Mirzəbəyli 

Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında yeni dövrdə Azərbaycan gəncliyinin rolunu bu cür dəyərləndirdi: “Müasir Azərbaycan gəncliyi həm 44 günlük müharibədə, həm də ölkəmizin suverenliyinin tam bərpası prosesinin yekun mərhələsi olan lokal antiterror tədbirləri zamanı Vətənə olan sevgi və sədaqətlərinin nəhayətsizliyini qanıyla, canıyla təsdiqləyib. Məhz bu səbəbdən də bu günün və gələcəyin gəncliyinin necə olacağı barədə xüsusi cizgi və sərhədlər müəyyənləşdirilməsinə ehtiyac görmürəm. Gəncliyin nümunə götürəcəyi gerçək qəhrəmanlar gözümüzün önündədir və həmin qəhrəmanları onlara yaxından tanıtmaq, obrazlarını bədiiləşdirmək və tarixə yazmaq lazımdır. Təbii ki, burada başqa aspektlər də var. İndi Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyinin bərpası naminə fədakarlıq göstərən qəhrəmanların əzmi, iradəsi, torpağa, el-obaya bağlılığı özünü Azərbaycanın inkişafında büruzə verməlidir. Bunun üçün isə yüksək təhsil almaq, rəqabətə davamlı, peşəkar kadrlar kimi formalaşmaq, müasir texnologiyaları mənimsəmək və bütün bunları həm fərd, həm də bir azərbaycanlı olaraq, özünün, Vətəninin inkişafı üçün tətbiq etmək lazımdır. İndi qarşımızda dayanan əsas vəzifələrdən biri gəncliyin özəl sektora üz tutması üçün stimullaşdırıcı addımlar atmaq, ölkənin inkişafına hərtərəfli töhfə verəcək milli sahibkarlar təbəqəsinin - milli burjuaziyanın formalaşmasına nail olmaq lazımdır. Bu, çox önəmli bir vəzifədir. Bununla paralel olaraq, bütün istiqamətlərdə gəncliyin enerjisi ilə təcrübənin bir araya gətirilməsinin, kollegial idarəçilik formatlarının önə çıxarılmasının tərəfdarıyam. Müasir və gələcəyin gəncliyinin bizdən üstün cəhəti ondan ibarətdir ki, onlar ağır məğlubiyyət mirasından xilas olublar. Zəfər ruhu onların potensiallarının üzə çıxarılması üçün stimullaşdırıcı faktora çevrilməlidir. İndi danışmaq yox, çalışmaq, çalışmaq, çalışmaq lazımdır!”

Yazını hazırladı: Nigar Həsənli

18.01.2024 13:51
947